Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 17:06:00
“Növbəti seçkilərə qədər “Ali təhsil haqqında” qanun layihəsi qəbul olunacaq” – Sona Əliyeva  

Bu gün parlamemtin Elm və təhsil komitəsinin jurnalistlər üçün geniş tərkibli olmayan iclası keçirilib. İclasda “Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanmasına rəsmi qərar verilib.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Sona Əliyeva AzEdu.az-a açıqlamasında iclasda müzakirə olunanlar barədə məlumat verib.

Deputat iclasda komitə üzvlərinin xeyli lazımlı təkliflərlə çıxış etdiyini deyib:

“Cəmiyyəti maraqlandıran bütün məsələlər – təqaüd sistemi, ali təhsil sisteminin maliyyələşdirilməsi, ali təhsildə keyfiyyətlilik, ikili diplom proqramları müzakirə olundu. Ali təhsildə elmin inkişafı ilə bağlı ayrıca maddənin salınması qərara alındı. Çox maraqlı və geniş müzakirə keçirildi.

Düşünürəm ki, bu, çox uğurlu qanun layihəsi olacaq. Layihəni parlamentin payız sesiyasının ilk iclaslarında müzakirəyə çıxaracayıq. Çalışacayıq ki, növbəti seçkilərə qədər “Ali təhsil haqqında” qanun layihəsi qəbul olunsun. İclasda tələbə kredit sistemi, maliyyə mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, akkreditasiya məsələlərinə də toxunuldu. Edilən bütün təkliflər sırf vətəndaş məmnuniyyətinə hesablanıb”.

Deputat bildirib ki, gələcəkdə tədqiqat universitetlərinin mövcudluğu nəzərdə tutulub:

“Hüquqi baza buna yol açmalıdır ki, universitetlər araşdırma ilə məşğul olsunlar.

Əsas məsələlərdən biri universitetlərin istehsalata inteqrasiyası, eyni əsaslı sənayenin formalaşdırılmasıdır. İnkişaf etmiş ölkələrdə artıq bu formalar tətbiq olunur. Universitetlərin nəznində fabrik və zavodlar var. Türkiyədə bir çox universitetlərdə xəstəxanalar belə fəaliyyət göstərir. Dünyada sınaqdan keçirilmiş bütün modellərin – Asiya, Avropa və Amerika təcrübəsinin öyrənilərək uğurlu qanun  layihəsi hazırlanacağını düşünürəm. Qanun layihəsi həm də xaricdə təhsil, diplomların tanınması məsələlərini əhatə edəcək.

Demək olar ki, təhsillə bağlı cəmiyyəti maraqlandıran bütün məsələlər müzakirə olundu. Onların “Ali təhsil haqqında” qanunda nəzərə alınması tövsiyə olundu”.

Sona Əliyeva bildirib ki, təhsillə bağlı əsas məsələlərdən biri də Azərbaycanda ali təhsil müəssisələrinin akdemik heyətinin hazırlanmasıdır:

“Beynəlxalaq standartlara uyğun tədris proqramının hazırlanması  nəzərdə tutulub.

Xaricdə təhsil məsələləri daim cənab Prezidentin diqqət mərkəzində olub. Məqsədlərdən biri də budur: Ölkəmizdə ali təhsili necə bir səviyyəyə gətirək ki, Azərbaycanda təhsili xarici tələbələr üçün maraqlı olsun. Ali təhsilin keyfiyyəti o qədər yüksək olmalıdır ki, əcnəbi tələbələr ölkəmizdə üz utsunlar. ADA və UFAZ-ın bu barədə çox yaxşı təcrübələri var. Düşünürəm ki, ölkəmizdə artıq bu mərhələ başlayıb. Daha yaxşı olması üçün hüquqi bazanın yaradılması ilə bağlı müzakirələr aparılıb”.

Qeyd eədk ki, Təhsil Nazirliyinin və təhsil mütəxəssislərinin də qatıldığı iclasda parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli İşçi Qrupunun rəhbəri, millət vəkili, professor Bəxtiyar Əliyev və təhsil nazirinin müavini İdris İsayev isə müavinlər seçiliblər.  

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları