https://www.zirve.edu.az/
08.02.2019 11:57
“Sevdiyim insanlar və qazan kotleti üçün darıxıram” – Çində oxuyan tələbəmiz- MÜSAHİBƏ  
Çap et

Çinli müəllimlər   magistratura və doktorantura  təhsillərini müxtəlif ölkələrdə aldıqları üçün daha təcrübəlidirlər.

Buradakı müəllimlər  öz sahələri üzrə akademik bazalarda bir çox məqalələr nəşr etdiriblər. Azərbaycanda isə qeyd etdiyim keyfiyyətlərə malik  pedaqoqların sayında artım olsa da ümumi olaraq çox azdır”.

Bunu AzEdu.az-a müsahibəsində Çində  oxuyan gənc soydaşımız Eşqin Məhəmmədli deyir.

Eşqinlə  müsahibəni təqdim edirik:

Öz dilindən dosye:Mən Məhəmmədli Eşqin Fazil oğlu 1994-cü ildə Beyləqan rayonunda anadan olmuşam.Orta təhsilimi 7-ci sinfə qədər Beyləqan rayon 1 nömrəli  məktəbdə, sonra isə Ağdaş Özəl Türk liseyində davam etdirmişəm.

Liseydə oxuduğum müddət ərzində Kimya fənninə böyük marağım olub. Bakalavr təhsilimi 2011-2015-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində almışam.  Daha sonra 2015-2016-cı illərdə  hərbi qulluqda olmuşam.2017-ci ildə Qərbi-Kaspi Universitetinə magistr səviyyəsi üzrə qəbul olsam da birinci semestrdə təhsilimi dayandırdım.  2018-ci ildən etibarən  Hökumətlərarası Təqaüd Proqramı Çərçivəsində Tianjin Universitetində “EnvironmentalEngineering” (Ətraf Mühit Mühəndisliyi )üzrə magistr təhsili alıram.

-Eşqin, əvvəlcə,olimpiadalarda iştirak  etdiyin zaman imtahanlara  necəhazırlaşmandın danışardın...

-Olimpiadalara hazırlıq DİM imtahanlarından da çətin idi.  Bütün olimpiadaçılar Baki Özəl Türk Liseyində xüsusi  və peşəkar müəllimlər tərəfindən öyrədilirdi. IX  sinifdə Kimya üzrə Respublika fənn olimpiadasinda bürünc medal qazanmışdım. Daha sonra Kimya olimpiadası üzrə Dünya Komandasına  vəsiqə əldə etdim. 2008-2009-cu illərdə Kimya fənni üzrə 2 dünya səviyyəli yarış keçirilirdi: Mendeleyev Olimpiadası və İCHO( İnternationalChemistryOlympiad) Beynəlxalq Kimya Olimpiadasi… Daha sonra elə oldu ki, Olimpiada üzrə fəaliyyətimi davam etdirmədim. Amma peşman deyiləm.

-Bəs nəyə görə  olimpiada uğurlarını sonradan davam etdirmədin?

- Bəlli bir səbəbi yox idi. Sadəcə, DİM imtahanlarına hazırlaşıb,  Azərbaycan universitetində təhsil almağım məsləhət olundu.

-Maraqlıdır, tələbələrin əksəriyyəti Avropa ölkələrində təhsil almağa üstünlük verdiyi halda, sən  niyə məhz Çini seçdin?

-Etiraf edim ki, bakalavr səviyyəsində oxuduğum müddətdə Macarıstanda təhsil almağı planlayırdım. Çünki, orada təqaüd proqramı  mövcud idi.  Məhz ona görə də lazım  olan dil sertifikatını (İELTS-i) və digər sənədlərimi hazırlayırdım.

