https://www.zirve.edu.az/
07.02.2020 13:38
“Hazırladığımız resurslar bazarda öz yerini tapır”
Çap et

Rəşad Xanlarov: “Hər hansı yeni texnologiya üzrə mütəxəssis hazırlığı təşkil etməyi qarşımıza məqsəd qoymuşuq”

2019-2020-ci tədris ilindən fəaliyyətə başlayan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilk yarımili uğurla başa vurub, hətta  növbəti tədris ilinə hazırlığa belə başlayıb. 8 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilən bu peşə təhsili müəssisəsində daha bir ixtisasın əsası qoyulur. Mərkəzin direktoru Rəşad Xanlarov “Azərbaycan müəllimi” qəzetinə ölkədə ilk təcrübə olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində imza atmağa hazırlaşdıqları yeniliklərdən danışıb.

 - Koreya standartları Azərbaycana uyğunlaşdırlaraq tətbiq edilir. Yarımillik fəaliyyətin nəticələri nə göstərir: Koreya təhsil standartı ilə peşəkar olmaq asandır, yoxsa daha çətin?

- Bəli, tələbələrimiz Koreya təhsil modeli əsasında təhsil alırlar. Mərkəzdə verilən təhsilin özəlliyi ondadır ki, burada tədrisin 60 faizi praktiki məşğələlərə, 20 faizi texniki-nəzəri biliklərə və yerdə qalan 20 faiz isə baza bloku - ünsiyyət bacarıqları, biznes etikası, texniki ingilis dili, texniki hesab, sahibkarlıq, SƏTƏM, İKT əsaslarına ayrılıb.  Modelin icrasında müşahidə olunan yeganə çətinlik məzmunla bağlıdır. Koreyalı mütəxəssislərin hazırladığı məzmun mürəkkəbliyi ilə fərqlənir. Amma bunun öhdəsindən gəldik. Özü də bunu, sadəcə dərsliklərlə deyil, həm də müəllimlərimizin köməyilə etdik. Metodika, didaktika üzrə təlim kurslarına qatılan müəllimlər hər dərsin təqdimatını hazırlayıblar. Mürəkkəb məzmunun qavranmasına imkan verən sadə üsullarla məqsədimizə çatırıq. Hazırda elektron kitabxanamız hazırlanır və həmin təqdimatlar burada da yerləşdiriləcək.

 - Mənimsəyib-mənimsəmədiklərini necə müəyyənləşdirirsiniz?

- Ümumiyyətlə, təhsilalanların bilik və bacarıqlarının yoxlama prosesi olur. Ancaq tədrisdənkənar da bunu müəyyənləşdirmək imkanlarımız var. Mərkəzə tez-tez özəl sektordan qonaqlar, texniki sahənin mütəxəssisləri, şirkət nümayəndələri  gəlir. Təhsilalanlarla söhbət əsnasında onlara suallar verir və aldıqları cavab əsasında bunu asanlıqla müəyyənləşdirirlər. 

 - Nə qədər sadələşdirilsə belə, məzmunun çətinliyini qeyd etdiniz. Məlumdur ki, peşə təhsili müəssisələrinə qəbul attestatla aparılır. Tədrisi Koreya standartları əsasında təşkil edilən bir Mərkəzdə  təhsilalanların bilik səviyyəsi bu proqramı mənimsəməyə imkan verirmi?

- Ötən il Peşə təhsili üzrə Dövlət Agentliyi ilə razılaşdıraraq qəbul prosesini müsahibə şəklində apardıq. Müsahibələr zamanı bu çətinliyi müşahidə etdik. Təhsil almaq istəyən şəxslərin baza biliklərinin olmadığı həmin müsahibələrdə üzə çıxdı. Seçim prosesi həqiqətən çətin gedirdi. Müraciət edənlərin təhsil almaq istədikləri ixtisaslar barədə informasiyalarının, hətta anlayışın olmadığı üzə çıxdı. Ona görə də, müsahibələr zamanı 8 texniki ixtisasla bağlı məlumat verilir, hər bir texniki ixtisas üzrə namizədin bilik və bacarıqları müəyyənləşdirilirdi. Koreyalı mütəxəssislərlə aydın, ətraflı məlumatlara əsaslanan təbliğat işi apardıq.

