Astronomlar James Webb Kosmik Teleskopunun köməyi ilə kainatın erkən dövrünə aid qeyri-adi kosmik obyekt aşkar ediblər.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılara görə, obyekt təxminən Günəş sisteminin ölçüsündədir və adi ulduzdan 100 milyard dəfə daha çox enerji yayır. Bu qədər yüksək parlaqlığın ulduzlardakı nüvə sintezi ilə izah olunmasının mümkün olmadığı bildirilir.
Alimlər hesab edirlər ki, obyektin mərkəzində Günəşdən təxminən 100 min dəfə böyük kütləyə malik qara dəlik yerləşə bilər. Onu əhatə edən böyük hidrogen qazı buludu isə obyektə ulduz görünüşü verir.
Tədqiqatın nəticələri kainatın ilk dövrlərində superkütləli qara dəliklərin necə yarandığı ilə bağlı mövcud nəzəriyyələrə yeni ipucları verə bilər. Alimlər həmçinin bu obyektin James Webb tərəfindən müşahidə edilən sirli “kiçik qırmızı nöqtələr”in mənşəyini izah edə biləcəyini düşünürlər.