Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-04 09:28:00
Bakı Ali Neft Məktəbində Gənclər günü qeyd olunub

 

 Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, BANM-in professor-müəllim heyəti, administrativ heyəti və tələbələri iştirak ediblər.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımov qonaqları salamlayıb və Ali Məktəbin gənclərinin timsalında bütün Azərbaycan gənclərini ürəkdən təbrik edib. Rektor qeyd edib ki, dövlət gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və o gündən sonra hər il Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. O həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət gənclər siyasətinə verdiyi önəm və gənclərə qayğısı nəticəsində bu sahədə xüsusi Dövlət Proqramı həyata keçirilir, bölgələrdə Gənclər Mərkəzi yaradılır, gənclərin dünyaya inteqrasiya etməsinə, təhsilinə, sosial-ictimai fəaliyyətinə hər zaman xüsusi dəstək verilir.

 Bakı Ali Neft Məktəbinin məzunları adından Kimya mühəndisliyi ixtisası üzrə 2019-cu il məzunu,  BP-də proses mühəndisi kimi çalışan Anar Bədəlbəyli tədbirdə çıxış edərək, gəncləri özünəməxsus yaradıcı formada təbrik edib və öz uğur hekayəsini onlarla bölüşüb.

BANM-in Tələbə Gənclər Təşkilatının (TGT) İdarə Heyətinin sədr müavini, Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə Ali Məktəbin tələbələri adından çıxış edərək bütün mühəndis tələbələri Gənclər günü münasibətilə təbrik edib.

Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə “Creative Business Cup” və “Climate Launchpad” müsabiqələrində Azərbaycan ikincisi olmuş, etdiyi ixtiraya görə “İlin ixtirası” adına layiq görülən “Climasel” (asma tavan üçün enerjiyə qənaət edən panellər) startap layihəsinin rəhbəri BANM-in dosenti Əmir Reza Vəxşuri və komanda üzvləri təltif olunublar. Belə ki, Climasel panelləri innovativ yolla kondisionerlərə sərf olunan enerjiyə, həmçinin pula 25% qənaət etmiş olur.

  Tədbirdə həmçinin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkil etdiyi “CanSat  

Azerbaijan - 2019” müsabiqəsində iştirak edərək ali təhsil ocaqları arasında II yeri tutmuş BANM-in “Can of Duty” komandasının üzvləri mükafatlandırılıb.

  Gənclərə həsr olunmuş tədbirdə “İnnovasiya Festivalı” çərçivəsində Gənclər və İdman, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar nazirliklərinin dəstəyi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş III Robot Olimpiadasında iştirak edərək  I yerin  qalibləri, həmçinin Azərbaycanı Macarıstanda keçirilən Dünya Robot Olimpiadasında təmsil etmiş “NAR” komandasının rəhbəri, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri, dosent  Nailə Allahverdiyeva  və komanda üzvləri də  təltif olunublar.

 Bundan əlavə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilmiş  Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində BANM-in  Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) kafedrasının tələbələri “Intrusion Detection System for Apache2 WebServer” layihəsi ilə “Hackathon-2019” müsabiqəsində I yer tutublar. PAM tələbələrinin təqdim etdiyi layihə Ali Məktəbdə “İlin layihəsi” adına layiq görülüb.

 Rektor Elmar Qasımov BANM-in “Kimya mühəndisliyi” ixtisasının V kurs tələbələri Kənan Sadıqov və Sənan Həsənzadəni tələbələr arasında sosial fəaliyyətlərin təşkilində fəallığına görə “İlin tələbəsi” elan edib və onların hər ikisini Ali Məktəbin Təşəkkürnaməsi ilə təltif edib. Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) Bakı Ali Neft Məktəbi bölməsinin prezidenti,  Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Toğrul Tahirov “Ən fəal klub rəhbəri” adına layiq görülərək təltif olunub. BANM-in Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi İnyama Somtoçukvu Çidinma Ali Məktəbdə keçirilmiş tədbirlərdə fəal iştirakına görə əcnəbi tələbələr arasında “İlin ən fəal əcnəbi tələbəsi”, qış imtahanı sessiyasındakı qazandığı uğurlu nəticələrinə görə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Nigar Əhmədova “İlin ən əzmkar tələbəsi” adına layiq görülüb. Qış imtahan sessiyyasının nəticələrinə görə “İlin ən çalışqan əcnəbi tələbəsi” adına  Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Ukaive Stiven Fraydi layiq görülüb.

 BANM tələbələrinin ifasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş “O olmasın, bu olsun” operettasında Məşədi İbad rolunu uğurla ifa etdiyinə görə Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Cavid Məcidov “İlin ən yaxşı aktyoru” elan olunub.

Tədbirdə Ali Məktəbin idman həyatında fəal iştirak etmiş tələbələr də mükafatlandırılıb. Belə ki, 2019/2020-ci tədris ilində BANM-də tələbələr arasında keçirilmiş Futzal turnirində Hazırlıq (Foundation) tələbələrinin “Warriors” (I yer), “13” (II yer), “Mübariz” (III yer) klubları, eləcə də yuxarı kurs tələbələrinin “Vertex F.C” (I yer), “Forza BANM” (II yer), “Gremio C.F” (III yer) klubları fərqlənərək ilk 3 yerin qalibi olublar. Turnir zamanı  26 qol vurmuş Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsi Oqtay Kazımlı Hazırlıq (Foundation) tələbələri arasından, yuxarı kurs tələbələrindən isə 29 qolla Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Malik Babayev “QOL kralı” adına layiq görülüblər. Həmçinin futzal turnirində “Ən yaxşı hücumçu” adını Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Rəşad Ələkbərov, “Ən yaxşı müdafiəçi” adını Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Uğur Paşayev, “Ən yaxşı yarımmüdafiəçi” adını  Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Kənan Qocayev, “Ən yaxşı qapıçı” adını isə Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Vüsal İskəndərov qazanıb.

  2019/2020-ci tədris  ilində BANM-də qızlar arasında keçirilmiş Voleybol turnirində ilk 3 yerin qalibi “ChemBallers” (I yer),  “Max Factor” (II yer) və “NKB” (New kids on the block) (III yer) komandaları olub. Oğlanlar arasında keçirilmiş Voleybol turniri zamanı “Scutoid” (I yer), “Chemystery” (II yer) və “Vertex VC” (III yer) komandaları fərqlənərək qalib olublar.

 2019/2020-ci tədris ilində Ali Məktəbdə tələbələr arasında keçirilmiş Şahmat turnirində ilk 3 yerin qalibi Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Qəhrəman Kazımlı (I yer), magistratura təhsili alan II kurs tələbəsi Nizam Zahidli (II yer) və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Kamal Bağırlı (III yer) olub.

2019/2020-ci tədris ilində Ali Məktəbdə tələbələr arasında keçirilmiş Stolüstü tennis turnirində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs Rafiq Lahıcov (I yer), Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi İman Qurbanlı (II yer) və Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Kənan Qocayev (III yer) fərqlənərək ilk 3 yerin qalibi adına layiq görülüblər.

 2019/2020-ci tədris ilində Ali Məktəbdə keçirilmiş intellektual yarışlar çərçivəsində “Nə, harada, nə vaxt” intellektual oyunu zamanı Hazırlıq (Foundation) tələbələrinin “Give me five” (III yer), “YWLYP” (II yer) və “Fab Five” (II yer) komandaları fərqlənərək ilk 3 yerin qalibi olublar.

 Gənclər gününə həsr olunmuş tədbir bədii konsert proqramı ilə yekunlaşıb.