Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-11 12:39:00
Yardıma möhtac Yardımlı məktəbləri – Ötən ilin ən zəif göstəriciləri

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Yardımlı rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 623 şagird bitirib, onların 568 nəfəri buraxılış imtahanında iştirak edib və 248 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb. Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 29.93%-i “2”, 34.51%-i “3”, 23.42%-i “4”, 12.15%-i “5”, riyaziyyat fənni üzrə 35.56%-i “2”, 24.47%-i “3”, 17.08%-i “4”, 22.89%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 41.37%-i “2”, 40.85%-i “3”, 12.85%-i “4”, 4.93%-i “5” qiyməti alıb. Ümumilikdə, 573 nəfər attestat alıb.

Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 124 məzunu (imtahanlarda iştirak edənlərin 43.97%-i) tələbə adını qazanıb.

Rayon məzunlarının 21 nəfəri 500-dən, o cümlədən 3 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universitetinə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 234.98-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 14.2% aşağıdır.

500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 20.83%-dir. Qəbul imtahanlarında 46 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Telavar kənd, Ostayir kənd və Dağüzü kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Rayonun Telavar kənd tam orta məktəbinin qəbul imtahanlarında iştirak edən abituriyentlərinin sayı, məzunlarının sayının 10%-ni belə təşkil etmir.

Ostayir kənd və Porsova kənd tam orta məktəbləri abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır. Bu il rayonun ən yaxşı məktəbləri sırasında Hamarkənd kənd və Qabaqdibi kənd tam orta məktəblərini qeyd etmək olar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları