Artıq bir neçə ildir ki, Azərbaycan Milli Elmlər Akademiyası magistratura pilləsi üzrə qəbul elan edir.
Bu təhsil müddətində magistrantlar oxumaqla yanaşı, işlə də təmin edilir və elmi fəaliyyətlərə cəlb olunurlar.
AzEdu.az AMEA-da magistratura təhsilinin tətbiqinin gəncləri elmə nə dərəcədə həvəsləndirə bilməsi haqqında AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Famin Salmanovun fikirlərini öyrənib.
O, sözlərində AMEA-da magistratura şöbəsinin yaranmasının gənclərin elmə həvəsinin artmasında böyük rol oynadığını vurğulayıb.
“Akademiyada tətbiq olunan magistr təhsilinin universitetlərdəkindən fərqi onun sırf akademik savad verməsidir. Buradakı magistrantlar laboratoriya şəraitində fəaliyyət göstərirlər. Onlar artıq doktoranturaya qəbul olunanda hazır elmi kadr kimi püxtələşmiş olurlar.
AMEA-da magistr təhsilinin digər üstünlüyü isə onların akademiya rəhbərliyinin tapşırığı ilə müxtəlif institutlarda işlə təmin olunmalarıdır. Magistrlar yarımştat işləyir və qrant müsabiqələrində işləmək hüququ əldə edirlər. Bu da onların elmə daha həvəsli şəkildə yanaşmalarına gətirib çıxarır.
Ən çox fizika, kimya, biologiya və tibb sahələrə aid olan institutlarda magistr dərəcəsi üzrə oxumaq üçün müraciət edilir.
Magistrantların bu institutları seçməsi onların inkişafına yol açır. AMEA-nın institutlarının əksəriyyəti laboratoriya , maddi-texniki baza ilə təmin olunub. Bu elmi fəaliyyətlərin nəticəsində də özünü göstərir”.
Qeyd edək ki, AME-nın magistratura pilləsinə qəbul olmuş bakalavrların qeydiyyatı 2019-cu il iyun ayının 27-dən iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsində aparılacaq.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Şükufə Süleymanlı
kitabı