Azedu.az

Pedaqoji ixtisaslara maraq azalır - Onlarla plan yeri BOŞ QALDI

Elm və təhsil

4 Sentyabr 2026, 10:21
Pedaqoji ixtisaslara maraq azalır - Onlarla plan yeri BOŞ QALDI

2026/2027-ci tədris ili üzrə qəbulda bir sıra pedaqoji ixtisaslarda plan yerlərinin boş qalması narahatlıq yaradıb.

Xüsusilə kimya, biologiya, fizika və riyaziyyat müəllimliyi üzrə onlarla yerin tutulmaması gənclərin bu sahələrə marağının azaldığını göstərir.

Mövzu ilə bağlı təhsil və qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi AzEdu.az-a açıqlama verib.

188760

Onun sözlərinə görə, gənclərimiz artıq pedaqoji istiqamətlərə demək olar ki, maraq göstərmirlər:

"Yəni həmin ixtisaslar ya çarəsizlikdən, ya da sadəcə alaqanad qəbul olmaq xatirinə seçilir. Əsasən baxsaq, burada III ixtisas qrupu üzrə olan ixtisaslar, bir də V ixtisas qrupu üzrə olanlar demək olar ki, tutulub. Lakin I, II və xüsusilə IV ixtisas qrupunda daha çox plan yeri boş qalıb.

Bu da onu deməyə əsas verir ki, həmin qrup üzrə hazırlaşan abituriyentlər ümumiyyətlə pedaqoji ixtisaslardan yan qaçırlar. Bu isə gələcəkdə, təbii ki, ümumi pedaqoji göstəricilərin və təhsilin səviyyəsinin aşağı düşməsinə gətirib çıxara bilər. Bunun da, əlbəttə ki, bir neçə səbəbi var.

Xüsusilə bir məqamı qeyd etmək istəyirəm. Çox təəssüf olsun ki, həmin o boş qalan yerləri, eyni zamanda ümumiyyətlə pedaqoji istiqamətləri təsadüfi hallarda kişi cinsindən olan şəxslər seçirlər. Əsasən xanım abituriyentlərimiz həmin ixtisasları qeyd edirlər. Yəni bu, bir tərəfdən də kişilərin təhsil sahəsindən uzaqlaşması anlamını daşıyır. Bunun fəsadlarını bura qədər görmüşük və təəssüf ki, görməkdə də davam edəcəyik".

E.Əfəndi bildirib ki, müəllimlərin çəkdikləri əziyyət, eyni zamanda digər sahələrlə müqayisədə əməkhaqqının azlığı və vakant yerlərin kifayət qədər olmaması əsas amillərdəndir:

"Hazırda imtahanlarda təxminən 55-60 min nəfərin iştirak etməsinə baxmayaraq, cəmi 7-8 min vakant yerin olması artıq onları düşündürür ki, bu sahə üzrə təhsil almaq elə də əlverişli deyil. Yeni nəsil artıq məsələyə belə yanaşır.

Eyni zamanda, onların fikirlərinə təsir edən başqa bir amil də önümüzdəki dövrlərdə süni intellektin bəzi pedaqoji ixtisaslara göstərəcəyi təsirdir. Amma bütün bunlar, təəssüf ki, heç də yaxşı hal deyil. Bu, haqqında ümumi düşünülməsi və bu istiqamətdə vacib qərarların qəbul edilməsi üçün əsas rol oynayan bir faktordur",-deyə fikrini tamamlayıb.

Putindən əhaliyə kritik çağırış - Hazır olun
Son xəbərlərDaha çox