Azedu.az

"Heç bir sosial fəaliyyət yüksək nəticəyə əngəl deyil" - I qrup üzrə ən yüksək NƏTİCƏ

Dövlət İmtahan Mərkəzi

28 İyul 2026, 17:53
"Heç bir sosial fəaliyyət yüksək nəticəyə əngəl deyil" - I qrup üzrə ən yüksək NƏTİCƏ

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 697.5 bal toplayan 2 nəfərdən biri Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Həsənli Zəfər İlqar oğlu göstərib.

O, buraxılış imtahanında mümkün 300 baldan 297.5, blok imtahanında isə maksimum 400 bal toplayaraq I ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyentlərdən biri olub.

AzEdu.az Zəfər Həsənli ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

"Məncə, hər iki imtahan eyni səviyyədə idi. Sadəcə, birinci cəhddə 1 sualda diqqətsizlik edərək 394.3 bal topladım. İkinci cəhddə isə buna yol vermədim və nəticədə maksimum 400 balı əldə edə bildim.

Təhsilimi Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisası üzrə davam etdirmək istəyirəm. Yekun nəticəni cəmi beş dəqiqə əvvəl öyrənmişəm.

Hələ ki, bu sevinci heç kimlə bölüşməmişəm. Əksinə, mənə zəng edib sevinci mənimlə bölüşdülər. İlk olaraq bu xəbəri mənə ən yaxın dostum verdi. Əslində, dostum zəng edəndə söhbətin nəticə ilə bağlı olduğunu hiss etmişdim. O, mənim uğuruma məndən də çox sevinir. Hələlik yalnız atama xəbər vermişəm. Məncə,

yüksək nəticə əldə etmək üçün dərslərə fokuslanmaq vacibdir. Ancaq bu, sosial həyatdan tamamilə uzaqlaşmaq demək deyil. Hər şeyi paralel şəkildə aparmaq mümkündür. Ən vacib məqamlardan biri də vaxtı düzgün idarə etmək və boş vaxt itkisindən mümkün qədər uzaq durmaqdır.

Telefon və sosial şəbəkələrin yüksək bal toplamağa mane olduğunu düşünmürəm. Mən özüm də sosial şəbəkələrdən istifadə etmişəm və hələ də istifadə edirəm. Əsas məsələ onlardan necə və nə qədər istifadə etməyindir".

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox