https://www.zirve.edu.az/
30.01.2020 10:00
Qubadlı rayonu Çaytumas kənd məktəb-liseyi – fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Qubadlı rayonu Çaytumas kənd məktəb-liseyindəndir.

AzEdu.az xəbər verir ki, məktəb 1930-cu ildən ibtidai, 1970-ci ildən isə tam orta məktəb olaraq fəaliyyət göstərib.1993-cü ildən 2004-cü ilə qədər fəaliyyətini Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin nəzdində davam etdirib. 2004-cü ildə yeni inşa olunan tədris binasına köçürülən məktəb Təhsil Nazirliyinin müvafiq əmri ilə həmin ildən texniki fənlər təmayüllü məktəb-lisey adı ilə fəaliyyətini davam etdirir.

Məktəb-liseydə tədris resursları ilə zəngin fənn kabinetləri, geniş stadion, idman, akt zalları, kompüter kabineti var. Hazırda məktəb-liseydə 581 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 40-a yaxın müəllim məşğul olur. Ali məktəblərə qəbul göstəricilərinə əsasən, təhsil müəssisəsi respublikanın ən yaxşı məktəbləri sırasına daxil edilib. 2018-2019-cu tədris ilində məktəb-liseyi bitirən 34 məzunun hər biri tələbə adını qazanıb. Təhsil ocağının şagirdləri hər il respublika səviyyəli layihələrdə yaxından iştirak edərək uğur əldə edirlər. Təhsil müəssisəsinin müxtəlif illərdə respublikanın ictimai-siyasi həyatında, eləcə də elm sahəsində, əmək cəbhəsində çalışaraq yüksək səviyyəli orden və medallarla təltif olunan məzunları var.

Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.