Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi və məzununun təmsil olunduğu Azərbaycan komandası Çinin paytaxtı Pekində keçirilən nüfuzlu “RobotChallenge 2026” beynəlxalq robot yarışında qalib olub.
Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.
Bildirilib ki, ADNSU-nun məzunu Fərid Mürşüdlü və universitetin “Mexatronika və robototexnika mühəndisliyi” ixtisası üzrə tələbəsi Vüqar Mürşüdlünün yer aldığı Azərbaycan komandası “Mini Sumo Adult” kateqoriyasında uğurlu nəticə göstərərək qızıl medal qazanıb.
Yarışda komandanın hazırladığı “Mini Sumo” robotu rəqiblərini geridə qoyaraq kateqoriya üzrə ən yüksək nəticəni əldə edib.
Qeyd edək ki, 2004-cü ildən keçirilən və indiyədək dünyanın 88 ölkəsindən komandaları bir araya gətirən “RobotChallenge” çempionatının tarixində Azərbaycan komandası ilk dəfə “Mini Sumo” kateqoriyasında qızıl medal qazanıb.
Fərid və Vüqar Mürşüdlü qardaşları robototexnika sahəsində əldə etdikləri bu nəticə ilə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil ediblər. “RobotChallenge 2026”da qazanılan qızıl medal ADNSU tələbə və məzunlarının beynəlxalq robototexnika yarışlarında əldə etdiyi mühüm nailiyyətlərdən biridir.