Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-23 22:06:29
“Ceyhun Bayramov işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçilir”

“Ceyhun Bayramovun təhsil naziri vəzifəsini icra etdiyi bir neçə aylıq dövr sakit və ajiotajsız keçdi. Bəziləri bu sakitliyi nazir təyinatının olmaması ilə bağlayırdı. Amma mən bu sakit, iddiasız işgüzarlığı Ceyhun Bayramovun şəxsi və idarəçilik keyfiyyətləri ilə izah edirdim”. 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Ceyhun Bayramovun təhsil naziri postuna təyin edilməsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə bu gün Ceyhun Bayramov təhsil naziri təyin edilib.   

AYB katibi yeni nazirin bacarıq və peşəkarlığını qeyd edərək, bu təyinatı yüksək dəyərləndirib:

 “Təhsil Nazirliyinə son illər gələn yeni kadrlar içərisində Ceyhun Bayramov təmkini, müzakirələrə açıq olması, eyni zamanda işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçilirdi. Təmasda olduğum bu illər ərzində onu dəyərləri bilən, geniş dünyagörüşlü bir insan kimi tanımışam. 

Təhsil nazirinin kim olacağı ilə bağlı müxtəlif səviyyəli disskusiyalarda da öz fikrimi elə bu müşahidələrimə əsasən bildirirdim. Və qənaətim hər dəfə birmənalı olurdu: Ceyhun Bayramovun həm nazir səlahiyyətlərini icra etdiyi müddətdə, həm də ona qədərki fəaliyyəti göstərir ki, nazir vəzifəsinə ən uğurlu namizəd elə odur. Mən cənab prezidentin bu uğurlu seçimini alqışlayır və təyinatı yüksək qiymətləndirirəm. İnanıram ki, Ceyhun Bayramov sadaladığım keyfiyyətləri ilə Azərbaycanın təhsil sisteminə öz töhfəsini verəcək, ölkəmizdə təhsilin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq”.