Beynəlxalq Əmək Təşkilatı (BƏT) dünyada gənclər arasında işsizliyin artdığını açıqlayıb.
AzEdu.az xəbər verir ki, BƏT-in hesabatına əsasən, 15-24 yaş arası gənclər arasında qlobal işsizlik səviyyəsi 2024-cü ildəki 12,3 faizdən 2025-ci ildə 12,4 faizə yüksəlib. Ötən il dünyada 67 milyon gənc işsiz qalıb.
Nə təhsil alan, nə də işləyən (NEET) gənclərin sayı da 20 faizə yüksəlib. Bu kateqoriyaya daxil olanların sayı 257 milyonu ötüb.
BƏT gənclər arasında işsizlik səviyyəsinin 2026 və 2027-ci illərdə 12,3 faiz olacağını proqnozlaşdırıb.
Təşkilatın məlumatına görə, 2023-2025-ci illərdə dünyanın 11 regionundan 8-də gənclər arasında işsizlik artıb. Ən yüksək artım Şimali Amerikada, Şimali Afrikada və Avropanın bir sıra bölgələrində qeydə alınıb.
Hesabatda süni intellektin gənclərin iş imkanlarına təsir göstərdiyi vurğulanıb. Orta səviyyəli bacarıq tələb edən işlərin azalması gənclərin əmək bazarına daxil olmasını çətinləşdirir.
BƏT-in məlumatına görə, 15-29 yaş arası gənclərin gördüyü işlərin 6,1 faizi süni intellektdən yüksək səviyyədə təsirlənə biləcək peşələrə daxildir.
Bu vəzifələrin 10 faizinin aradan qalxması halında 5,6 milyon gəncin işsizlik, peşə dəyişikliyi və ya əmək bazarından çəkilmə riski ilə üzləşə biləcəyi bildirilib.