 - Yeni tədris ilindən  yeni təhsilalanlar gələcək. Böyük ehtimalla yenə ötənilki təcrübə ilə qarşılaşacaqsınız. Bir çıxış yolu düşünürsünüzmü?  

- Bəli, ötən tədris ilinin təcrübəsini nəzərə alaraq düşünürük ki, bu dəfə də məlumatlı kontingent daha az olacaq. Elələri var ki, nə seçdiyini, harda işləyə biləcəyini bilir. Ancaq onlar çox azdır. Odur ki, ixtisasların təbliğatını aparmaq məqsədilə bəzi addımlar atmağı düşünürük. Qəbul həyata keçirilən ixtisaslar üzrə müəyyən rəy yaratmaq və təhsilalanların həmin ixtisaslar üzrə maraqlarını üzə çıxarmaq məqsədilə sənəd qəbuluna başlamazdan öncə təlimlər təşkil etməyi nəzərdə tuturuq. Mərkəzdə təhsil almaq istəyənlər ixtisasyönümlü  təlimlərimizə qatılaraq, tutaq ki, avtomatika ixtisası üzrə təhsil almaq istəyirsə, PLC sistemi ilə tanış ola biləcək. Bu təlimin sonunda ixtisasla bağlı müəyyən anlayışı olacaq. Təlimdən sonra həmin ixtisas üzrə təhsil alsa, harda işləyə biləcəyini öyrənəcək. Müsahibə vaxtı özünü ifadə etməkdə çətinlik çəkməyəcək və bu mərhələni asanlıqla keçəcək. Ən əsası, təlimlərdə seçmək istədiyi ixtisasın ürəyincə olub-olmadığını öyrənmiş olacaq. Bu dəyərləndirməni mütəxəssislərimiz də aparacaq. Müəllimlərimiz də təhsilalanın potensialını dəyərləndirəcək.

 - Ötən il təhsilalanların potensialı necə qiymətləndirildi?

- Texniki  bilik və bacarıqları müəyyənləşdirmək üçün attestat qiymətlərində texniki fənlərdən olan qiymətləri nəzərə alırıq. Tutaq ki, mexanika ixtisası üzrə təhsil almaq istəyən şəxsin fizika fənni üzrə biliklərinə diqqət yetiririk. Ancaq əsas qərar müsahibələr zamanı verilir. Burada real həyatdan nümunələr gətirərək namizədin qoyulan məsələnin həllini necə gördüyünü, kommunikasiyasını necə qurduğunu, məsələnin həllini tapa bilib-bilmədiyini komissiya qarşısında özünü necə ifadə etməyindən asılı olaraq müəyyənləşdirir, potensialını üzə çıxarırıq. Bu üsuldan yenə istifadə edəcəyik. Bu il də Peşə Təhsili üzrə Dövlət Agentliyinin mərkəzləşdirilmiş elektron qəbul sistemi olacaq. Müraciətlər dəyərləndirilərək texniki fənlər üzrə qiymətləri yaxşı olanlar müsahibələrə dəvət ediləcək. 

 - Növbəti tədris ilinə hazırlıqlar başlanılıb?

- Bəli. Şirkətlərdən rəylərin toplanması prosesinə başlanılıb. Tədris planlarının, burda verilən bilik və bacarıqların bazarda öz əksini tapıb-tapmadığını aydınlaşdırmağa çalışırıq. Bazardakı trendləri nəzərə alaraq, növbəti tədris ilindən Sənaye və İnnovasiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hazırda tədris aparılan 8 ixtisasla yanaşı, “Cyber Security” (Kiber Təhlükəsizlik) ixtisası üzrə kadr hazırlığı  nəzərdə tutulub. CİSCO şirkəti ilə əməkdaşlıq çərçivəsində peşə təhsilində ilk dəfə olaraq fəaliyyətə başlayacaq ixtisas üzrə  tədris planlarının hazırlanmasına başlanılıb. Bu ixtisasa tələbat həddən artıq artıb. Bu tələbi eşidirik və həmin kadrları hazırlamaq niyyətindəyik. Bu istiqamətdə tədris proqramları və modullar tərtib olunub, dərs vəsaiti üzərində iş gedir. 

