Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarına start verilib. İmtahanda iştirak etmək üçün 369 abituriyent qeydiyyatdan keçib.
AzEdu.az xəbər verir ki, memarlıq ixtisası üzrə qabiliyyət imtahanları 28 – 30 iyul tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçirilir.
Abituriyentlər rəsm fənnindən qabiliyyət imtahanı verirlər. İmtahanda A3 formatlı kağız üzərində gipsdən hazırlanmış antik başın karandaşla təsviri çəkilir. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər məqbul almış hesab olunurlar.
Qabiliyyət imtahanından məqbul qiymət alan şəxslər ixtisas seçimi zamanı elektron ərizələrində "Memarlıq" ixtisası ilə yanaşı, I ixtisas qrupunun digər ixtisaslarını da seçə bilərlər.
Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2026-cı ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Memarlıq” adlı xüsusi buraxılışında verilib.