Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 10:06:00
Azərbaycanlı tələbənin “Qığılcım” filmi beynəlxalq film festivalında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino və televiziya fakültəsinin magistri Masər Həsənov XI Beynəlxalq Müstəqil İnternet Qısa Film Festivalında (11th Independent International Internet Short Film Festival) mükafat qazanıb.

ABŞ-da keçirilən bu festivalda  adıçəkilən universitet tələbəsinin “Qığılcım” filmi “Tamaşaçı rəğbəti” nominasiyası üzrə 65 ölkə arasında III yerə layiq görülüb.

Masər Həsənov ADMİU-nun “SABAH” qruplarının rejissorluq ixtisasının məzunudur. Hazırda Kino və televiziya fakültəsində görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyevin kursunda magistr pilləsi üzrə təhsil alır. O, fiziki məhdudiyyətli gəncdir. Buna baxmayaraq, bütün layihələrdə, ictimai işlərdə fəallığı ilə seçilir.

Aktiv yaradıcı fəaliyyəti ilə seçilən, bir çox sənədli və bədii filmlərin, sosial çarxların müəllifi olan Masər Həsənov “Bakı Oskar Festivalı-1”də “Ən yaxşı ssenari”, “Bakı Oskar Festivalı-2” də isə “Ən yaxşı sənədli film” nominasiyaları üzrə qalib olub. “Deja vu” filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən beynəlxalq festivallarda iştirak edib. Bu film, eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq “START” film festivalında “jürinin rəğbəti” nominasiyası üzrə mükafata layiq görülüb.

Gənc rejissor “Sevgi naminə” qısametrajlı bədii filmi ilə IX Beynəlxalq Müstəqil İnternet Qısa Film Festivalında iştirak edib və birinci dərəcəli laureat seçilib.

O, 2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə layiq görülüb, 2019-cu ildə “Gənclər üçün Prezident Mükafatı” ilə təltif olunub.