ABŞ-nin Cənubi Karolina ştatında tələbələrin ali təhsil xərclərini borca girmədən qarşılamağı hədəfləyən təqaüd proqramının əhatə dairəsi genişləndirilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni maliyyələşdirmə ilə proqram artıq ştatın 32 dairəsində yaşayan tələbələr üçün əlçatan olacaq.
Proqramın genişləndirilməsi üçün 19 milyon dollar vəsait ayrılıb. Maliyyə ştat lotereyasından əldə olunan gəlirlər hesabına təmin ediləcək.
Proqramın əsas məqsədi maddi imkanları məhdud olan tələbələrin universitet təhsilinə çıxışını artırmaq və onların məzun olduqdan sonra böyük tələbə borcları ilə üzləşməsinin qarşısını almaqdır.
Təşəbbüs dövlət və özəl sektorun əməkdaşlığı əsasında həyata keçirilir. Bununla tələbələrin təhsil haqqı və digər universitet xərclərinin qarşılanmasına əlavə imkan yaradılır.
Mütəxəssislər hesab edir ki, bu cür proqramlar ali təhsilin əlçatanlığının artırılması ilə yanaşı, gənclərin məzuniyyətdən sonra maliyyə yükünü də azaltmağa kömək edə bilər.