https://www.zirve.edu.az/
04.04.2018 13:34
“Bu qanunun tətbiqinə xeyli vəsait lazımdı” - Yeni qanun acınacaqlı vəziyyəti dəyişə biləcəkmi?

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin iclasında “Peşə təhsili haqqında” qanun layihəsi qəbul olunub.

Qanun layihəsinin Azərbaycan təhsilinə nələri qazandıracağını, tələbələrə hansı imkanlar yaradacağını öyrənmək üçün təhsil eksperti Etibar Əliyevlə əlaqə saxladıq.

Etibar Əliyev  AzEDU.az-a açıqlamasında qanun layihəsi ilə tanış olmadığını bildirib:

“Bu qanun qeyri hökümət təşkilatlarına göndərilməyib. Bundan əvvəl də təhsilin digər pilləri ilə bağlı qəbul olunan qanunlara biz öz tövsiyyələrimizi vermişik. Milli Məclisin qəbul etdiyi “Məktəbəqədər təhsil haqqında” qanunda çox qüsur var. Təəssüflər olsun  ki, Milli Məclisin Elm və Təhsil komitəsi avtoritar formada işləyir. Ümumiyyətlə, uzun illər təhsil eskperti olan şəxsləri, eyni zamanda peşəkar qeyri-hökümət təşkilatlarını qanun layihəsinin müzakirəsinə cəlb etmirlər. Bizdə  qanun layihəsi olmadığına görə, təhsil eskperti kimi heç nə deyə bilmərəm. Lakin təhsilin bütün pilləri içərində ən acınacaqlı vəziyyətdə  peşə təhsili sahəsindədir”.

img1452018.jpg

Ekspertin sözlərinə görə, bu sahədə mükəmməl qanun qəbul olunsa belə yeni texnologiyaların alınması, peşə məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün xeyli vəsait tələb olunur:

“Reallıq isə budur ki, təhsilin pilləri içərində ən az vəsait peşə təhsilinə ayrılır. Qanuna baxmasam da belə hesab edirəm ki, peşə təhsilinə diqqət artırılmalıdır. 100 minə yaxın məzunun 30 faizi ali təhsilə cəlb olunur. Peşə təhsilinə cəlb olunan məzunlar isə bütün məzunların 15-18 faizini təşkil edir. Təhsil Nazirliyin nəznində peşə agentliyinin yaradılması bu işləri müəyyən qədər yaxşılaşdırsa da, yeni vəsaitlər, yeni texnologiyalar tədbiq olunmadığı  və bu sahədə çalışan peşəkar müəllimlərin əmək haqqlarında ciddi dəyişikliklər edilmədiyi təqdirdə peşə təhsilini indiki durumdan çıxarda bilməyəcəyik”.

Qeyd edək ki, 5 fəsil və 26 maddədən ibarət olan qanun layihəsində özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi, Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və s. məsələlər yer alıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları