https://www.zirve.edu.az/
23.04.2018 09:21
Hazırlıq qruplarının oğlanlarına möhlət hüququ veriləcək

"Təhsil haqqında" qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub.

Hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. 14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, 2018-ci tədris ilindən etibarən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi. 

Lakin Təhsil Nazirliyindən AzEdu.az-a verilən açıqlamada hazırlıq qrupları ilə bağlı planın dəyişdiyi və hazırlıq qruplarının növbəti tədris ilindən fəaliyyətə başlayacağı bildirilib.

Əldə etdiyimiz məlumata görə, prosesin uzadılmasına  səbəb hazırlıq qruplarında təhsil alacaq oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə  bağlıdır. Çünki hazırki qanunvericiliyə əsasən, yalnız bakalavr, magistr və doktorantura pilləsində oxuyanlara möhlət hüququ verilir. Hazırlıq qruplarında oxumaq istəyənlərin yaşının 17-18 civarda olduğunu nəzərə alsaq, onlara möhlət hüququnun verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir.

Hazırda məsələ Nazirlər Kabinetinin müzakirəsindədir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi ilə Nazirlər Kabineti arasında mövzuyla bağlı müzakirələr davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi üçün təkliflər verilib.

“Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 741-VQD nömrəli Qanunu ilə “Təhsil haqqında” Qanunda  dəyişiklik edilərək ali təhsil müəssisələrində hazırlıq qrupları təşkil  olunub. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2017-ci il 13 iyul tarixli 1522 nömrəli Fərmanı ilə  Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulub. Təhsil Nazirliyinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun çağırışçılara təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini tənzimləyən 21-ci maddəsinə dəyişikliklərin edilməsinə dair hazırladığı Qanun layihəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  tərəfindən təkliflər verilib”.

Mirmahmud KAZIMOĞLU