Təhsilimin bakalavr səviyyəsini bitirdikdən sonra hərbi xidmətə yollandım.  2016–cı ildən etibarən isəHökumətlərarası Təqaüd Proqramı  çərçivəsində tələbələrin ÇXR-na göndərilməsi həyata keçirilirdi.Təbii ki,  bu da diqqətimi cəlb etməyə bilməzdi.  Daha sonra  Çində təhsil almağın hansı üstünlükləri vəd edə bilməsini  araşdırdım.  Onu da qeyd edim ki, Azərbaycanda bakalavr səviyyəsində oxuduğum zaman ixtisasım ekologiya üzrə olub. O zamanlar  ixtisasım məşhur olmasa da xarici ölkələrdə xüsusilə ətraf mühit çirklənməsinin çox olduğu ölkələrdə aktual  sahə olduğundan məlumatım var idi.   Çində də xüsusilə ətraf mühit mühəndisliyinə   böyük diqqət ayrılmağının fərqinə vardım.  Həmçinin, çincənin dünyada ən çox danışılan  dillər arasında olmağı və iqtisadiyyatının dünya səviyyəsində dominantlığı məni Avropaya deyil, bura yönəlməyə sövq etdi.

-Bəs, Çin təhsil sistemininbəyənib-bəyənmədiyin tərəfləri hansılardır?

-Ümumiyyətlə,Çinlə  ABŞ təhsil sisteminin oxşarlığı çoxdur. Çin universitetlərində  hər  semestrin sonunda bəzi fənlər test, yazılı, bəziləri isə təqdimatla qiymətləndirilir. Tələbələrin dərsdə iştirakı ümumi qiymətləndirmənin  10%-ni təşkil edir. Amma çox nadir hallarda tələbələrin dərsdə iştirakını yoxlayırlar.  Müəllimlər çinlilərə və çin dilində təhsil alanlara  qarşı çox tələbkardır. Burada tədris müddəti ərzində əcnəbi tələbələrə bəzi hallarda güzəştlər edilir.

-Eşqin səncə, Çində  təhsil almağın əsas üstünlükləri nələrdir?

-Çində təhsil almağın üstünlükləri çoxdur. İlk növbədə onu qeyd edim ki, təhsilin üstünlüyü burada təhsil alanların şəxsi yanaşması və məqsədlərindən asılı olaraq dəyişir. Çində təhsil tələbələrin dünyagörüşünü artırır. Burada təhsil alan tələbələr beynəlxalq mühitdə olmaqla  yanaşı, xüsusilə də ingilis dilini təkmilləşdirə bilərlər.

-Bəs,Çin universitetlərinə qəbul olmaq üçün hansı proseduralardan keçmək lazımdır?

-Çində ingilis dili proqramında təhsil almaq istəyənlər üçün  ilk növbədə dil sertifikatı lazımdır. Daha sonra digər  sənədləri Təhsil Nazirliyinə göndərərək müsahibədə iştirak etmək vacibdir.  Əgər təhsil almaq istəyənlərin namizədliyi müsbət qiymətləndirilərsə  məlumatları  CSC-a (ChinaScholarshipCouncil)  göndərirlər. 

Məlumatları CSC təsdiqlədikdən sonra, namizədlər Çində təhsil haqqını qazanmış olurlar.Bununla yanaşı tələbələr fərdi şəkildə istər  Çin Hökumət Təqaüdünə,istərsə də universitet və əyalətlərin  proqramına birbaşa müraciət edə bilərlər.

-İngilis şairi Tomas Eliot hesab edirdi ki, yaxşı biri olmaq insanın özündən başqa hər kəsin işinə yarayır.Səncə də belədir?

-Xeyr… bu fikirlərlə  razı deyiləm. Çünki, yaxşı və ya pis insanın yaxşılığı da, pisliyi də  özünə qalır. Hesab edirəm ki, Tomas Eliot  bu məsələyə eqoizm çərçivəsindən yanaşıb. Əgər sırf kiminsə işinə yaramaqdan söhbət gedirsə, deyə bilərəmki, şair özü-özünü səhv çıxarıb. Çünki, yaxşı insan kimlərinsə işinə yarayırsa, onun da öz işinə yarayan digər yaxşılar olur.Amma qarşılıq düşünmədən edilən yaxşılıqdan söhbət gedirsə atalarımız daha müdrik yanaşıblar : “Yaxşılıq et at dənizə balıq bilməsə də Xaliq biləcək”.

