Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-27 16:09:00
“Hazırlıq fənlərinə vaxt ayıra bilmirəm” - Şagirdlərin imtahan həyəcanı

29 aprel tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən I-IV ixtisas qrupları üzrə qəbul olmaq istəyənlər üçün üçüncü sınaq imtahanı keçiriləcək.

Birinci qəbul imtahanından əvvəlki son sınağa cəmi 2 gün qaldığı üçün abituriyentlərin  necə hazırlaşdıqlarını öyrəndik.

AzEdu.az-a açıqlama verən  215 nömrəli  orta məktəbin şagirdi Nicat Qulami II ixtisas qrupu üzrə hazırlaşır. O, ən çox riyaziyyatdan çətinlik çəkdiyini bildirib. Sevdiyi fənn isə Azərbaycan tarixidir:

“Gün ərzində ən az 2 fəndən  hazırlığa gedirəm. Evdə isə 3-4 saat dərslə məşğul oluram. İlk sınaqda 323 bal toplamışdım. Onda da riyaziyyatdan çətinlik çəkdim. Bu da proqramı bitirmədiyimizə görə idi. İmtahanda  ən az 450 bal toplamağı hədəfləyirəm. Güman  edirəm ki, sonuncu sınaqda  topladığımdan  daha yaxşı nəticə göstərəcəyəm. Toplanan balın  aşağı olmasına imtahan həyəcanı da müəyyən  dərəcədə  təsir edir.  İki qəbul imtahanı üçün də qeydiyyatdan keçmişəm. Kursların təşkil etdiyi fərdi sınaqlar isə bəzən bizi yanıldır. Ona görə abituriyentlərə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaqlarda iştirak etmələrini məsləhət görərdim”.

Sənan Ağabalayev da II qrupa hazırlaşır. Onun isə çətinlik çəkdiyi fənn Azərbaycan dilidir.

“İki sınaqda iştirak etmişəm. Sonuncuya da gedəcəm. Birinci də 180, ikinci sınaqda isə 320 bal toplamışam. Hədəfim 350-400 aralığında bal toplamaqdır. Gün ərzində 2-3 hazırlığa gedirəm, 1-2 saat isə evdə məşğul oluram. Dərs yükündən asılı olaraq, bu saat dəyişir. Arzum İqtisadiyyat Universitetinə qəbul olunmaqdır. Hər iki imtahanda da iştirak üçün qeydiyyatdan keçmişəm”.

Abituriyent Taleh Cahangirov 30 nömrəli məktəbdə oxuyur. Birinci sınaqda 514 bal topladığını deyən Taleh, qəbul  imtahanlarının yalnız birində iştirak edəcək. O, Azərbaycan İqtisadiyyat Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olunmaq istəyir.

Hikmət İsmayılzadə isə sonuncu sınaqda yaxşı nəticə göstərib qəbuldan öncə yüksək ovqatla “silahlanmaq” istəyir:

 “DİM-in aprelin 29-da keçirəcəyi sınaq imtahanında iştirak edəcəm. İmtahana yaxşı hazırlaşmağa çalışıram. Çünki qəbulun birinci imtahanından əvvəlki  axırıncı sınaqdır. Düşünürəm  ki,  yaxşı nəticə əldə etsəm, ilk qəbul imtahanına yüksək motivasiya ilə gedəcəm. Çətinlik çəkdiyim fənn demək olar ki, yoxdur. Sadəcə, oxunması çox zaman tələb edən fənlərə - məsələn, tarixə -  vaxt ayıra bilmədiyim üçün bəzən çətinlik çəkirəm. Amma bacardığım qədər hər bir fənnə lazımi qədər vaxt ayırmağa çalışıram. İlk imtahanda hədəfim 450 balı keçməkdir, çünki tam bitirə bilmədiyim fənlər var. Amma ikinci imtahanda 600 balı  keçməyi düşünürəm. Hər iki qəbul imtahanında iştirak edəcəm.

Çünki birinci imtahana tam hazır olmadığım üçün nəticəmin o qədər də yüksək olmayacağını bilirəm. Buna görə də ikinci  mənim üçün daha önəmlidir”.

Qeyd edək ki,  ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.