Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 10:20:00
Dövlət İmtahan Mərkəzi ETS təşkilatının GRE imtahanını keçirmək üçün lisenziya əldə edib

Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən rəsmi kompüter əsaslı test mərkəzində ETS (Educational Testing Service) təşkilatının GRE (Graduate Record Examinations) imtahanını keçirmək üçün lisenziya əldə olunub.

AzEdu.az xəbər verir ki, GRE imtahanı riyazi və verbal məntiq, həmçinin analitik yazı (esse) hissələrindən ibarətdir. Bu imtahan dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.

İmtahana qeydiyyat onlayn şəkildə ETS-in internet səhifəsində yaradılmış şəxsi hesab vasitəsilə DİM-in saytından link vasitəsilə həyata keçirilir. 2020-ci ildə DİM-də GRE imtahanını fevralın 22-də, martın 21-də, aprelin 5-də, mayın 9-da, iyunun 26-da vermək mümkündür.

Xatırladaq ki, DİM ilə ETS arasında imtahanların idarə olunması istiqamətində (o cümlədən TOEFL iBT və SAT imtahanları) əməkdaşlıq 5 ilə yaxındır davam edir. ETS-in GRE imtahanına dair lisenziyanın əldə olunması bu təşkilat ilə əməkdaşlığın yüksək səviyyədə həyata keçirilməsini nümayiş etdirir.

Qeyd edək ki, 1947-ci ildə təsis olunan ETS test və qiymətləndirmə sahəsində dünyanın ən böyük özəl qeyri-kommersiya təhsil təşkilatıdır. ETS əsasən ABŞ-da K-12 və ali təhsil üçün müxtəlif standart testlər tərtib edir, həmçinin 180-dən çox ölkədə TOEFL iBT, TOEIC, GRE, HiSET və Praxis kimi beynəlxalq imtahanları idarə edir.