Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-27 17:40:00
Abituriyent və tələbələri aciz qoyan dinləmə sualları - "Kurslar qazanır, məktəb itirir"

Buraxılış və qəbul imtahanlarına Xarici dil fənnindən  salınan dinləmə mətnləri dil kurslarına tələbatı artırıb.

Magistraturaya qəbulda dinləmə mətnlərinin tətbiqi əksər bakalavrların  bu mətnlər qarşısında aciz qalmasını göstərdi.

Orta ümumtəhsil müəssisələri şagirdlərin gələcəkdə bu problemlə üzləşməməsi üçün lazım olan şərtlərə tam cavab verirmi?

“Kitabların üstündə mütləq disklər olmalıdır”

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti, ingilis dili müəllimi Raqif Mərdanov bildirib ki, bu predmetə  aid dərsliklər orta ümumtəhsil müəssisəsi üçün ən böyük problemlərdən biridir.

Ekspert kənd və şəhər məktəblərində formalaşan onillik  təcrübəsinə əsasən, bu dərsliklərdəki durumun heç də  ürəkaçan  olmadığını deyir:

“Əvvəla, kitablarda mövzuların içindəki qrammatik  qaydalar sistemli və tam verilməyib. İkincisi, dərsliklərdəki mövzu və dizayn  mürəkkəbliyi öyrədici xarakter daşımır. Bundan əlavə, kitablarda dinləmə disklərinin  olmaması şagird və müəllimləri çətinliyə salır. Hər hansı saytdan həmin kitaba aid audio materialları yükləmək isə qarışıqlıq yaradır, kitabların üstündə mütləq disklər olmalıdır”.

Ekspert hesab edir ki, şagirdlərin gec də olsa, oxu və dinləmə bacarıqları ilə imtahan edilməsi önəmli addımdır. Əksər məktəblilərin arzusu savad almaq deyil, universitetə qəbul olunmaqdır. O səbəbdən, bu addım onların dil biliklərinin inkişafına təkan verəcək.

“İtirən məktəb, qazanan isə kurslar olur”

Amma orta məktəblər şagirdlərə dəstək olmaq üçün əllərindəki şəraitdən kifayət qədər yararlanırlarmı?

Raqif müəllim bu suala cavab olaraq mövcud şəraitdən itirən və qazanan tərəfləri sadalayıb:

“Təhsilin içində olan biri kimi əminliklə deyə bilərəm ki, məktəblərə ayrılan ləvazimatlar-proyektor, kompüter, ağıllı lövhələrdən çox az istifadə edilir. Şəhərdə tək-tük məktəbə həftədə bir-iki dəfə görüntü xatirinə onlardan istifadə edilir və bu  o demək deyil ki, bütün şagirdlər bundan yararlanırlar. Məktəblərdə listening etmək üçün siniflər belə çatışmır. Yəni, nəzərdə tutulan  standartlar tam tətbiq edilmir. Bu səbəbdən müəllim və şagird dərsliyə, məktəbə  həvəslə yanaşmır.

Təhsilimizdə çatışmayan bu boşluqlardan isə ağıllı adamlar istifadə edib kurs açırlar. Hər 5 uşaqdan 3-4-ü  VIII sinifdən  hazırlığa gedir. Ümid qalır, repetitor və kurslara. Savadlı müəllimlərin işləyib əlavə gəlir qazanmaq, şagirdlərin təhsil almaq üçün  repetitor və ya kurslara ehtiyacı yaranır. İtirən məktəb, qazanan isə kurslar olur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları