https://www.zirve.edu.az/
07.01.2020 16:09
Avstraliyadakı meşə yanğınları planetə hansı zərbələri vuracaq? – Direktor müavini danışdı
Çap et

 

 “Avstraliyadakı yanğının ölkəmizə heç bir mənfi təsiri yoxdur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

O, yanğının törətdiyi mənfi təsirlər haqqında məlumat verib.

“Avstraliyada baş verən yanğın atmosferdə karbonun miqdarının artmasına və onun tərkibinin dəyişməsinə səbəb olub. Lakin bu təsir qlobal miqyasda özünü göstərməyib. Daha çox Avstraliya və ona yaxın ərazilərdə yanğın geniş vüsət alıb.

Ümumilikdə, meşə yanğınları  atmosferdə olan karbonun və kükürdün miqdarının çoxalmasına səbəb olur. Həmçinin, yanğınlar havanın tərkibinin dəyişməsinə gətirib çıxarır. Bunun  əsas səbəbi isə dünyada olan iqlim dəyişikliyi və onun nəticəsində yaranan qlobal istiləşmədir. Son dövrlərdə qlobal istiləşmə nəticəsində meşə yanğınları geniş vüsət alıb”.

Məhərrəm Həsənov yanğınların planetə vura biləcəyi mənfi təsirlərindən də danışıb:

“Atmosferdə karbonun miqdarının çoxalması  insanların səhhətinə mənfi təsir göstərir. Yanğından çıxan tüstü bir çox bakteriya və infeksion xəstəliklərin yaranmasına səbəb olur. Həmçinin, yanğınlar həm də tənəffüs orqanlarının xəstəliklərinin yaranmasına yol açır. Xüsusən də,  bu tip yanğınlar yuxarı tənəffüs yolları orqanlarında bir sıra xəstəliklər yaradır”.

Yanğının baş verməsi üçün bir sıra səbəblər mövcuddur.

“Yanğınların baş verməsinin iki səbəbi olur: təbii və antropogen .Yer kürəsində baş verən meşə yanğınlarının  əksər hissəsi  insan fəaliyyətinin nəticəsi olaraq təzahür edir. İnsanların gündəlik fəaliyyətləri nəticəsində ozon qatı getdikcə kiçilir.

Yanğın elə bir prosesdir ki, onu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Hər hansı bir insan meşədə ocağı  yanıqlı vəziyyətdə qoyub gedirsə,  bu yanğına səbəb olur.

Yanğının iki əsas səbəbi olur: meşə materiallarının  uzun müddət qalaraq çürüməsi  və insan fəaliyyəti.

Avstraliyadakı yanğının ölkəmizə heç bir mənfi təsiri yoxdur.Lakin yaxın ərazilərdə baş verən yanğınlar təsir edə bilər.

İqlim dəyişikliyi temperaturun yüksəlməsinə, quraqlığın baş verməsinə , su ehtiyyatlarının azalmasına gətirib çıxarır”.

Qeyd edək ki,  Yeni Cənubi Uels ştatında  7 nəfərin öldüyü, yanıq xəsarəti alan üç nəfərin hava nəqliyyatı, 2 nəfərin isə təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirildiyi barədə xəbər yayıb. Viktoriya ştatının Bakan şəhərində isə yanğın bir nəfərin ölümünə səbəb olub.

Xatırladaq ki, Avstraliyada yanğınlar nəticəsində 5,5 milyon hektardan çox meşə sahəsi məhv olub. Bundan əvvəl Sidneydə və Yeni Cənubi Uels ştatında fövqəladə vəziyyət elan olunub.  Müntəzəm davam edən yanğınlar nəticəsində son həftələr Sidneydə qatı tüstü müşahidə olunur. Alimlər yanğınların baş verməsini qlobal iqlim dəyişməsi ilə əlaqələndirir.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları