Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 22:02:00
İTİ-nin elmi-praktik jurnallarının beynəlxalq reyestrlərə inteqrasiyası

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya (AMEA) Texnologiyaları İnstitutunun elmi şurasının növbəti iclasında “İnformasiya texnologiyaları problemləri” jurnalının cari ildəki planı təqdim olunub. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, jurnalın məsul redaktoru, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” elmi-praktik jurnallarının 2019-cu il üzrə fəaliyyətinə dair görüləcək işləri təqdim edib. Bildirib ki, “İnformasiya texnologiyaları problemləri” jurnalı “Google Scholar”, “INSPEC və Copernicus”, “İnformasiya cəmiyyəti problemləri” jurnalı isə “Google Scholar” və “INSPEC” indeks bazalarına daxildir. Jurnalların müvafiq axtarış sistemlərində yaxşı tanınmasını təmin etmək üçün müəyyən texniki problemlərin həlli, beynəlxalq reyestrlərə inteqrasiyasının davam etdirilməsi istiqamətində işlər cari ildə də davam etdiriləcək.

 

Zərifə Cəbrayılova xatırladıb ki, 2018-ci ildə Ankara Mərkəzi Elmi Kitabxanası Azərbaycanda nəşr olunan bütün elmi jurnallar arasından yalnız üçünü seçərək abunə yazılıb ki, onlardan da 2-si məhz AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi nəşrləridir.

 

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qurumun elmi-praktik jurnallarının beynəlxalq tələblərə uyğunlaşdırılması üçün dünyanın nüfuzlu elmi jurnallarının təcrübələrindən faydalanmağın önəmini vurğulayıb. Diqqətə çatdırıb ki, məqalələrin ingilis dilinə tərcüməsinin keyfiyyətinin artırılması jurnalların beynəlxalq bazalara inteqrasiyasının gücləndirilməsi üçün geniş imkanlar açacaq.

 

Təqdimatdan sonra fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Elmi şuranın qərarı ilə jurnalların fəaliyyət planı təsdiq edilib.