“Maarifçi” proqramının növbəti mərhələlərində regionlardan olan gənclərin iştirakına daha çox üstünlük vermək istəyirik".
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli IV “Maarifçi” tələbə-məzun forumunda çıxışı zamanı deyib.
O bildirib ki, proqram artıq özünü doğruldub və fəaliyyətini davam etdirməsi, daha da inkişaf etməsi vacibdir:
M.Kərimlinin sözlərinə görə, regionlara səfərlər zamanı proqram iştirakçılarını müxtəlif proseslərdə görmək sevindirici haldır.
Bu da “Maarifçi”nin fəaliyyətinin səmərəliliyini göstərən mühüm amillərdəndir. Aparat rəhbəri qeyd edib ki, gələcəkdə proqram çərçivəsində regionlarda daha çox gəncin iştirak etməsi nəzərdə tutulur.
“Düşünürük ki, növbəti mərhələlərdə regionlarda daha çox maarifçi görmək istərdik. Bu, həm də proqramın prinsiplərinə və missiyasına uyğundur. Könüllülük əsasında regionlardan olan gənclərimiz, hətta Bakıda və ya digər şəhərlərdə yaşasalar belə, başqa bölgələrdə maarifçi missiyasını həyata keçirə bilərlər. Əlbəttə, bizim də borcumuz onlara bunun üçün müvafiq şərait yaratmaqdır”.
M.Kərimli əlavə edib ki, “Maarifçi” məzunlarının sayının artması artıq qeyri-formal şəbəkənin formalaşmasına imkan verir. O, iştirakçılara formal “Maarifçi” şəbəkəsinin yaradılmasını da düşünməyi tövsiyə edib.