Azedu.az

“İnsanların xoşbəxt yaşamasını istəyirəm”- məktəblinin Qubadlı təəssüratları

Şagirdlər

25 Oktyabr 2026, 12:21
“İnsanların xoşbəxt yaşamasını istəyirəm”- məktəblinin Qubadlı təəssüratları

Qubadlıya səfər edən 7-ci sinif şagirdi Fatimə Hüseynli gördüyü mənzərədən həm təsirlənib, həm də kədərlənib. Doğma rayonun təbiətinə heyran qalan şagird gələcəkdə Qubadlının inkişafına töhfə vermək istəyir.

25 oktyabr Qubadlı şəhər günü münasibətilə Hafiz Quliyev adına texniki fənlər təmayüllü məktəb-liseyin 7 “B” sinif şagirdi Fatimə Hüseynli Qubadlı ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb.

O bildirib ki, Qubadlı haqqında məlumatları əsasən valideynlərindən və müəllimlərindən alıb:

“Qubadlıya getmişəm. Orada diqqətimi ən çox dağıdılmış, yarıuçuq evlər çəkdi. Çay da mənə çox maraqlı gəldi. Başqa rayonlarda, kəndlərdə də olmuşam. Qubadlı isə yaşıllığı ilə seçilir. Ancaq viran qalmış ərazi olduğu üçün digər yerlərdən fərqlənir və bu, diqqətimi cəlb etdi.

Qubadlıya gedəndə həm həyəcan keçirdim, həm də təəssüfləndim. Çünki bu qədər gözəl bir yerin sonradan belə vəziyyətə düşməsi məni kədərləndirdi.Qubadlının işğaldan azad olunması xəbərini ailəmlə birlikdə televiziyadan, xəbər kanalları vasitəsilə öyrəndik və çox sevindik, çox xoşbəxt olduq. Çünki bu, gözlənilməz xəbər idi.

“Qarabağ Universiteti çox müasir və maraqlıdır. Orada oxumaq istəyərəm. Gələcəkdə hüquqşünas olmaq fikrim var. Əgər Qubadlıda da universitet açılsa, orada təhsil almağı da düşünərəm.Böyüyəndə insanların hüquqlarını qorumaq, onların müdafiəçisi olmaq istəyirəm. Hüquqşünasın əsas vəzifələrindən biri də insan hüquqlarını qorumaqdır”.

Anasının da çalışdığı məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olduğunu deyən şagird onun həm valideyni, həm də müəllimi olmasını müsbət hal kimi qiymətləndirib:

"Anam mənə dərs deyir. Bilmədiklərimi ondan soruşuram, amma çalışıram ki, tapşırıqları daha çox özüm həll edim. Anamın məni digər şagirdlərdən fərqləndirməməsi yaxşı cəhətdir. Belə olanda sinifdə digər uşaqlardan üstün tutulmadığımı, hamı ilə bərabər olduğumu hiss edirəm.

İnşallah, Qubadlı sakinlərinin çoxdan arzuladıqları doğma yurda qayıdış istəyi gerçəkləşər. Onlar da Qubadlıya qayıdaraq orada rahat və xoşbəxt həyat yaşayarlar. Şəhər Günü münasibətilə bütün həmyaşıdlarımı, Qubadlı sakinlərini və bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm”.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox