“Bu il I və II ixtisas qruplarında 150 balla qəbul aparılan ixtisasların sayı artırılıb.
Xüsusilə Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları ixtisaslarının da həmin siyahıya daxil edilməsi 150-200 bal arasında nəticə göstərən abituriyentlərin seçim imkanlarını genişləndirəcək".
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu il I və II ixtisas qruplarında 150 balla qəbul aparılan ixtisasların sayı artırılıb:
“Əvvəlki illərdə I ixtisas qrupunda 150 balla qəbul aparılan ixtisasların əksəriyyəti kənd təsərrüfatı istiqamətinə aid idi. Bu il isə siyahı genişləndirilib. Rİ alt qrupu üzrə Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları ixtisasları da həmin siyahıya daxil edilib. Beləliklə, 150-200 bal arasında nəticə göstərən abituriyentlər bu ixtisasları da seçə biləcəklər.
II ixtisas qrupunda da təxminən 7 yeni ixtisas 150 ballıq ixtisasların siyahısına əlavə olunub. Bu dəyişikliklər I və II qrup üzrə aşağı bal toplayan abituriyentlərin seçim imkanlarını genişləndirəcək. III və IV ixtisas qruplarında isə ötən illə müqayisədə hər hansı dəyişiklik nəzərdə tutulmayıb”.
Məleykə Abbaszadə qeyd edib ki, ikinci cəhd imtahanlarının apellyasiya prosesləri başa çatmadığı üçün yekun statistika hələ formalaşmayıb. Bununla belə, ilkin nəticələr əsasında keçid balları ilə bağlı müəyyən proqnozlar vermək mümkündür.
Onun sözlərinə görə, I ixtisas qrupunda 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 1-2 bal, 500-600 bal intervalında isə təxminən 16 baladək azalma müşahidə oluna bilər. 400-500 bal aralığında keçid ballarının təxminən 5 bal aşağı düşəcəyi gözlənilir. Lakin 400 baldan aşağı intervallarda müsabiqə vəziyyətinin dəyişməsi səbəbindən keçid ballarında artım ehtimalı var.
II ixtisas qrupunda isə əksər bal intervallarında keçid ballarının 1-3 bal aşağı düşəcəyi proqnozlaşdırılır. 300-400 bal aralığında bu azalma 12 baladək çata bilər. Bununla yanaşı, 200-300 bal intervalında abituriyent sayının artması səbəbindən keçid ballarında 3-4 ballıq yüksəliş gözlənilir.
III ixtisas qrupunda 600 baldan yuxarı keçid ballarının 3-4 bal azalacağı ehtimal olunur. 500-600, 400-500 və 300-400 bal intervallarında isə keçid ballarında müəyyən artımlar proqnozlaşdırılır.
Xüsusilə 200-300 bal aralığında keçid ballarının təxminən 8 bal yüksələcəyi gözlənilir. IV ixtisas qrupunda isə yüksək bal toplayanların sayının artması müsabiqə vəziyyətinə təsir göstərəcək.
DİM sədrinin sözlərinə görə, 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 15-17 baladək artım mümkündür. O qeyd edib ki, ötən il tibb ixtisasına qəbul üçün keçid balı 605 olduğu halda, bu il həmin göstəricinin daha yüksək olacağı gözlənilir. 500-600 bal intervalında da artım proqnozlaşdırılır. 400-500 bal aralığında keçid ballarının ötənilki səviyyədə qalacağı, 200-300 bal intervalında isə müəyyən azalma olacağı ehtimal edilir.