https://www.zirve.edu.az/
10.12.2019 14:28
“Magistraturaya qəbul asan, bitirmək çətin olsun” - TƏKLİF

Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin ləğvi müzakirə mövzusu olaraq qalır. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin təşəbbüsü əsasında magistraturaya qəbulla əlaqədar təhlillərin aparıldığını və gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurların bir mərhələli keçirilməsinin müzakirə olduğunu, hazırda təklifin Nazirlik tərəfindən təsdiq olunması cavabını gözlədiklərini bildirib.

Lakin, ikimərhələli keçirilən qəbul imtahanlarının ikinci pilləsinin ləğvi bir çox təhsil ekspertləri tərəfindən birmənalı qarşılanmayıb, hətta bu təklifi gülünc adlandıranlar da olub. Belə ki, bəzi ekspertlərimizin fikrincə ikinci mərhələnin deyil, birinci pillənin ləğvi daha məqbul sayılır.

Məleykə Abbaszadənin qeyd etdiyi ikinci mərhələnin müəyyən ixtisaslarda qalması məsələsi cəmiyyətdə maraq doğurur.

 Məsələnin aktuallığını nəzərə alaraq əməkdaşımız aidiyyatı şəxslərlə əlaqə saxlayıb.

 AzEdu.az xəbər verir ki, DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə Modern.az-a bildirib ki, məsələ ilə bağlı bəzi təkliflər var:

 

“Magistraturaya qəbul qaydalarında dəyişikliklərlə əlaqədar müəyyən təkliflər var. Müəyyən ixtisaslar üzrə imtahanın ikinci mərhələsinin ləğvi nəzərdə tutulur. Yekun qərar Nazirlər Kabineti tərəfindən veriləcək və ictimaiyyətə təqdim olunacaq”.

 Beşinci çağırış Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva bildirib ki, müəyyən ixtisaslarda doğurdan da, qəbul imtahanının ikinci mərhələsi ləğv oluna bilər:

 “Mən ikinci mərhələnin ləğvini o vaxt güzəştli sayaram ki, tələbə dördüncü kursu bitirdiyi il magistraturaya imtahan versin. Onsuz da tələbə ixtisasını 4 il boyunca öyrənir, yenidən magistraturaya imtahan zamanı ixtisas fənnindən imtahan verməsinə gərək yoxdur. Düşünürəm ki, bu kimi təkliflər təhsilə əlçatanlığı artırır. Mən daha çox bu qənayətdəyəm ki, universitetlərə qəbul imtahanları asanlaşdırılsın, bitirmək çətinləşdirilsin, universitetlər keyfiyyətli təhsil versin. Tələbələr universitetə qəbul olanda düşünsünlər ki, imtahanlardan necə keçəcəklər, bu ixtisası nə qədər bilirlər. Mən əslində bu baryerlərin tərəfdarı deyiləm, magistraturaya qəbul asan, amma bitirmək çətin olsun ki, onlar həqiqətən mütəxəssis kimi yetişsinlər. Bu, bütün dünyada demək olar ki, belədir”.

 

Sona Əliyeva qeyd edib ki, xaricə gedən tələbələrimizdən müşahidə edirik ki, gedən hər 4 nəfərdən sadəcə 1-i qalıb təhsilini tamamlaya bilir:

 “Yerdə qalanlar isə ya təhsilini yarımçıq qoyur, ya kursda qalır. Bu əlçatandır, ona görə ki, dövlət buna tək təhsil kimi yox, həm də biznes kimi baxır. Belə olduğu halda universitetlər də pul qazanır. Universitet pul qazanmasa elmi-tədqiqatlar apara bilməz. Ali məktəblər nə qədər dövlətdən maliyyələşə bilər? Onların hamısının elmi-tədqiqat bazası olmalıdır. Bunun üçün isə universitetlərin yaxşı büdcəsi olmalıdır. Qeyd etdiyim kimi, magistraturaya imtahanın ikinci mərhələsinin ləğvini tələbənin dördüncü kursu bitirdiyi il qəbul olunmasına məqbul hesab edərəm. Əgər hər hansı şəxs ali məktəbi bitirikdən 5-10 il sonra magistraturaya qəbul olmaq istəyirsə, onlar üçün ikinci mərhələnin ləğvini düzgün saymıram. Mən həmişə demişəm, təhsilin əlçatalığının tərəfindəyəm. Amma birinci mərhələnin ləğvinə isə tamamilə qarşıyam. Ona görə ki, bu gün hər bir şəxsin xarici dil biliyinin olması önəmlidir. Məntiq imthanıyla bağlı isə 70 faiz razı olardım ki, informatikanın hər ixtisas üçün vacib sayılmasını düzgün hesab etmirəm. Yəni, qısacası müəyyən ixtisaslarda qalması şərtiylə, ikinci mərhələni ləğv etmək olar. Məsələn, tibb və təbiətlə bağlı ixtisaslarda ikinci mərhələ imtahanını təbii ki, ləğv etmək düzgün deyil”.