-Həyatda hər kəsin səhvi olur. Mənim isə ən böyük səhvim... zəhmət olmasa cümləni tamamla

-Təəssüf ki, bu sualı cavablandıra bilməyəcəm. Çünki,  görünüşə görə nəyisə səhv etdiyimi duşündüyüm bir şey  bəlkə də ən doğru addım  ola bilər.  Yəni, yaşadığımız həyatın  pərdə arxasını aşkara çıxarmaq  elə də asan deyil.  

-Səncə,Çin və Azərbaycan müəllimi arasında nə kimi fərqlər var?

-Fərq ondan ibarətdir ki, Çində  dərs deyən müəllimlər   magistr, doktorantura, təhsillərini müxtəlif ölkələrdə aldıqları üçün daha təcrübəlidirlər. Buradakı müəllimlər  öz sahələri üzrə akademik databazalardabir çox məqalələr nəşr etdiriblər.Azərbaycanda isə son illər yuxarıda sadaladığım keyfiyyətlərə malik olan pedaqoqların sayında artım olsa da ümumi olaraq çox azdır.

-Təhsil almaqla yanaşı, vətənimizi qərib ölkədə necə təmsil edirsən?

-Buradakı kampusda azərbaycanlı tələbə təkcə mənəm. Amma əcnəbi tələbələrin böyük hissəsi ilə tanışlığım var.  Digər əcnəbi tələbələr davranışım, xarakterimə görəölkəmizin insanları haqqında ilkin fikir formalaşdırırlar.  Məhz ona görə də, çalışdığım qədər millətimizin adına layiq şəkildə ölkəmizi təmsil edirəm.Həmçinin, əksər ünsiyyətdə olduğum tələbələrə Azərbaycanın yerləşdiyi ərazini,Türkiyə ilə qardaş olan  türk dövləti olduğunu  bildirirəm. Həmçinin,Qarabağ konflikti haqda daməlumat verirəm.Yəni ölkəmizi bacardığım qədər yaxşı təmsil etməyi özümə vicdan borcu bilirəm.

-Eşqin,  hansı tarixçiləri oxuyur və bəyənirsən?

-Ən bəyəndiyim tarixçi Ziya Bünyadov olub daha sonra isə Abbasqulu Ağa Bakıxanov,İlberOrtaylıdır.

-Orada ən çox nədən ötrü darıxırsan?

- Ən çox sevdiyim insanlar üçün darıxıram. Həmçinin  rayonumuzun  təmiz havası və qazan kotleti üçün də darıxıram.

-Eşqinin fikrincə,  Azərbaycanın ən güclü və  zəif təhsil verən universitetləri hansıdır?

-Ən güclü təhsil verən universitetlər: ADA universiteti, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan-Fransız  Universiteti, Baki Mühəndislik Universitetidir.  Zəif universitetləri isə dəqiq deyə bilmərəm.

 -Bəs, səncə tələbənin şəxsi inkişafına kömək edən amillər hansılardır?

-Fikrimcə, universitetdə olan mühit tələbənin şəxsi inkişafına kömək edən əsas şərtlərdən biridir. Həmçinin, öz təcrübəmdən deyə bilərəmki, mütəmadi  olaraq idmanla məşğul olmaq da  digər fəaliyyətlərəyaxşı mənada  təsir edir.

-Çində təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdin?

-Burada Çin dilində təhsil alanlar üçün 1illik hazırlıq kursu olsa da ölkəyə gəlmədən öncə HSK 3-4 səviyyəsində öyrənmək böyük fayda verir. Ümumiyyətlə, Çin universitetlərində təhsil almaq o qədər də çətin deyil.

Gənclərə Çində təhsil almağı  şiddətlə tövsiyə edirəm.

-Bəs,  son olaraq Azedu.az-a sözün?

- Qarşıdakı fəaliyyətinizdə uğurlar arzu edirəm.

Günel Yaşarqızı
Müəllifin digər yazıları