Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 12:38:00
Əlilliyi olan gənclər üçün əmək yarmarkasında 60-dək şirkət təmsil olunub  

Mayın 5-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilib.

AzEdu.az xəbər verir ki, dövlət qurumlarının, yerli və xarici təşkilatların iştirak etdiyi yarmarkada 60-dək şirkət təmsil olunub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ölkədə sosial sahənin inkişafı ilə bağlı siyasətin əsas istiqamətlərindən biri əlil gənclərin bütün sahələrdə fəaliyyətinin təmin edilməsi və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılmasıdır. Ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Dövlət başçısının təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” dövlət proqramları sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün maneəsiz mühit yaratmağa və onların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edir.

Gənclər üçün məzun yarmarkalarının 2006-cı ildən keçirildiyini xatırladan İ.Babayev əlilliyi olan şəxslər üçün ilk dəfə belə bir tədbirin təşkil edildiyini bildirib. Yarmarkada 47 özəl şirkət tərəfindən 160-dan artıq real vakansiya təqdim olunduğunu deyən nazir müavini gələcəkdə yaranacaq iş yerləri üçün məlumat bazası toplanıldığını vurğulayıb.

İnklüziv təhsilin Azərbaycan təhsilinin prioritet məsələlərindən olduğunu və fiziki məhdudiyyətli insanların daima dövlətin qayğı və diqqəti ilə əhatə edildiyini bildirən UNEC-in rektoru Ədalət Muradov rəhbərlik etdiyi universitetdə bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyi diqqətə çatdırıb. O, fiziki məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyası üçün UNEC-də inklüziv təhsil mühitinin yaradıldığını vurğulayıb. Rektor bildirib ki, bu mühit təhsilin hamı üçün əlçatan olmasını təmin etməklə yanaşı, sosial bərabərliyin qorunmasına, fiziki məhdudiyyətli gənclərin öz potensiallarını nümayiş etdirə bilməsinə və təhsil ehtiyaclarının ödənilməsinə şərait yaradır.