 - Yeni planlar, yeni ixtisas. İşəqəbul elanı da bununla bağlıdır?

- Əmək bazarında yeni çağırışlara uyğun olaraq kadrların hazırlanması əlavə resurslara tələbat yaradır. Ümumiyyətlə, mühəndis-pedaqoji heyətin artırılmasına ehtiyac indi də hiss edilir. Üstəlik, müşahidələrimizə görə, növbəti tədris ilində təhsilalanların sayı çox olacaq. Artıq elan etdiyimiz kimi, ildə ödənişli və ödənişsiz olmaqla, 1000 nəfərə təhsil vermək imkanımız var. Növbəti tədris ilində qəbulun bu rəqəmə yaxınlaşacağı gözlənilir. Odur ki, işə qəbul elanı  mühəndis-pedaqoji heyətlə bağlı yaranacaq tələbatı ödəmək üçün hazırlıq işləri də sayıla bilər. 

 - Mərkəzə maraq kifayət qədər böyükdür. Ehtimalınızdan çox müraciət olarsa, yəni bu rəqəm nəzərdə tutulan 1000 nəfəri keçərsə, mövcud  mühəndis-pedaqoji heyət və texniki imkanlarla Sənaye və İnnovasiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tələbatı ödəməyə hazırdırmı?

- Biz qarşıdakı artan tələbatı görürük və nəzərə alırıq. Mərkəzin əlavə tədris korpuslarında tədris təşkil edilə bilər. Düşünürəm ki, texniki baza və imkanlarımız ildən-ilə artacağı gözlənilən tələbatı ödəməyə imkan verər. Məhz bu tələbatı ödəyə bilmək üçün  Peşə təhsili üzrə Dövlət Agentliyi və Təhsil Nazirliyi vasitəsi ilə müəllimlərin işə qəbuluna başlamışıq. İlk növbədə sənayedə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Təbii ki, təcrübəsi, biliyi olan şəxslərin xarici dillər üzrə bilik səviyyəsinin olması da verdiyimiz üstünlüklərdəndir. Müsahibələrdən uğurla keçənlərə ilk mərhələdə Koreyada təlimlərə qatılan 24 nəfər metodist-təlimçilər təlim keçəcək və yeni işə qəbul olunanlar növbəti tədris ilindən tədris prosesinə qoşulacaqlar. 

 - Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dövlət-özəl əməkdaşlığında da kifayət qədər uğurlarınızı eşidirik.

- Elədir, dövlət-özəl tərəfdaşlıq körpüsü effektiv qurulur. 25-dən artıq şirkətlə anlaşma memorandumu imzalamışıq. Özəl sektorla əməkdaşlığımızı sürətlə  genişləndiririk. Qurduğumuz əlaqələrin nəticəsidir ki, həmin şirkətlərin mütəxəssisləri həm tədris prosesində yaxından iştirak edir, həm də tədris materiallarına dair rəylər verirlər. Bu yaxınlarda sənaye şirkətlərinin nəzdində  praktiki məşğələlər təşkil edəcəyik. Təhsilalanlar da bu əməkdaşlıqdan yararlanırlar. Tələbələrimiz sənaye prosesini öyrənmək imkanı əldə edir, hər hansı problemi aradan qaldırmağı öyrənirlər. Digər tərəfdən, şirkətlər bizim təhsilalanların profilini onlarla da bölüşməyimizi istəyirlər. Tədris prosesi bitənə yaxın təcrübə proqramından keçmiş tələbələrimiz arasından öz işçilərini seçirlər. Onlar üçün işçi qüvvəsi ola biləcək adları bizimlə də bölüşürlər. Bu prosesi tənzimləmək üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Karyera Mərkəzi fəaliyyət göstərir.

 - Əslində, Mərkəzin texniki imkanları tələbələrinə təcrübə ilə öyrənməyə imkan verir. 

