Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-19 10:43:00
160 min müəllimin maaşı artırılıb - NAZİRLİK  

Azərbaycan Prezidenti İlham Əliyevin sosial islahatlar paketinin yeni uğurlu nəticələri, sosial müdafiə sahəsində atılan mühüm addımlar müəlllimləri də əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AzEdu.az-a verilən məlumatda bildirilib ki, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar bu istiqamətdə daha bir əhəmiyyətli adımın atılmasına imkan verib.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Sərəncamda həmin müəllimlərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması tapşırılır. Bu sərəncam ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, cari il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.

Prezident İlham Əliyevin “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı isə qeyd olunan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.

Hər iki Sərəncam ümumən ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması tədbirlərinin getdikcə geniş vüsət aldığını, dövlət başçısının siyasətinə uyğun olaraq, dinamik iqtisadi inkişafın ilk növbədə vətəndaş rifahının təminatı hədəfinə yönəldildiyini bir daha təsdiq edir.