Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-17 16:45:00
Müəllimlər arasında rezonans yaradan  müsabiqə davam edir – “Testinlə tanın”

Azərbaycan müəllimləri arasında təşkil olunan “Testinlə tanın” adlı müsabiqə davam edir.

AzEdu.az xəbər verir ki, müsabiqə noyabrın 30-a qədər davam edəcək.

Müsabiqənin məqsədi Azərbaycanın müxtəlif bölgələrində çalışan müəllimlərin fəaliyyətlərini işiqlandırmaq, testologiya elminə töhfə verə biləcək peşəkarları ortaya çıxarmaq, onlar arasında rəqabət mühiti formalaşdırmaq və keyfiyyətli işləri ilə fərqlənən müəllimləri tanıdaraq mükafatlandırmaqdır.

Müəllimlər müsabiqə çərçivəsində müvafiq imtahanlar üzrə ( məsələn, ali məktəbə qəbul imtahanları, müəllimlərin işə qəbul imtahanları və s.) Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin müasir qəbul proqramlarına və standartlarlara uyğun testlər (tapşırıqlar) tərtib etməlidirlər.

2 mərhələdə keçiriləcək müsabiqənin birinci mərhələsində iştirakçılar hazırladıqları testləri (tapşırıqları)  kateqoriyalar üzrə onlardan tələb olunan formada [email protected] ünvanına göndərməlidirlər.

Birinci mərhələdə iştirak üçün tələb olunan məlumatlar aşağıdakılardır:

-Şəxsiyyət vəsiqəsinin scan olunmuş versiyası;

-Ali təhsiliniz (təhsil aldığınız müəssisə və ixtisasınız);

-Əlaqə vasitələri (nömrə və sosial şəbəkə hesabları);

-İşlədiyiniz təhsil müəssisəsi (əgər varsa).

Testlər aşağıdakı kateqoriyalar üzrə qəbul olunur:

-Buraxılış imtahanları;

-Ali təhsil müəssisələrinə qəbul imtahanları;

-Müəllimlərin işə qəbul imtahanları;

-Fənlər üzrə biliyin qiymətləndirilməsi;

-Magistraturaya qəbul imtahanları (I mərhələ).

Hər kateqoriya üzrə tələb olunan testlərin həmin kateqoriya üzrə bütün standartlara tam cavab verməsi, orijinallığı və öncədən heç bir yerdə istifadə olunmaması zəruridir.

Göndərilən testlərin düzgün cavabları ( meyarlar, həmçinin açıq tipli tapşırıqların doğru cavabları) mütləq qeyd olunmalıdır.

İkinci mərhələdə müəyyən edilmiş ekspertlər qrupu tərəfindən testlərin qiymətləndirilməsi aparılacaq və hər kateqoriya üzrə 1 qalib müəyyən ediləcək.

QEYD: Bir müəllim seçdiyi kateqoriya üzrə minimum 2 variant test göndərməlidir.

Nəzərinizə çatdıraq ki, müəllim istənilən sayda kateqoriya üzrə müsabiqədə iştirak edə bilər.

Misal üçün, iştirakçı müəllim buraxılış imtahanları üzrə 2 variant test göndəribsə, eyni zamanda digər kateqoriyalar üzrə də test tərtib edib müsabiqəyə qatıla bilər. Belə olan halda həmin müəllimin hər iki kateqoriya üzrə qalib elan edilməsinə heç bir məhdudiyyət qoyulmur.

Qalib seçilən müəllimlərin fəaliyyətləri Azərbaycan Təhsil Portalı vasitəsilə ictimaiyyətə çatdırılacaq, müəllim və şagirdləri barədə silsilə məlumatlar daim diqqət mərkəzində saxlanılacaq.

Qaliblərə eyni zamanda pul mükafatı və təltifnamə təqdim olunacaq.

Hər kateqoriya üzrə:

I yerin qalibi – 300 Azn pul mükafatı ilə təltif olunacaq.

Müsabiqədə qalib ola bilməyən, lakin göndərdiyi tapşırıqlar keyfiyyətcə fərqlənən müəllimlər barədə təltifnamələr müəllimin çalışdığı təhsil müəssisəsinə və ya rayon Təhsil Şöbəsinə göndəriləcək.

Hər hansı təhsil müəssisəsində çalışmayıb müəllimlik fəaliyyəti ilə məşğul olan və fərqlənən şəxslərə də təltifnamələr təqdim olunacaq.

Qeyd olunan məlumatlarda yanlışlıq aşkar olunduğu və tələb olunan məlumatlar tam şəkildə göndərilmədiyi təqdirdə həmin iştirakçı müsabiqədən kənarlaşdırılacaq.

Müsabiqədə müəllimlik fəaliyyəti ilə məşğul olan bütün şəxslər iştirak edə bilər. Yaş məhdudiyyəti tətbiq olunmur.

Qeyd edək ki, qısa müddət öncə yekunlaşan “İlin Gənc Müəllimi” müsabiqəsinin səsvermə mərhələsində təxminən 505 minə qədər şəxs iştirak edib.

AzEdu.az cəmiyyət və cəmiyyətin mühüm qismini təşkil edən təhsil ictimaiyyəti üçün  müxtəlif layihələr həyata keçirməyə davam edəcək.

“Testinlə tanın” layihəsinin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları