Türkiyənin İzmir şəhərində yaşayan 25 yaşlı Kardelen Tezcan görmə qabiliyyətini gənc yaşda tamamilə itirməsinə baxmayaraq, anası Ebru Tezcanın fədakar dəstəyi ilə ali təhsilini uğurla başa vurub.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, 18 yaşında ikən sol gözündə başlayan retina ayrılması (torlu qişanın qopması) səbəbilə görmə problemi yaşayan Kardelen Tezcan, qısa müddət sonra sağ gözündə də eyni xəstəliyin yaranması nəticəsində hər iki gözünün görmə qabiliyyətini itirib.
Buna baxmayaraq təhsilini davam etdirən gənc qadın əvvəlcə açıq təhsil yolu ilə liseyi bitirib.
Daha sonra hazırlaşdığı imtahanla Dokuz Eylül Universitetinin Ədəbiyyat Fakültəsinin tarix bölməsinə qəbul olan Tezcan, dərslər başladıqdan sonra səs yazıları və qeydlərlə tədrisi izləməkdə çətinlik çəkib.
Fakültə rəhbərliyinin icazəsi ilə anası Ebru Tezcan dərslərə qatılaraq qızına dəstək olub və 4 il ərzində bütün mühazirələrdə iştirak edərək qeydlər aparıb, imtahanlara hazırlaşmasında ona kömək edib. Universitet rəhbərliyi bu fədakarlığı yüksək qiymətləndirib.
Təhsil müddətində böyük çətinliklərə baxmayaraq mübarizədən əl çəkməyən Kardelen Tezcan, anasının və ailəsinin dəstəyi ilə universiteti uğurla bitirib.
Kardelen Tezcan açıqlamasında çətinliklərə baxmayaraq təslim olmadığını, ailəsinin və müəllimlərinin dəstəyi ilə bu mərhələyə gəldiyini bildirib.