Böyük Britaniyada keçirilən və 25 ölkədən yüzlərlə güclü rəqibin qatıldığı beynəlxalq yarışda UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Aşurbəy Məmmədzadə və onun təmsil etdiyi komandası ilə birlikdə birinci yerə layiq görülərək Dünya Çempionu adını qazanıb.
Hazırladıqları ağıllı robot texnologiyası ilə ölkəmizin və universitetimizin adını zirvəyə ucaldan çempionumuzla yarışa hazırlıq məqamları, qələbə hissləri, həm də gələcək hədəfləri barədə səmimi həmsöhbət olduq.
AzEdu.az Aşurbəy Məmmədzadənin uğura gedən yoldakı həyəcanı və təcrübələrini təqdim edir.
- Aşurbəy, ilk növbədə səni bu böyük uğur münasibətilə təbrik edirik! Dünya çempionu kimi Böyük Britaniyadan qayıtmaq necə bir hissdir?
- Böyük Britaniyaya gedəndə əsas istəyim Azərbaycanı layiqincə təmsil etmək və bu günə qədər qazandığım təcrübəni yarış meydanında göstərə bilmək idi. Geri qayıdanda isə artıq dünya çempionluğu kimi mənim üçün çox böyük mənası olan bir nəticə ilə qayıdırdım. Düzü, ilk anlarda bunun ağırlığını tam hiss etmək çətin idi. Yarış boyu yaşadığımız gərginlik, son ana qədər etdiyimiz dəyişikliklər, texniki problemlər və dəfələrlə yenidən sınadığımız məqamlar hələ yaddaşımda çox təzə idi. Ona görə nəticəni eşidəndə sevincdən əvvəl böyük bir rahatlıq hiss etdim. Başqa ölkədə Azərbaycanı təmsil edib birinci olmaq və dünya çempionu kimi geri qayıtmaq mənim üçün sadəcə şəxsi uğur deyil. İllərlə gördüyüm işlərin, keçdiyim yarışların və qazandığım təcrübənin bir nöqtədə nəticəyə çevrildiyini hiss etdim. Bu qələbə mənə dayanmaq hissi vermədi. Əksinə, qarşıma daha böyük məqsədlər qoymaq üçün məni daha da həvəsləndirdi.
- 25 ölkədən iştirakçıların olduğu yarışda adının birinci elan edildiyi an ağlından ilk nə keçdi, nə hiss etdin?
- Adımız birinci elan olunanda ilk düşündüyüm özümüzdən çox təmsil etdiyimiz adlar oldu. 25 ölkədən gələn iştirakçıların, güclü universitet komandalarının olduğu bir yarışda UNEC-in və Azərbaycanın adının qaliblər sırasında səslənməsi mənim üçün çox qürurverici idi. Həmin an Azərbaycan gənclərinin beynəlxalq texnologiya və innovasiya mühitində hansı nəticələrə çata biləcəyini bir daha göstərdiyimizi hiss etdim. Bunun mənim üçün ayrıca mənası var idi. Çünki yarışa gedərkən yalnız özümüzü deyil, universitetimizi, ölkəmizi və Azərbaycan gəncliyini təmsil etdiyimizi yaxşı anlayırdıq. Gənclər və İdman Nazirliyinin bizə göstərdiyi dəstək də üzərimizdə müəyyən məsuliyyət yaradırdı. Ona görə nəticə açıqlananda sevincin yanında bir rahatlıq da vardı. Bizə göstərilən etimadı nəticə ilə doğrulda bilmişdik. Həmin an içimdən keçən fikir çox sadə idi. Ora hansı məsuliyyətlə getmişdiksə, geri də onun qarşılığını verərək qayıdırdıq.
- Hazırladığın robot nə edir və onu digər iştirakçıların robotlarından fərqləndirən əsas xüsusiyyət nə idi?
