https://www.zirve.edu.az/
06.04.2018 09:38
“Belə getsə, Bakıda bir nəfər də gürcü tələbə qalmayacaq” - İlginc səbəblər
Çap et

Azərbaycanlı gənclərin təhsil üçün üz tutduğu ölkələrdən biri də Gürcüstandır.

Hesablamalara görə, qonşu ölkədə 2 691 Azərbaycan vətəndaşı olan tələbə təhsil alır. Onların 501-i dövlət, 2 190-ı isə özəl ali təhsil müəssisələrində oxuyurlar. Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanda isə gürcüstanlı tələbələrin sayı cəmi 14 nəfərdir. Say fərqinin belə çox olmasının səbəbləri nələrdir? Tələbələri bu ölkəyə hansı perspektivlər cəlb edir?

Tələbləri ölkəmizdən uzaq salan səbəblər barədə AzEDU.az-a danışan təhsil eksperti Fuad Hacıyev bildirib ki, burada əsas problem Azərbaycan diplomlarının heç yerdə tanınmamasıdır:

“Azərbaycan diplomları əvvəllər heç olmasa qonşu dövlətlərdə tanınırdı. Hələ heç dünyanı demirəm. İndi isə İran belə bu diplomları tanımır. Bu ildən etibarən  ən çox iranlı tələbənin təhsil aldığı Tibb Universitetimiz belə onların siyahısından çıxarılıb.

30124488_2052879051654725_1479915158900834304_n.jpg

Bundan əlavə Azərbaycanda yaşam xərcləri çox bahadır. Bunun əvəzində isə təhsilin keyfiyyəti çox bərbaddır. Burada təhsil alan gürcüstanlılardan bir neçəsini şəxsən tanıyıram. Onlar Gürcüstan azərbaycanlılarıdır. Yəni, ölkəmizə güclü təhsil eşqi ilə gəlməyiblər, sadəcə burada yaşayırlar. Bizim universitetlərə imtahansız qəbul ola bildiklərinə görə sənədlərini bura verib, oxuyublar”.

O, gəncləri Gürcüstana cəlb edən faktları sadalayıb:

“Bizim tələbələri Gürcüstana cəlb edən səbəblər çoxdur. Onlardan ən əsası ölkədə yaşam xərclərinin  sərfəli olmasıdır. Gediş-gəliş üçün də az pul tələb olunur. Səhv etmirəmsə cəmi 16 manata avtobusla Gürcüstana getmək mümkündür. Ölkədə mövcud olan demokratik şərait də tələbələri ora cəlb edir. Bu, bir çox demokratiya sevən, amma Avropaya getmək imkanı məhdud olan tələbələr üçün əla fürsətdir. Gənclər həm özləri, həm də ailələri rahat şəkildə köçüb burada məskunlaşa bilirlər. Tələbənin təhsil ala, ailənin isə biznes qurub yaşaya biləcəyi ölkədir”.

Ekspert diplomun tanınmaması ilə bağlı olan əngəllərə baxmayaraq, tələbələrin yenə də bu ölkəni seçdiyini vurğulayıb:

“Gürcüstan diplomlarının Azərbaycanda tanınması prosesində müəyyən maneələr yaradılır. Maraqlı məqam ondadır ki, buna baxmayaraq, tələbələr yenə də ora getməyə davam edir. Məncə bu əngəllər sayın çox olmaması üçün törədilir. Azərbaycanlı tələbələr Gürcüstandan başqa ölkələrə də gedirlər. Türkiyə bu sırada birinci yerdədir.  Sonrakı yerləri isə İtaliya, Almaniya və Pribaltika ölkələri bölüşür.

Tələbələrin Gürcüstana attestatla getməsi məsələsinə gəldikdə isə, bu bir qədər fərqlidir. Çünki bizim universitetlərə də əcnəbi tələbələr elə bu üsulla qəbul olunur. İngiltərədə də belədir. verilən İELTS və TOEFL imtahanları isə sadəcə dil səviyyəsi üçündür.

Gürcüstan təhsili daha çox Avropa və Amerika sistemi ilə uyğunlaşmağa çalışan bir sistem üzərində qurulub”.

Tarixçi alim Kərəm Məmmədli isə belə getsə, bir azdan  Azərbaycanda bir nəfər də gürcü tələbənin qalmayacağını deyib:

“Bu, birinci növbədə təhsil proqramlarının fərqliliyi ilə bağlıdır.  Məsələn burada 3-cü qrup ixtisasları üzrə təhsil almaq istəyənlər maneə ilə rastlaşacaq, fizikadan imtahan verə bilməyəcəklər. Çünki bizim proqram fərqlidir. Həm Azərbaycan tarixi keçirilir, tədrisdə kəskin  fərqlər var.

1494492922_kerem-memmedli.jpg

Hələ sovet hakimiyyəti dövründə limitlə oxumaq məsələsi vardı. Yəni, Gürcüstanda yaşayan azərbaycanlılar üçün burada limitdən yer ayrılırdı. Həmən uşaqlar Tiflisdə müsabiqədən keçəndən sonra gəlib burada ali təhsil alır və geri qayıdırdılar.

Mən Borçalı cəmiyyətinin sədri olanda təklif etdim ki, dövlət xətti ilə Bakıda olmasa da, BDU-nun Qazaxıstanda açılan filialında təhsil alsınlar. Hər halda dövlətimizin imkanı çatar ki, ildə iyirmi tələbə orada oxusun. Bu şərtlə ki, onlar mütləq qayıdıb işlə təmin olunsunlar. Bununla bağlı Azərbaycan və Gürcüstan Təhsil Nazirliyi arasında razılaşma əldə etmək olardı. Hələ yaxşıdır ki, Azərbaycanda 14 gürcü tələbə var. Belə getsə, az sonra heç bir nəfər də qalmayacaq.  Biz keçən il həyəcan təbili çaldıq. Nəticədə Nazirlər Kabineti Gürcüstana 17 500 kitab göndərdi. Oradakı camaatın sevincini sözlə ifadə etmək mümkün deyildi”.

O, Gürcüstan təhsil sisteminin bizim ölkədən fərqini də izah edib:

“Ümumiyyətlə, Avropa ölkələrində bir qayda var: attestatla qəbul edirlər, amma universiteti az adam oxuyub bitirə bilir. Attestat alıbsa, deməli, bu adamın minimum bilikləri var. Universitetdə hansısa sahəyə yönəlir, oxuyur, bacarmasa, universitetdən kənarlaşdırılır. Gürcüstanın təhsil sisteminin fərqi də budur. Orada istənilən universitetə attestatla qəbul mümkündür. Həmin tələbələr üçün bir il özəl olaraq gürcü dilindən hazırlıq keçirilir. Bir ildən sonra tələbə həmin dildən imtahan verir və universitetə qəbul olur. Digər Avropa ölkələrində də belədir”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları