https://www.zirve.edu.az/
27.04.2018 13:10
Jurnalistika üzrə qabiliyyət imtahanının vaxtı açıqlandı

Jurnalistika ixtisası üzrə abituriyentlərin qabiliyyət imtahanı 6 avqust tarixində keçiriləcək.

AzEDU.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, 2018-2019-cu tədris ili üçün Jurnalistika ixtisasına qəbul olmaq istəyən III ixtisas qrupunun abituriyentləri müvafiq müsabiqə şərtlərini ödədikləri halda həmin ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra iyulun 29-undan avqustun 1-dək DİM-in internet səhifəsində qeydiyyatdan keçməlidirlər:

“Qeydiyyatdan keçən abituriyentlər qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanı 6 avqustda keçiriləcək. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər”.

X.Xanlarzadə bildirib ki, yazı işlərinin (inşa) mövzuları qabiliyyət imtahanından 10 gün qabaq elan olunur:

“Qabiliyyət imtahanının başlanmasına bir neçə dəqiqə qalmış Mətbuat Şurasının və KİV-lərin iştirakı ilə 3 mövzu seçilir və videobağlantı vasitəsi ilə imtahan mərkəzlərinə çatdırılır. Abituriyentlər də 3 mövzudan birini seçib, o mövzu üzrə inşa yazırlar. Yazı işi 2-4 səhifə, ən azı 420 söz həcmində olmalıdır. Başqa mövzuda və bir səhifədən - 190 sözdən az həcmdə yazılmış inşalar “0” balla qiymətləndirilir. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Jurnalistika ixtisasını da seçə bilərlər”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.