https://www.zirve.edu.az/
23.04.2018 14:14
Coğrafiya İnstitutu Qafqazın dağlıq regionlarında iqlim dəyişmələrini öyrənir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Qafqazın dağlıq regionlarında iqlim dəyişmələrinə uyğunlaşma imkanlarının gücləndirilməsi, " Elm və təcrübə arasında qarşılıqlı əlaqənin optimallaşdırılması” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə alim və mütəxəssislərlə yanaşı, müxtəlif nazirlik və idarələrin, biznes sektorunun və vətəndaş cəmiyyətinin, təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

İnstitutdan AZEDU.az-a  bildirilib ki, tədbirin məqsədi elm və təcrübənin vəhdətinin təmin edilməsi, eləcə də maraqlı tərəflərin iştirakı ilə layihə təklifinin hazırlanması olub.

Layihə təklifinin hazırlanması üzrə milli məsləhətçi, Qafqaz Dağlıq Regionlarının Elmi Şəbəkəsinin ölkəmizdəki nümayəndəsi Azər Qarayev gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.

Sonra akademik Ramiz Məmmədov rəhbərlik etdiyi Coğrafiya İnstitutunun yaranma tarixi, tədqiqat sahələri, fəaliyyət istiqamətləri və son illərdə qazandığı nailiyyətlər, gələcək regional və beynəlxalq əməkdaşlıq sahəsindəki planlar, gənc tədqiqatçılar nəslinin formalaşması, eləcə də prezidenti olduğu Azərbaycan Coğrafiya Cəmiyyətinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Qafqaz mövzusunda keçirilən beynəlxalq forumlarda Azərbaycan tərəfinin mütləq iştirakının vacibliyini vurğulayan akademik “Qafqaz dağ forumu” çərçivəsində ölkəmizin coğrafiyaçılarının Türkiyə, Rusiya, Gürcüstan və İran mütəxəssisləri ilə uğurlu əlaqələrindən, eləcə də Qafqaz Dağlıq Regionlarının Elmi Şəbəkəsi ilə yaranmış əməkdaşlığın əhəmiyyətindən danışıb.

Coğrafiya institutunun aparıcı elmi işçisi, coğrafıya üzrə fəlsəfə doktoru Rövşən Kərimov bildirib ki, iqlim dəyişmələri, təbiət hadisələri ilə məşğul olan müxtəlif sahələrin mütəxəssisləri ilə əlaqələrin gücləndirilməsi üçün uyğun şəraitin təmin edilməsi vacibdir.

Tədbirdə adları çəkilən aspektlərin Qafqaz ölkələri, Rusiya, Türkiyə və İranda texniki dəstəyinə yönəldilmiş yeni regional təşəbbüs müzakirə olunub. Bu təşəbbüs İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi Zahir Əhmədov tərəfindən dəstəklənib.

Konfransın ikinci hissəsində “Elm və praktika vəhdətinin mövcud vəziyyəti, boşluqların və zəif tərəflərin identifikasiyası və əsas tələbatların müəyyən edilməsi” mövzusunda geniş təqdimatla çıxış edən Azər Qarayev təmsil etdiyi təşkilatın fəaliyyətində regional aspektlər, Coğrafiya İnstitutu ilə əməkdaşlıq məsələlərinə toxunub. Məruzəçi Qafqazda iqlim dəyişmələrinə adaptasiya məsələlərində elm və təcrübənin qarşılıqlı vəhdəti potensialının uyğunlaşdırılmasına yönəlmiş yeni təşəbbüs barədə ətraflı danışıb.

Konfransda elm və təcrübənin qarşılıqlı əlaqəsini daha da yaxşılaşdırmaq məqsədilə milli və regional səviyyədə həyata keçirilməsi zəruri olan bir sıra konkret təkliflər verilib.