Azedu.az

İstanbul Texniki Universitetindən Qarabağ Universitetinə mühəndislik dəstəyi

Elm və təhsil

27 Avqust 2026, 16:21
İstanbul Texniki Universitetindən Qarabağ Universitetinə mühəndislik dəstəyi

İstanbul Texniki Universitetinin (İTÜ) Azərbaycanın Qarabağ Universitetində akademik bölmələr yaratması ilə bağlı qərar qəbul edilib. Qərar 27 avqust 2026-cı ildə Türkiyənin “Resmi Gazete” nəşrində dərc olunub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Yüksəköğretim Kurulu (YÖK) məlumatına görə, bu addım Türkiyə-Azərbaycan ali təhsil əməkdaşlığının genişləndirilməsi çərçivəsində atılıb. İTÜ ilə Qarabağ Universiteti arasında əməkdaşlıq haqqında memorandum isə 21 yanvar 2026-cı ildə imzalanıb.

Razılaşma bakalavriat, magistratura və doktorantura səviyyələrində əməkdaşlığı, tələbə və müəllim mübadiləsini, birgə elmi-tədqiqat layihələrini, ikili diplom proqramlarını və mühəndislik sahəsində ortaq laboratoriyaların yaradılmasını əhatə edir.

İTÜ-nün xüsusilə mühəndislik sahəsindəki təcrübəsinin Qarabağ Universitetinə ötürülməsi nəzərdə tutulur. Anadolu Ajansının məlumatına görə, universitetdə Kimya mühəndisliyi, Maşın mühəndisliyi, İnşaat mühəndisliyi və Elektrik-elektronika mühəndisliyi istiqamətlərində akademik bölmələrin yaradılması gözlənilir. Bununla belə, konkret akademik strukturların və proqramların detalları növbəti mərhələdə müəyyənləşdiriləcək.

YÖK sədri Erol Özvar bildirib ki, İTÜ-nün mühəndislik sahəsindəki elmi potensialının Qarabağ Universiteti ilə birləşdirilməsi bölgənin yenidən qurulmasına elm, texnologiya və ixtisaslı kadrlar vasitəsilə töhfə vermək məqsədi daşıyır.

Fidan Şahkərəmova

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox