Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 13:28:00
“Səfər Əbiyevin səhvini düzəltmək lazımdır” - Hərbi dərslərlə bağlı ÇAĞIRIŞ

“Məktəbi yeni bitirən uşaqlara, eləcə də 4 il ali məktəbdə təhsil alan 22-23 yaşlı gəncə əsgərlikdə silah tutmağı öyrədirlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, müharibə şəraitində olduğumuzdan, orta məktəblərdə hərbi dərslərə xüsusi önəm verilməlidir:

“Təhsil naziri cənab Ceyhun Bayramovun əsas vəzifələrindən biri Azərbaycan məktəblərini, xüsusən, cəbhə bölgələrinin orta təhsil müəssisələrini təlim silahlarıyla, o cümlədən hərbi avadanlıqlarla təmin etmək olmalıdır. Müharibə vəziyyətində olan ölkəyik, torpaqlarımız işğal altındadır. Təəssüf ki, bizim bəzi məmurlar, yalnız danışmaqla məşğuldurlar. Bu məsələni həll etmək ikini ikiyə vurmaq qədər sadədir. Biz silahı Moskvadan almırıq ki, məktəblərə silah vermək üçün oranın icazəsini alaq. Müdafiə Sənayesi Nazirliyinin zavodları var. Təlim silahları, minaatanlar maket formasında məktəblərə verilə bilər. Biz bunları çoxdan etməliydik. Müharibə görmüş, vətənini, torpağını sevən biri kimi hesab edirəm ki, hərbi dərslər mütləq mənada zəngilləşdirilməlidir”.

Ekspert deyib ki, yalnız oğlanlara deyil, qızlara da hərbi dərslər keçirilməlidir:

“Onlara yaralıya hansı ilk yardımı göstərmək lazım olduğu öyrədilməlidir. Bir vaxtlar Müdafiə Nazirliyinin keçmiş rəhbərliyinin səhvi ucbatından universitet və institutlarda bağlanan hərbi kafedralar da normal vəziyyətə salınmalıdır. 4 il ali məktəbdə təhsil alan 22-23 yaşlı gənclə məktəbi yeni bitirən uşağa əsgərlikdə silah tutmağı öyrədirlər. Amma hərbi kafedralar olsa, hərbi rejim barədə məlumatlı olarlar, qulaqları güllə səsinə öyrəşər. Bu işlər kompleks şəkildə görülməlidir. Sabah Qarabağda daha amansız, daha radikal əməliyyatlar həyata keçirilə bilər. Hərbi məsələyə diqqətin artırılması Azərbaycanın bir nömrəli vəzifəsi olmalıdır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları