Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-01 13:49:00
“Kiçik məsələlərə görə imtahandan çıxarırdılar” – Tələbələrin sessiya həyəcanı  

2018-2019-cu il payız semestrinin imtahan sessiyası artıq əksər universitetlərdə başa çatıb.

 AzEdu.az olaraq tələblər arasında sorğu keçirib,  ümumi ab-havanı öyrənməyə çalışdıq.

Avrasiya Universitetinin  III kurs tələbəsi Yusifova Gülər imtahan nəticələrindən razı olduğunu deyir. Onun nə müəllimlərindən narazılığı var, nə də özündən...

“İmtahanları çox yaxşı verdim. Universitetimizdən çox razı qaldım.

Bizdə imtahanlar yazılıdır. Həm müəllimlərimiz, həm də universitetin tələbələrə yaratdığı şərait çox yaxşıdır. Bir çox ali məktəbdə olmayan server proqramlar bizdə var. İmtahana giriş və çıxış ballarımızı elə həmin gün elektron şəkildə öyrənə bilirik”.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  İdman Akademiyasının I kurs tələbəsi Abdullayeva Gülnaz  imtahanları kompüterlə verdikləri üçün elə bir problemlə qarşılaşmadığını deyir:

“İmtahanlarım yaxşı keçdi. Bizdə imtahanlar kompüterlə olduğu üçün heç bir problem olmurdu. Cavablarımızı elə həmin gün öyrənə bilirik.

 Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi  Niftalıyeva Aksana bəzən nəzarətçilər mane olsalar da, imtahanı uğurla verdiyini bildirir:

“İmtahanlarda elə bir çətinlik olmadı. Yaxşı hazırlaşdığım üçün  rahat  da keçdim.

Yalnız bəzi imtahanlarda müəllimlər tələsdirirdilər ki, “tez olun, vərəqləri verib, çıxın, çox qalmayın!”.  Qalan hallarda elə bir çətinlik olmadı”.

Bakı Dövlət Universitetinin Qazax filialının I kurs tələbəsi Nəbiyeva Şəymən BDU-nun rayon filialında oxusa da nəzarətin çox yüksək olduğunu deyir:

“İmtahan yaxşı keçdi. Rayonda olmasına baxmayaraq, nəzarət yüksək səviyyədə idi. Yaxşı hazırlaşdığım üçü elə bir problem yaşamadım. İmtahan nəticələrim də yaxşıdır. Yəni çəkdiyim əziyyətin qarşılığı olaraq nəticələr də yaxşıdır”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin III kurs tələbəsi  Babayev Nihad nəzarətdən də, imtahandan da razı olduğunu bildirir:

“İmtahan çox uğurlu keçdi.  Həm biliklərimizi yenilədik, həm də bilmədiyimiz mövzuları öyrəndik. Bizim qrupda nəticələr çox yüksək oldu. Nəzarət də çox güclü idi. Nəzarətçilər imtahanın şəffaflığı üçün əllərindən gələni etdilər. Nəzarətçilərdən də, imtahandan da razıyam razıyam”.

Azərbaycan Dövlət İqtisad  Universitetinin  II kurs tələbəsi Bayramov Kənan həm oxuyub həm də işlədiyi üçün bir az çətinlik çəkdiyini deyib:

“İmtahanlar normal keçdi. Həm oxuyub həm də işlədiyim üçün bir az çətinlik çəkdim. Ortalama balım istədiyimdən aşağı gəldi. Bizim universitetdə imtahanlar həm testlə, həm də yazılı formada verilir. Qeyri-ixtisas fənləri testlə, ixtisaslar isə biri test, digəri yazılı  formada oldu. Nəzarət çox güclü idi. Kiçik məsələlərə görə imtahandan çıxarılma halları olurdu. Otaqda kameralardan əlavə, hər sırada iki nəzarətçi baxırdı. Birindən kömək almaq bir yana, sağa sola, o tərəf-bu tərəfə baxmağa da icazə yox idi”.

Bakı  Dövlət Universiteti II kurs tələbəsi Həsənova Aynur da nəticələrindən razıdır:

“İmtahan elə də pis keçmədi. Nəticələr qaneedici olduğundan apelyasiyaya müraciət edilmədi. Nəzarət çox güclü idi. İmtahan nəticələrimizi elə həmin gün öyrənə bilirdik”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi Pirməmmədov Çingiz imtahanların keçirilmə prosesindən razı qalıb:

“İmtahan pis keçmədi, elə bir problemim yaranmadı. Cavabları rahat öyrənə bilirdik. İmtahan nəticələrim elə də pis deyildi, qaneedici idi”.