Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-19 09:43:00
“Nəzarətçilərin ayaqqabılarının taqqıltısı bizə mane olur”- Tələbələrin sessiya həyəcanları-SORĞU  

Artıq əksər universitetlərdə semestr imtahanları başlayıb.

AzEdu.az əməkdaşı tələbələr arasında sorğu keçirib, onların problemlərini öyrənməyə çalışdıq:

Azərbaycan İqtisad Universitetinin I kurs tələbəsi Elmir Məmmədli hələki çətinliyinin olmadığını deyir:

“Bu semestr 5-i  test, biri yazılı olmaqla 6 imtahanım var. Testlə olanların cavabı tez çıxsa da yazılıda cavablar 10 günə məlum olur. İmtahanı verib cavabını gözləyirik. Hələ ki elə bir çətinliyim yoxdur”.

Bakı Dövlət Universitetinin  III kurs tələbəsi Xəyyam Fətullazadə nəzarətçilərin sərtliyindən gileyləndi:

“Artıq iki imtahanım geridə qalıb. Açığı, bir az çətinliyim yarandı. Belə ki, bəzi qeyri-ixtisas fənlərinə hazırlaşmaq çox çətin olur. Bir də bəzən nəzarətçilər tələbələrə  çox qəddar davranırlar. Yoldaşımızdan bir kəlmə belə soruşmağa icazə verilmir. Məncə tələbənin həmin vaxtkı stressini nəzərə alaraq davranmaq daha yaxşı olardı”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin  III kurs tələbəsi Güləli Qasımov imtahanda nəzarətçilərin mane olduğunu deyir:

“Bizdə imtahanlar həm yazılı, həm də testlə olur. Bu semestr verəcəyimiz imtahanların  isə çoxusu yazılıdır. İmtahanla bağlı elə  bir çətinliyim olmasa da, bəzən nəzarətçilərlə bağlı problem yaranır. Ya ayaqqabılarının taqqıltısı, ya da aralarında etdikləri söhbət bizə mane olur”.

Digər bir III kurs BDU tələbəsi Allahyar Cəfərov heç bir problemin olmadığını, yeni rektordan sonra universitetin çiçəkləndiyini deyir:

“Bizdə imtahanlar yazılıdır. Hələ elə bir çətinliyimiz yoxdur.   Yeni rektor gələndən universitetdə sanki çiçəklənmə olub. Bu gün yazırıq sabaha cavabları öyrənirik.  Yazılar yenidən  yoxlamaya getmir”.

Azərbaycan Dövlət Dənizçilik Akademiyasının I kurs tələbəsi  Cabbar Əlizadə test imtahanını rahat versə də yazılı imtahanda çətinlik çəkir:

Bizdə həm yazılı həm də test imtahanları olur. Test rahat keçsə də  yazılı imtahanlarda çətinliyimiz yaranır.

Azərbaycan Dillər Universitetinin I kurs tələbəsi Əliağa Abbasov sualların sayının çox, hazırlaşmaq üçünsə vaxtın azlığından gileyləndi:

“Bəzi imtahanlarda çətinliyimiz olur. Belə ki sualların sayını çox, hazırlaşmaq üçün  vaxtı isə az verirlər. Nəzarətçilərlə bağlı elə bir problem olmasa da, partaların arasında çox dolaşırlar. Bu da istər-istəməz diqqəti yayındırır”.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının  I kurs tələbəsi Tofiq Heybətov bütün imtahanları testlə verdiyini heç bir probleminin olmadığını deyir:

“Bu semestr 5 imtahanım var idi. Sabah sonuncu imtahanımdı. Hələki heç bir problemim yoxdu. Bizdə imtahanlar testlədir. Hamısını çox rahatlıqlar vermişəm”.

 Rəna Nəbi