-  Təbii ki, təhsilalanlar Mərkəzdə texniki bilik və bacarıq əldə edirlər. Ancaq şirkətdə, burda öyrəndiklərinin reallıqda necə işlədiyini görmək şansı qazanırlar. Təqdirəlayiq olan odur ki, artıq şirkətlər bu məsələdə tərəddüd etmirlər. Sənaye elə bir sahədir ki, burada yaranan hər hansı problem istehsala  təsir göstərir. Ancaq Peşə Təhsili Mərkəzində verilən bilik və bacarıqları görəndən sonra bizimlə əməkdaşlıqda nəinki tərəddüd edir, əksinə maraqlı olurlar. 

 - Şirkətlər bu əməkdaşlığa nə qədər ciddi yanaşır: göndərilən təcrübəçilərə gətir-götür işləri verir, yoxsa sözün əsl mənasında, öyrədirlər?

- Şirkətlər qəbul etdikləri təhsilalanları öyrətməkdə maraqlıdır. Bu, onların bazarda rəqabətədavamlılığı üçün lazımdır. Məlumdur ki, şirkətlərin müəyyən texniki nailiyyətləri olur.  Tutaq ki, avtomobil üzrə ixtisaslaşmış şirkət  mövcud texnoloji üstünlüyünü qorumaq üçün  kadr hazırlığında maraqlıdır. Çünki bilir ki, onun tətbiq etdiyi yeniliyi başqası öyrədə bilməz. Şirkətlərdən bu fikri tez-tez eşidirəm ki, qapı-qapı düşüb işçi axtarmaqdan yorulublar. Heç bir işçi daim qalmır və onu əvəz edəcək kadrlara ehtiyac yaranır. Bu prosesdən yorulduqlarından  gənc kadrları yetişdirməkdə maraqlıdırlar. Başqa bir məqam. Tanınmış şirkət rəhbərləri də etiraf edirlər ki, hazırlanıb istismara verilən məhsulun satışdan sonra  texniki qulluğunda yaranan problemlər şirkətlərin bazardakı mövqeyində potensial itkiyə gətirib çıxarır. Ona görə də bizimlə əməkdaşlığa üstünlük verirlər ki, bu problemi həll edəcək gənc kadrlar yetişsin. Bu, artıq şirkətlərin nöqteyi-nəzərindən uzunmüddətli yatırımdır. Odur ki, əvvəlcə təhsilalanları bütün istehsal prosesləri üzrə təlimləndirir, bütün strukturunu öyrətdikdən sonra hər kəsin bilik və bacarıqlarına uyğun istiqamətləndirirlər. Son nəticədə bizim rəyimiz və təhsilalanın özünün də istəyi nəzərə alınaraq, qərar verilir. Nəticədə hazırladığımız resurslar bazarda öz yerini tapır.  

 - Mərkəzdə qısamüddətli kursların təşkil edilməsi də artan tələbatın nəticəsidir?

- Əlbəttə. Məsələn, şirkətlərin Mərkəzlə əməkdaşlığı həm də  kvalifikasiya artırılması  ilə bağlıdır. Bəzən resurslarını itirmək istəmir, ixtisasartırmadan keçirməklə problemi həll edirlər. Bu da normaldır. Çünki sənaye daim inkişafda olan bir sahədir. Yeni texnologiyalar  tətbiq edilir, yeni avadanlıqlar istismara verilir. Daim dəyişən tələbata cavab vermək üçün işçilər texniki təlimlərdən keçməlidirlər. Qısamüddətli kurslar üçün 18-ə yaxın təlim materialları hazırlamışıq. Məqsədimiz odur ki, konkret istiqamətlər üzrə texniki biliklər verək. Həmin kurslar hətta işdən sonrakı saatlarda təşkil olunur ki, işləyən şəxslər rahat qatıla bilsinlər. Maraqlananlara PLC idarəetmə sistemini öyrətmək məqsədi ilə avtomatika ixtisası üzrə  kursa artıq  start vermişik. Bu kursu bitirənlər sənayedə hər hansı avtomatlaşdırılmış qurğunun, avtomatlaşdırılmış proseslərin idarəetməsini effektiv təşkil edə biləcəklər. Başqa kurslar üçün də elanlar vermişik. Yeni qruplarımız  bu yaxınlarda təlimlərə başlayacaqlar.  Məşğulluq idarəsi ilə də əməkdaşlıq çərçivəsində əmək bazarında öz yerini tapa bilməyənlər üçün kurslar elan etmişik. Fevral ayı ərzində iki qrupla iki istiqamət üzrə - veb-dizayner və avtomobil  üzrə kurslarımız başlayacaq. Bu qrupların da sayının artacağı gözlənilir. 

 - Kurslara olan tələbatın səbəbi nədir? 

- Kursların əsası  tədris planlarından götürülür. Burada modul tipli yanaşma var. Biz modulları ayrı-ayrılıqda təklif edirik. Kursa müraciət edən şəxslər bir deyil, bir neçə kurs seçirlər ki, işlədiyi sahə üzrə özünü təkmilləşdirsin, bu istiqamətdə  müəyyən bilik və bacarıqlara sahib olsun. Modulları ayrı-ayrılıqda təlim komponenti olaraq təklif edirik. 

 

- Kurslardan  danışarkən yanvarın 24-dən  etibarən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyətə başlayan “Cisco Şəbəkə Akademiyası”nı da unutmaq olmaz...

- Bəli, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan tələbələri nəzərə aldıq. “Cisco Şəbəkə Akademiyası”  ilə imzalanan anlaşmada şirkətlə məzmunun baza bloka daxil edilməsi, İKT ixtisasında məzmunun əlavə olunması, qısa müddətli kurslar, kiber-təhlükəsizlik ixtisasının formalaşması istiqamətləri üzrə əməkdaşlıq nəzərdə tutulub. Bu əməkdaşlığın tərkib hissəsi olaraq artıq Mərkəzin təhsilalanları informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni texniki biliklər əldə etmək imkanı qazanıblar. “Cisco Şəbəkə Akademiyası”nda dərslər “Cisco” şirkətinin beynəlxalq proqramına əsaslanır və peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən keçirilir. Təlim kurslarında iştirak etməklə tələbələr yeni şəbəkələr, şəbəkə inzibatçılığı, təhlükəsizlik və “bulud” texnologiyaları nəzəriyyələrini öyrənir, təqdim olunan materiallardan, təlimatçının köməyindən, praktiki laboratoriyalarda real və virtual sistemlərdən istifadə edərək, biliklərini artırırlar və rəsmi onlayn resurslarına çıxış imkanı qazanırlar.  Akademiyada “Get connected”, “Introduction to Cyber Security”, “Introduction to IoT”, “IT Essentials”, “Cyber Security Essentials” üzrə təlim kursları təşkil edilir. Həmin istiqamətlər üzrə kurslardan keçən iştirakçılar şəbəkə inzibatçılığı sahəsində başlanğıc və yüksək səviyyəli biliklərə yiyələnəcək, yeni karyera qura və mövcud karyeralarında yüksəlmək imkanı qazanacaqlar. 

 

Müxtəlif istiqamətlər üzrə qısamüddətli kurslarımızın iştirakçıları texniki bilik əldə edərək əmək bazarında özlərinə yeni iş imkanları qazanacaqlar. Bu əməkdaşlıq şəbəkə sistemlərinin hazırlanması, beynəlxalq sertifikatlaşdırma imkanı da yaradacaq. Təhsilalanların həmin kursları bitirdikdən sonra beynəlxalq sertifikat əldə etmək imkanları olacaq. Belə ki, keçiriləcək təlimlər sayəsində tələbələr “Cisco sertifikatlı şəbəkə mütəxəssisi” (CCNA) və ya “Cisco sertifikatlı şəbəkə peşəkarı” (CCNP) statuslarını qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcək və real tədris laboratoriyası üzərində praktiki biliklər qazanacaqlar.  Beynəlxalq imtahanlar ödənişlidir və  bizim Mərkəzdə kurs keçənlərə ödənişdə güzəştlər nəzərdə tutulub. Nəzərdə tutmuşuq ki, müdavimlərimiz ödənişin yarısı, hətta bəlkə daha çox məbləğdə güzəşt əldə etsinlər. 

