Azedu.az

Bu ölkədə beynəlxalq tələbələrə 2 illik yaşayış icazəsi verilə biləcək

Maraqlı

12 Avqust 2026, 16:21
Bu ölkədə beynəlxalq tələbələrə 2 illik yaşayış icazəsi verilə biləcək

Türkiyədə ali təhsilini başa vuran beynəlxalq tələbələrin yaşayış icazəsi ilə bağlı yeni tənzimləmə qüvvəyə minib.

AzEdu.az Türkiyə Ali Təhsil Şurasına (YÖK) istinadən xəbər verir ki, yeni qaydalara əsasən, məzun olduqları tarixdən etibarən altı ay ərzində müraciət edərək bir illik qısamüddətli yaşayış icazəsi alan beynəlxalq məzunlara yenidən müraciət etmək hüququ verilib.

Bildirilib ki, yaşayış icazəsi qüvvədə olduğu müddətdə və ya icazənin müddəti başa çatdıqdan sonra 90 gün ərzində müraciət edən məzunlara zəruri şərtləri ödədikləri halda daha bir il yaşayış icazəsi verilə bilər.

Beləliklə, beynəlxalq məzunların Türkiyədə ümumi yaşayış müddəti iki ilə qədər uzadıla bilər.

Yeni tənzimləmənin beynəlxalq məzunların magistratura və doktorantura təhsillərini davam etdirmələrinə, akademik və elmi fəaliyyətlərini sürdürmələrinə, eləcə də ixtisaslarına uyğun iş imkanlarına çıxışlarını asanlaşdırmasına xidmət etdiyi qeyd olunub.

Həmçinin Türkiyənin sosial, mədəni və iqtisadi mühitini yaxından tanıyan beynəlxalq məzunların öz ölkələri ilə Türkiyə arasında davamlı əlaqələrin inkişafına töhfə vermələri hədəflənir.

Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...
Son xəbərlərDaha çox