Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-21 17:06:24
“Belə nəticə göstərməyimiz gözlənilən idi” - Bütün şagirdləri tələbə adını qazanan sinifdən REPORTAJ  

“Bu sinfin şagirdləri heç bir repetitor yanına əlavə hazırlığa getmədən yüksək nəticə göstəriblər. Onlara yalnız məktəb müəllimləri dərs deyib”.

Bu sözlər Bərdə şəhər 8 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İfadə Həmidovaya aiddir.

İfadə Həmidova həmin məktəbin XIb sinfinə rəhbərlik edir. Elə ilk illərdən məktəbdə çalışqanlığı ilə seçilən XIb sinfinin builki məzunlarının hər biri ali məktəblərə qəbul imtahanlarında minimum keçid balını toplayaraq universitetə qəbul olunublar.

Məktəb rekordçularının sinif rəhbəri İfadə Həmidova sevincini AzEdu.az-la bölüşüb. O, bu uğura görə şagirdlərin və bütünlükdə məktəbin adına çox sevindiyini qeyd edib:

 “V sinifdən onlara riyaziyyatı tədris etməklə yanaşı, həm də sinif rəhbərləri olmuşam.  Humanitar təmayüllü sinif olduğu üçün şagirdlərin də əksəriyyəti III ixtisas qrupuna hazırlaşıblar. Nəticədə, 27 məzunun hər biri  ali məktəbə qəbul olunaraq, əksəriyyəti Bakı Dövlət Universitetini seçiblər.

Uşaqlar heç bir repititor hazırlığı olmadan yüksək nəticə gösətərdilər. Onlara yalnız öz müəllimləri dərs deyirdi. Uğurlarında müəllimlərlə yanaşı, direktorun qayğı və diqqətinin də rolu böyükdür”.

587 balla Bakı Dövltə Universitetinin Tarix fakültəsinə qəbul olunan Nərmin Əhmədli: “Repetitor yanına getmədən uğur qazanmışam”

Nərmin universitetə hazırlıq müəddətində məzunlara qarşı müəllimlərlə yanaşı, direktorun diqqətinin də yüksək olduğunu bildirir. O qeyd edir ki, tarixi sevdiyi üçün məhz bu ixtisası seçib:

“Humanitar təmayüllü sinif  olduğumuz üçün hazırlığa getmədən universitetə yalnız dərs prosesində hazırlaşırdıq. Təbii ki, məktəblə yanaşı, evdə də çox çalışırdıq.

Bir şeyi də qeyd edim ki, bizim sinfimiz elə aşağı siniflərdən etibarən çalışqan olub. Dəfələrlə intellektual yarışlarda, olimpiadalarda iştirak edərək qalib olmuşuq. Bu baxımdan, qəbul imtahanında belə nəticə göstərməyimiz də gözlənilməz deyildi”.

539 balla Dövlət Təhlükəsizlik Akademiyasına qəbul olunan Aytac  Hüseynova: “Bu uğuruma görə, ilk növbədəvalideynlərimə borcluyam”



Aytac qeyd edir ki, siniflərindəki bütün uşaqlar olduqca çalışqan və məsuliyyətli olublar. O da öz adından məktəb rəhbərliyinə və müəllimlərinə dərin minnətdarlığını bildirir:

“Belə bir nəticə əldə etməyimizdə  istər mənim, istərsə də sinif yoldaşlarımın ən böyük dəstəkçisi  valideynlərimiz olub. Bu səbəbdən, uğurumuzdan dolayı başda valideynlər olmaqla, müəllimlər və direktora borcluyuq. Məhz müəllimlərimiz və direktorumuzun dəstəyi ilə bu nailiyyəti əldə edə bildik. Onlar yalnız dərs keçmir, imtahana psixoloji hazırlığımızla da yaxından məşğul olurdular.  

Belə bir nəticə göstərcəyimiz gözlənilməz deyildi. Çünki bütün sinif olaraq, bundan əvvəl də bir çox yarışlarda iştirak edərək qalibiyyət qazanmışıq”.

Qeyd edək ki, Bərdə şəhər 8 nömrəli tam orta məktəbi bitirən 52 məzundan 52 nəfəri ali məktəblərə sənəd verib, onlardan 37 nəfəri qəbul olunub. 6 nəfər 500 baldan, 5 nəfər isə 600-dən yuxarı bal toplayıb.

Ümumilikdə 2018-2019-cu tədris ilində Bərdə rayonun XI sinfində 1183 nəfər şagird təhsil alıb.

Qəbul imtahanlarında 1148 nəfər iştirak edib. Həmin 1148 nəfərdən 3-ü qızıl, 2-si gümüş medala layiq görülüb.