- Hazırladığımız robotun əsas vəzifəsi labirint daxilində yolu özü müəyyən etmək, qarşısına çıxan istiqamət dəyişikliklərini düzgün analiz etmək və ən səmərəli marşrutla çıxış nöqtəsinə çatmaq idi. Kənardan baxanda bu, sadəcə labirintdə hərəkət edən robot kimi görünə bilər, amma əslində hər dönüşün arxasında sensorlardan gələn məlumatın emalı və həmin anda verilən qərar dayanır. Kiçik bir səhv belə bütün marşrutu dəyişə bilər. Biz robotu yalnız sürətli etməyə çalışmırdıq. Əsas diqqətimiz onun qərarvermə prosesinin sabit və etibarlı olmasına yönəlmişdi. Sensorların daha düzgün işləməsi, hərəkət alqoritmlərinin dəqiqliyi və fərqli vəziyyətlərə verilən reaksiyalar üzərində çox işlədik. Məncə, bizi fərqləndirən əsas məqam da məhz burada idi. Yarış şəraitində hər şey məşqdə olduğu kimi getmir. Ona görə robotun yalnız sürətli olması kifayət etmir, gözlənilməz vəziyyətdə də düzgün qərar verməsi vacibdir. Biz sürət, dəqiqlik və sabitlik arasında düzgün balans qurmağa çalışmışdıq və yarış zamanı bunun nəticəsini gördük.
- Bu robotun hazırlanması yəqin ki, heç də asan olmayıb. Hazırlıq prosesində səni ən çox çətinləşdirən və “bu alınacaqmı?” dediyin məqam hansı oldu?
- Hazırlıq prosesi bizim üçün Dünya Finalından xeyli əvvəl, Virtual Final mərhələsindən başlamışdı. Həmin mərhələni uğurla keçib finala vəsiqə qazandıqdan sonra artıq qarşımızda daha ciddi məsələ dayanırdı. Sadəcə işləyən robot yox, beynəlxalq səviyyədə rəqabət apara biləcək qədər sürətli, dəqiq və sabit sistem qurmalı idik. Ən çox vaxtımızı düzgün avadanlıq və texniki həll seçimi aldı. Robototexnikada bəzən çox kiçik görünən bir detal bütün nəticəni dəyişə bilir. Sensorlardan hərəkət mexanizminə qədər fərqli variantları sınaqdan keçirir, hansı komponentin daha etibarlı işlədiyini müəyyənləşdirməyə çalışırdıq. Eyni zamanda yalnız öz bildiklərimizlə kifayətlənmirdik. Dünyada keçirilən robototexnika yarışlarını, müxtəlif komandaların yanaşmalarını və beynəlxalq təcrübələri araşdırırdıq. Məqsəd kimisə təkrarlamaq deyildi. Sadəcə bu sahədə dünyanın hansı səviyyədə olduğunu görmək və öz həllimizi həmin səviyyə ilə müqayisə etmək istəyirdik.
Ən çətin anlar isə sınaqlar zamanı bir dəyişiklik başqa bir problemi ortaya çıxaranda olurdu. Məsələn, sürəti artırırsan, amma sabitlik zəifləyir. Bir problemi həll edirsən, başqa detal ortaya çıxır. Bəzən saatlarla işlədiyimiz həll gözlədiyimiz nəticəni vermirdi və hər şeyi yenidən nəzərdən keçirməli olurduq. “Görəsən, alınacaqmı?” sualı da məhz belə anlarda yaranırdı. Amma proses bizə bir şeyi yaxşı öyrətdi: robototexnikada yaxşı nəticə bir anda yaranmır. O, sınaqdan, səhvdən, düzəlişdən və yenidən cəhddən formalaşır. Dünya Finalına çatanda artıq təkcə daha yaxşı robotumuz yox, problemlə qarşılaşanda panikaya düşməyən, son ana qədər həll axtaran daha təcrübəli komandamız da var idi.
- UNEC-də qazandığın bilik və bacarıqlar bu uğurunda sənə necə kömək etdi?
- UNEC mənim üçün yalnız təhsil aldığım universitet deyil, həm də texnologiyaya və problem həllinə yanaşma tərzimin formalaşdığı mühitdir. Kompüter elmləri üzrə aldığım təhsil proqramlaşdırma, alqoritmik düşüncə və mürəkkəb problemi mərhələlərə bölərək həll etmə bacarıqlarımı xeyli inkişaf etdirib. Dünya Finalında vaxtın məhdud olduğu, texniki problemlərin ard-arda yarandığı anlarda bu düşüncə tərzinin nə qədər vacib olduğunu xüsusilə hiss etdim. Universitetdə qazandığım ən böyük üstünlüklərdən biri isə öyrəndiyimi yalnız nəzəriyyədə saxlamamaq imkanı olub. Müəllimlərim məni daim layihələrdə, yarışlarda və yeni təşəbbüslərdə özümü sınamağa həvəsləndiriblər. Universitet rəhbərliyinin də tələbələrin belə fəaliyyətlərinə açıq yanaşması mənim inkişafımda mühüm rol oynayıb. Cənab rektordan fakültə rəhbərliyinə, dekanlığa və müəllimlərimizə qədər tələbələrin təşəbbüslərinə verilən dəstəyi öz üzərimdə hiss etmişəm. Mən UNEC-də heç vaxt özümü yalnız auditoriya ilə məhdudlaşmış tələbə kimi hiss etməmişəm. Burada ideyanı layihəyə çevirmək, komanda ilə işləmək, yarışlarda iştirak etmək və beynəlxalq mühitə çıxmaq üçün imkanlar görmüşəm. Xüsusilə Rəqəmsal İqtisadiyyat fakültəsi və UNEC Biznes Mərkəzində olduğum mühit mənə texnologiyaya yalnız kod kimi deyil, real problemə həll verən məhsul kimi baxmağı öyrədib. Ona görə dünya çempionluğunu yalnız yarış günü ortaya çıxan nəticə kimi görmürəm. Bu uğurun arxasında şəxsi hazırlığımla yanaşı, UNEC-də qazandığım biliklər, müəllimlərimin mənə verdiyi istiqamət və universitetin inkişafım üçün yaratdığı mühit də dayanır.
- Sən TEKNOFEST kimi bir neçə beynəlxalq yarışlarda qələbə qazanmısan. Bu uğurlar arasında sənin üçün daha dəyərli olan hansıdır?
- Açığı, bu uğurlardan birini digərindən ayırmaq mənim üçün çətindir. Hər yarışın yaddaşımda ayrı yeri var. Bəzisi ilk böyük nəticə olduğu üçün, bəzisi qarşılaşdığım rəqabətə, bəzisi isə mənə açdığı yeni imkanlara görə xüsusi olub. Amma TEKNOFEST mənim üçün bir qədər fərqli mərhələdir. Orada yalnız yarışmırdıq, çox böyük bir texnologiya mühitinin içində idik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək, Selçuk Bayraktar və texnologiya sahəsinin tanınmış simaları ilə eyni mühitdə olmaq mənim üçün çox yaddaqalan idi. Gənc yaşda belə böyük miqyaslı bir platformanı yaxından görmək insanın düşüncəsinə də təsir edir. TEKNOFEST-dən sonra yarışlara münasibətim də dəyişdi. Artıq məqsədim yalnız yaxşı layihə hazırlayıb mükafat qazanmaq deyildi. Daha böyük layihələr qurmaq, beynəlxalq mühitdə özümü sınamaq və texnologiya sahəsində nə qədər irəli gedə biləcəyimi görmək istəyirdim. Ona görə mən uğurlarımı bir-biri ilə müqayisə etmirəm. iWISE-də dünya çempionluğu bu günə qədər qazandığım ən böyük nəticələrdən biridir, TEKNOFEST isə mənə daha böyük düşünməyi öyrədən və sonrakı hədəflərimə ciddi təsir edən yarışlardan biri olub.
- Bu uğurdan sonra qarşına qoyduğun növbəti böyük məqsəd nədir?
- Hazırda qarşımdakı ən yaxın böyük hədəflərdən biri TEKNOFEST 2026-dır. Bu il də final mərhələsinə yüksəlmişəm və artıq bütün diqqətimi orada mümkün olan ən yaxşı nəticəni göstərməyə yönəltmişəm. Mənim üçün hər yeni yarış əvvəlkinin davamıdır. Birində qazandığım təcrübəni digərində istifadə edir, hər dəfə özümə bir az daha yüksək tələb qoyuram. Amma məqsədlərimi yalnız yarış nəticələri ilə məhdudlaşdırmıram. İllər ərzində beynəlxalq müsabiqələrdə, startap və texnologiya layihələrində öyrəndiklərimi bu gün də başqa gənclərlə bölüşürəm. İstəyirəm ki, mənim keçdiyim yolda qazandığım təcrübə yalnız mənimlə qalmasın. Əgər hansısa gəncin ideyasına istiqamət verə, onun ilk layihəsini qurmasına və ya beynəlxalq bir imkanla tanış olmasına kömək edə bilirəmsə, bunu da öz uğurumun bir hissəsi sayıram.
Uzunmüddətli hədəflərimdən biri isə bu fəaliyyəti davamlı şəkildə böyüdərək bir gün Gənclər üçün Prezident Mükafatına layiq görüləcək səviyyəyə çatmaqdır. Mənim üçün həmin mükafat sadəcə şəxsi nailiyyət olmazdı. Bu, illər ərzində texnologiya, innovasiya və gənclərin inkişafı istiqamətində gördüyüm işlərin ölkəm üçün müəyyən bir dəyərə çevrildiyinin göstəricisi olardı. Ona görə dünya çempionluğundan sonra özümə “artıq nə qazandım?” sualını yox, “bundan sonra nəyi daha yaxşı edə və kimlərə fayda verə bilərəm?” sualını verirəm.
- Sənin uğurunu görüb robototexnika və texnologiya sahəsinə gəlmək istəyən gənclərə nə demək istərdin? Onlara bir məsləhətin olsa, nə deyərdin?
- Mən gənclərə ilk növbədə başlamaqdan çəkinməməyi deyərdim. Çox vaxt insan elə düşünür ki, əvvəlcə hər şeyi bilməli, bütün avadanlığı olmalı, mükəmməl komanda tapmalı, sonra layihəyə başlamalıdır. Əslində isə bunların çoxu yolun içində formalaşır. Özüm də bir çox şeyi yarışlara qoşula-qoşula, səhv edə-edə və yenidən sınaya-sınaya öyrənmişəm. Ona görə ilk layihənin mükəmməl olmaması, ilk yarışda nəticə qazanmamaq və ya hansısa texniki problemi həll edə bilməmək normaldır. Əsas məsələ həmin mərhələdə dayanıb özün haqqında qərar verməməkdir. Bir də imkanları gözləməkdənsə, onları axtarmaq lazımdır. Yarışları, proqramları, təqaüdləri, beynəlxalq platformaları izləmək, insanlarla əlaqə qurmaq və özünü fərqli mühitlərdə sınamaq çox şey dəyişə bilir. Bəzən bir müraciət, bir tanışlıq və ya bir yarış insanın sonrakı yolunu tamamilə başqa istiqamətə aparır.
Ən vacibi isə texnologiyanı yalnız uğur və mükafat qazanmaq vasitəsi kimi görməməkdir. Özünüzə sual verin: “Mən bununla hansı problemi həll edə bilərəm, kimə fayda verə bilərəm?” Məncə, insan bu sualın cavabını tapanda həm daha yaxşı layihə qurur, həm də gördüyü işin mənasını daha çox hiss edir.
- Bu qələbəni kimlərlə bölüşmək istəyərdin? Sənə bu yolda ən çox dəstək olan insanlar kimlər oldu?
- Bu qələbəni ilk növbədə mənə inanan insanlarla bölüşmək istəyərdim. Ailəmin, xüsusilə babamın mənim həyatımda çox böyük yeri var. O, uğur qazandığım günlərdə sevincimi bölüşən, alınmadığı vaxtlarda isə yenidən ayağa qalxmağa güc verən insan olub. Onun mənə dediyi “Səninlə qürur duyuram” sözləri bəzən qazandığım mükafatın özündən də çox motivasiya verib. UNEC-də müəllim heyətinin, fakültə və universitet rəhbərliyinin də bu yolumda böyük payı var. Komanda yoldaşlarımı da xüsusi qeyd etmək istəyirəm. Robototexnika kimi sahədə nəticə heç vaxt bir nəfərin əməyindən yaranmır. Yarışın ən gərgin anlarında bir-birimizə inanmaq və birlikdə həll axtarmaq bizim üçün çox vacib idi.
Eyni zamanda, beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməyimiz üçün bizə dəstək göstərən dövlətimizə, xüsusilə Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Göstərilən etimadı dünya çempionluğu ilə doğrulda bilmək bu nəticəni mənim üçün daha mənalı edir. Əslində, medal bir nəfərin boynundan asılır, amma onun arxasında çox insanın inamı, zəhməti və dəstəyi dayanır. Mən də bu qələbəni məhz həmin insanlarla bölüşürəm.