 Təhsil eksperti Nadir İsrafilov bildirib ki, bu məsələdə tələskənliyə yol vermək düzgün olmazdı:

 “Məlum olduğu kimi magistratura ali təhsilin ikinci səviyyəsi olaraq yüksək ixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını təmin etməyi nəzərdə tutur. Bu baxımdan qəbul imtahanlarının məzmunu ilə bərabər, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılmalıdır. Nazirin də qeyd etdiyi kimi müasir dünyada peşələr və ixtisaslar çox sürətlə dəyişir, müəyyən vaxtdan bir yeni ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir. 2019-u ilin fevral ayında Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatı təsdiq edilib. Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyirlər. 2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul artıq yeni təsnifat əsasında aparılacaq. Bütün bu dəyişikliklər ali məktəblərə qəbul qaydalarının da təkmilləşdirilməsi və optimal variantın tapılmasını qaçılmaz edir”.

 

Ekspert qeyd edib ki, magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğvi məsələsi magistraturaya qəbul imtahanlarını asanlaşdırmaq, sadələşdirmək məqsədindən irəli gələn, gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurların birmərhələli keçirilməsini nəzərdə tutan bir təklifdir:

 “Yəni, hələ ki, qaydalar Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən təsdiqlənməyib. DİM-in rəsmi açıqlamasında da bildirildiyi kimi, “müəyyən ixtisaslar var ki, orada ikinci mərhələ qalacaq. Bu, yazı işi tələb olunan ixtisaslara aiddir. Daha dəqiq məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkündür.” Bununla belə magistraturaya qəbul imtahanlarında dəyişikliklə bağlı təklifə ilkin reaksiyalar var və məsələyə fərqli mövqelərdən yanaşmalar - bu da təbiidir. O ki, qaldı mənim münasibətimə, hesab edirəm ki, bu kimi məsələlərin tənzimlənməsində kimin və ya kimlərinsə subyektiv fikirləri əsas götürülə bilməz. Təkliflər aidiyyəti qurumlarda geniş təhlil olunmalı, ümumi ictimai rəy əldə edilməlidir. Bir məqamı da diqqətə çatdırım ki, İctimai Şuraların yaradılması ölkə başçısının “İctimai iştirakçılıq haqqında” sərəncamına əsasən Milli Məclis tərəfindən qəbul olunan qanunun tələblərindən irəli gələn məsələdir. Mövcud qanunvericiliyə əsasən ictimai iştirakçılıq - dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının, habelə digər maraqlı tərəflərin müvafiq qanunla müəyyən edilmiş formalarda məsləhətləşməsi və ictimai rəyin nəzərə alınmasını nəzərdə tutur. Bu baxımdan, Təhsil Nazirliyi yanında İctimai Şura olaraq təhsilimizin bir sıra xüsusi aktuallıq kəsb edən məsələləri, o cümlədən də ali məkməktəblərə qəbul qaydaları və maqistratura təhsili Fəaliyyət Planında nəzərdə tutulan məsələlərdəndir. Bu məqsədlə cari ilin dekabr ayında Gəncə şəhərində, yanvar ayında isə Bakı şəhərində bir sıra ali məktəb kollektivləri ilə dinləmələr və müzakirələr keçirməyi planlaşdırmışıq. Yerlərdən alınan rəy və təkliflər İctimai Şurada ümumiləşdirilərək Təhsil Nazirliyinə və DİM-ə təqdim olunacaq”.