İsveçdə kommersiya pilotlarının hazırlanması üzrə ilk dövlət maliyyəli təhsil proqramına başlanılıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Skellefta şəhərində fəaliyyət göstərən Green Flight Academy-nin 2026-cı ilin payız qəbulunda 18 tələbə təhsil haqqı ödəmədən pilot hazırlığı keçəcək. Proqrama təxminən 200 nəfər müraciət edib. Akademiya payızda müxtəlif proqramlar üzrə ümumilikdə 60-a yaxın tələbə qəbul etməyi planlaşdırır.
Dövlət tərəfindən maliyyələşdirilən proqram 2,5 il davam edəcək. Tələbələr bu müddətdə kommersiya pilotu lisenziyası, çoxmühərrikli təyyarələrin idarə edilməsi və cihazlarla uçuş üzrə hazırlıq keçəcəklər. Tədris proqramına ATPL nəzəriyyəsi, pilot psixologiyası, davamlı inkişaf, istehsalat təcrübəsi və yekun layihə də daxildir.
Green Flight Academy 2026, 2027 və 2028-ci illərin hər biri üçün 18 dövlət maliyyəli qəbul yeri əldə edib. İlk dövlət maliyyəli proqramın tədrisinə avqustun 17-də başlanılıb.
Akademiya dövlət hesabına yerlərlə yanaşı, ödənişli pilot hazırlığı proqramlarını da həyata keçirir. Payız qəbulunda təxminən 60 tələbənin əksəriyyətinin ödənişli proqramlarda təhsil alacağı gözlənilir.
Təlim proqramında tam elektriklə işləyən Pipistrel Velis Electro təyyarələrindən də istifadə olunur. Akademiya inteqrasiya olunmuş proqram üzrə uçuş saatlarının 30 faizini bu təyyarələrlə həyata keçirir.İsveçin Milli Ali Peşə Təhsili Agentliyi ali peşə təhsili statusu verilən proqramları və dövlət maliyyələşməsini müəyyənləşdirir. Green Flight Academy-nin dövlət maliyyəli pilot hazırlığı proqramı da bu sistem çərçivəsində həyata keçirilir.
Fidan Şahkərəmova