Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 11:00:00
Nazirlər Kabinetində oğlanlara möhlət hüququ verən sənədə baxılır     

"Təhsil haqqında"qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub. 

Hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. 14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, 2018-ci tədris ilindən etibarən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi. 

Lakin Təhsil Nazirliyindən Modern.az-a verilən açıqlamada hazırlıq qrupları ilə bağlı planın dəyişdiyi və hazırlıq qruplarının növbəti tədris ilindən fəaliyyətə başlayacağı bildirilib.

Əldə etdiyimiz məlumata görə, prosesin uzadılmasına  səbəb hazırlıq qruplarında təhsil alacaq oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə  bağlıdır. Çünki hazırki qanunvericiliyə əsasən, yalnız bakalavr, magistr və doktorantura pilləsində oxuyanlara möhlət hüququ verilir. Hazırlıq qruplarında oxumaq istəyənlərin yaşının 17-18 civarda olduğunu nəzərə alsaq, onlara möhlət hüququnun verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi üçün təkliflər verilib.

“Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 741-VQD nömrəli Qanunu ilə “Təhsil haqqında” Qanunda  dəyişiklik edilərək ali təhsil müəssisələrində hazırıq qrupları təşkil  olunub. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2017-ci il 13 iyul tarixli 1522 nömrəli Fərmanı ilə  Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulub. Təhsil Nazirliyinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun çağırışçılara təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini tənzimləyən 21-ci maddəsinə dəyişikliklərin edilməsinə dair hazırladığı Qanun layihəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  tərəfindən təkliflər verilib”. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi tərəfindən  çağırışçılara təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə təkliflər hazırlayıb. 

“Belə ki, həmin təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabinetində müvafiq şöbə tərəfindən bu təkliflərə baxılır. Məlumata görə, Hazırlıq qruplarında təhsil alacaq oğlanlara 1 il müddətində möhlət hüququ veriləcək. Nazirlər Kabinetində sənədə baxıldıqdan sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq”.