 - Cisco-dan sonra sıra hansı şirkətdir? 

- Mərkəzimizdə “Huawei” şirkəti ilə əməkdaşlıq çərçivəsində də şəbəkə akademiyası  açılacaq. Spesifik məzmunu olacaq. Burada həm texnoloji baxımdan - “Huawei” avadanlığı üzərində təlimlər keçiriləcək. Həmin avadanlıqlar artıq Mərkəzə gətirilib. İlk mərhələdə informasiya-kommunikasiya texnologiyalarını əhatə edəcək kurslar elektronika və başqa ixtisaslar üzrə də açıla bilər. Ümumiyyətlə, əməkdaşlıq etdiyimiz şirkətləri seçərkən əsasən onların profilinə diqqət yetiririk. Əsasən, bir neçə ixtisasa uyğun gələn şirkətlərə üstünlük veririk.

 - Planda başqa nə var? 

- Nəzərdə tuturuq ki, peşə təhsili üzrə beynəlxalq yarışlara qatılaq. Bu yarışlarda ayrı-ayrı ölkələri təmsil edən komandalar müəyyən vaxt ərzində son məhsulunu hazırlayaraq təqdim edir və məhsulun özəlliyini, üstünlüyünü əsaslandırırlar. Hər il keçiriləcək yarışların istiqamətləri müəyyənləşir. Koreyalı mütəxəssislərin köməyi ilə bu yarışlara hazırlaşmağa qərar vermişik.  “World Skills” kimi beynəlxalq yarışlarda Mərkəzimizi təmsil edəcək bir komanda yaradırıq. Artıq hazırlıqlara başlamışıq və çalışırıq ki, məzunlarımız yarışa hazır olsunlar. 

 - Məzunlarınız, yoxsa tələbələriniz?

- Həm tələbələrimiz, həm də məzunlarımız. İndiki təhsilalanların tədris müddəti iyun ayında bitir və məzun olurlar. Biz təhsilalanlarımızla  münasibətlərimizi qısa, 1 illik çərçivədə məhdudlaşdırmırıq. Onlar davamlı olaraq Mərkəzimizə üz tutacaqlar. Məsələn, hazırda fəaliyyətdə olan 8 ixtisasın hamısı biri-biri ilə əlaqəlidir. Ona görə də bir ixtisasda təhsil alan tələbəmiz digər ixtisasın hər hansı istiqaməti üzrə maraqlanır. Hər hansı yeni texnologiya üzrə mütəxəssis hazırlığı təşkil etməyi qarşımıza məqsəd qoymuşuq. Elə bu məqsədimiz məzunlarımızın yolunu yenə  salacaq. 

 - Bu beynəlxalq yarışdan gözləntiniz nədir?

- Peşə sistemi üzrə beynəlxalq reytinqlər beynəlxalq yarışların nəticəsinə görə aparılır. Koreya modelinin seçilməsində də bu yarışların nəticəsi əsas rol oynayıb. Belə ki, Koreyanı təmsil edən komandalar 11 ildir ki,  ilk üçlükdə yer alır. Bu da Koreya peşə sistemi üçün göstəricidir. Bu göstəricini nəzərə alaraq Azərbaycanda Koreya standartının tətbiqi gündəmə gəldi və peşə təhsili sahəsində uğur hekayəsinin ölkəmizdə də əsası qoyuldu. Ona görə istərdik ki, bizim məzunlar da həmin yarışlarda uğur qazansın.(Azərbaycan müəllimi.Ruhiyyə DAŞSALAHLI)


Bu bölməyə aid digər xəbərlər
29.06.2020 | 17:31
25.06.2020 | 12:51
27.05.2020 | 11:12
09.05.2020 | 14:51
27.04.2020 | 15:45
25.04.2020 | 16:00
15.04.2020 | 12:11
04.03.2020 | 12:26
22.02.2020 | 09:49
10.02.2020 | 15:30