Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 14:02:00
Orta məktəblərdə maraqlı layihə - Uşaqların qeyri-adi bacarıqları aşkarlanacaq

24 yanvar 2020-ci il tarixində, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə həyata keçirilən “Tullantıdan İncəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi ilə əlaqədar tədbir keçirilib.

AzEdu.az  xəbər verir ki, tədbirdə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri  Vasif Məmmədov, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, məktəb rəhbərliyi və təşkilatçı qurumların nümayəndələri iştirak edib.

Qonaqları salamlayan 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyeva tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işinin əhəmiyyətindən, onların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən danışaraq tullantıların idarə olunmasında məktəblilərin mühüm rol oynadığını bildirib.

Daha sonra çıxış edən “Nargis for Eco” layihəsinin kuratoru Sevinc Həsənova layihənin vacibliyini vurğulayaraq bu kimi ekoloji və sosialyönümlü tədbirlərin vacib olduğunu vurğulayıb, tullantı kimi atılan əşyalardan səmərəli istifadə olunduğu halda yaradıcı insanların sənət əsərinə çevrilə biləcəyini qeyd edib.

Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov “Qoy dünya yenidən gülsün” (Make the Earth smile again) mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə  189-190 nömrəli  məktəbin şagirdləri tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə baxış keçirilib, mütəxəssislər tərəfindən respublika müsabiqəsinə göndəriləcək ən yaxşı işin seçimi edilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühitin qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.

2019-cu ilin noyabr ayından start verilən  “Tullantılardan İncəsənətə” müsabiqəsində Bakı şəhəri üzrə 14 ümumtəhsil məktəbi iştirak edir.  Əsasnaməyə uyğun olaraq hər məktəb tədris ili boyunca tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayaraq ən yaxşı işi respublika mərhələsinə təqdim etməlidir.

Yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat “Nargis” jurnalında işıqlandırılacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları