Azedu.az

Sertifikasiya balına görə dərs saatı - Müəllimlər arasında narazılıq yaradan İDDİA

Sertifikasiya

21 İyul 2026, 15:19
Sertifikasiya balına görə dərs saatı - Müəllimlər arasında narazılıq yaradan İDDİA

Son günlər bəzi müəllimlər tərəfindən məktəblərdə dərs saatlarının sertifikasiya imtahanında toplanan bala əsasən bölünəcəyi ilə bağlı fikirlər səsləndirilir. Müəllimlər bildirirlər ki, 51 və daha yüksək bal toplayanlar artıq əməkhaqqına 35 faiz əlavə alırlar. Onların fikrincə, eyni meyarın dərs saatlarının bölgüsündə də əsas götürülməsi ədalətli yanaşma deyil. 

Maraqlıdır, dərs saatlarının müəllimlərin sertifikasiya balına görə bölüşdürülməsi doğru yanaşmadır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, heç bir məktəb rəhbərliyi sertifikasiya imtahanının nəticəsini əsas götürərək dərs saatlarının bölgüsünü rəsmi şəkildə həyata keçirə bilməz:

186646

"Sertifikasiya imtahanında müəllimlərin əməkhaqqına əlavələr, əlbəttə ki, ümumi nəticəyə əsasən hesablanır. 10% və 35% həcmində müəyyən edilən bu əlavələr sertifikasiya imtahanının yekun nəticəsinə uyğun tətbiq olunur.

Sertifikasiya üzrə təlimatda yüksək bal toplayan müəllimlərə əlavə dərs saatı verilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmayıb. Belə bir qayda olmadığından, heç bir məktəb rəhbərliyi sertifikasiya imtahanının nəticəsini əsas götürərək dərs saatlarının bölgüsünü rəsmi şəkildə həyata keçirə bilməz. Çünki bu, təlimatnamədə öz əksini tapmayıb. Təlimatnamədə yalnız sertifikasiya nəticələrinə uyğun olaraq müəllimlərə əməkhaqqına əlavələrin verilməsi nəzərdə tutulur və həmin əlavələr də dövlət tərəfindən təmin edilir".

Dərs saatlarının sertifikasiya nəticələrinə görə bölüşdürülməsi müəllimlər arasında müqayisə və qısqanclıq mühiti formalaşdıra bilər:

"İndi gələk sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatı verilməsi məsələsinə. Belə bir yanaşma istər-istəməz sosial bərabərliyə müəyyən qədər mənfi təsir göstərə və bəzi müəllimlərin həvəsdən düşməsinə səbəb ola bilər.

Məsələn, müəllim sertifikasiya nəticəsinə görə 10% əməkhaqqı əlavəsi alır. Əgər bununla yanaşı onun dərs saatı azaldılır, yüksək nəticə göstərən digər müəllimə isə daha çox dərs saatı verilirsə, bu, müəllimlər arasında narazılıq və qısqanclıq yarada bilər. Eyni zamanda şagirdlər və valideynlər arasında da "bu müəllim sertifikasiyada yüksək bal topladığı üçün daha çox dərs deyir, digəri isə aşağı nəticə göstərdiyi üçün dərs saatı azdır" kimi fikirlər formalaşa bilər.

Belə yanaşma aşağı nəticə göstərən müəllimin üzərinə əlavə psixoloji yük qoyacaq. Həmin müəllim istər-istəməz sıxılacaq, narahat olacaq və özünü müəyyən qədər təcrid olunmuş hiss edəcək. Nəticədə ona münasibət həm valideynlər, həm də şagirdlər tərəfindən dəyişə bilər.

Bu isə müəllim nüfuzuna xələl gətirən, ən çox arzuolunmayan hallardan biridir. Digər müəllimə 35% əməkhaqqı əlavəsi verilir, bununla yanaşı, ona daha çox dərs saatı ayrılır. Bu da istər-istəməz məktəb rəhbərliyinin həmin müəllimə daha çox üstünlük verdiyi və diqqət ayırdığı təəssüratını yarada bilər".

Cəmi 2-3 bal fərqə görə müəllimlərə 10% və 35% əməkhaqqı əlavəsi verilməsi daha ədalətli mexanizmlə tənzimlənməlidir:

"Amma bu müəllim aşağı nəticə göstərdiyinə görə fərqli qiymətləndirilir. Halbuki bəzən söhbət heç də böyük bal fərqindən getmir. Məsələn, 48-49 bal toplayan müəllimlə 51 bal toplayan müəllim arasında cəmi 2-3 bal fərq var. Lakin buna baxmayaraq, onlara münasibət və qiymətləndirmə tam fərqli olur.

Mən, əslində, sertifikasiya imtahanına görə əməkhaqqına əlavələrin hesablanma mexanizminin yenidən qiymətləndirilməsinin tərəfdarıyam. Çünki cəmi 2-3 bal fərqlə nəticə göstərən müəllimlərdən biri 35%, digəri isə 10% əməkhaqqı əlavəsi alır. Bu isə istər-istəməz qiymətləndirmə meyarında obyektivliyin müəyyən qədər pozulması deməkdir.

Bu, mənim şəxsi fikrimdir. Hesab edirəm ki, sertifikasiya imtahanı birmənalı şəkildə keçirilməlidir və bunu dəstəkləyirik. Lakin sertifikasiya nəticələrinə əsasən verilən əməkhaqqı əlavələri daha diferensial qaydada hesablanmalıdır. Yəni müəllimin topladığı bala uyğun faiz sistemi tətbiq olunsa, daha ədalətli olar.

Məsələn, tutaq ki, müəyyən standart bal həddi 30 baldır. 30-31 bal toplayan müəllimlə 45 bal toplayan müəllim arasında əməkhaqqına əlavədə müəyyən fərq olmalıdır. 30-31 bal toplayan müəllimə 10%, 42-45 bal və yaxud 45-50 bal toplayan müəllimə isə ən azı 20% əlavə verilə bilər. Bunun üçün müvafiq qurum tərəfindən uyğun qiymətləndirmə mexanizmi hazırlanmalı və əməkhaqqına əlavələr həmin mexanizm əsasında hesablanmalıdır. Yəni hər bir əlavə bala görə əməkhaqqına müəyyən faiz əlavə olunsa, hesab edirəm ki, bu, daha məntiqli, daha doğru və daha ədalətli yanaşma olar. Bu isə artıq ayrıca müzakirə olunmalı bir məsələdir".

Sertifikasiya imtahanının fərdi nəticələri məxfi saxlanılmalıdır, şagirdlər və valideynlər tərəfindən bilinməməlidir:

"Amma qeyd olunduğu kimi, məsələn, 48-49 bal toplayan müəllimlə 51 bal toplayan müəllim arasında əməkhaqqına əlavə baxımından 10% və 35% kimi fərqin olması istər-istəməz həmin müəllimlərə münasibətə də təsir göstərə bilər. Bu isə müəyyən hallarda müəllimin nüfuzuna xələl gətirə biləcək yanaşmaların formalaşmasına səbəb ola bilər.

Məsələn, söhbət ibtidai sinif müəllimindən gedirsə, valideyn övladını məktəbə gətirərkən sertifikasiyada daha yüksək bal toplamış müəllimi seçməyə üstünlük verə bilər. Belə halların yaranması nəticəsində digər müəllim istər-istəməz özünü ikinci planda hiss edə və onun peşəkar nüfuzuna müəyyən qədər xələl gələ bilər.

Ona görə də mən düşünürəm ki, ilk növbədə sertifikasiya imtahanının fərdi nəticələri məxfi saxlanılmalıdır. Bu nəticələr ictimaiyyətə açıqlanmamalı, şagirdlər və valideynlər tərəfindən bilinməməlidir. Bu birinci məsələdir".

Sertifikasiya nəticələrinə görə açıq şəkildə üstünlük verilməsi müəllimin peşə nüfuzuna xələl gətirə bilər:

"İkinci məsələ isə ondan ibarətdir ki, dərs saatlarının bölgüsündə sertifikasiya nəticələrinə əsaslanan hər hansı fərqlilik yaradılmamalıdır. Müəllimlər arasında müqayisə aparılmamalı, bu müqayisə nə şagirdlərə hiss etdirilməli, nə də valideynlərə çatdırılmalıdır. Çünki belə yanaşmalar istər-istəməz müəllimlərin peşə nüfuzuna və cəmiyyətdə formalaşmış imicinə mənfi təsir göstərə bilər. Buna görə də bu cür addımlardan çəkinmək daha doğru olar.

Mən qətiyyən sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərə üstünlük verilib, digərlərinə isə bu üstünlüyün verilməməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil.

Müəyyən balanslı yanaşma tətbiq oluna bilər. Məsələn, yuxarı siniflərdən bir qisminin dərsləri sertifikasiyada daha yüksək nəticə göstərən müəllimlərə həvalə edilə bilər. Bununla yanaşı, aşağı siniflər üzrə də dərs yükü digər müəllimlər arasında balanslı şəkildə bölüşdürülə bilər. Yəni müəyyən tarazlıq qorunarsa, problem yaranmaz.

Ancaq sertifikasiya nəticələrinə əsasən açıq şəkildə üstünlük verilməsi və bunun dərs bölgüsündə əsas meyar kimi tətbiq olunması müəllimlərin nüfuzuna müəyyən qədər xələl gətirə bilər".

Ərdoğana qarşı sui-qəsd cəhdi: Türkiyəli generaldan ŞOK AÇIQLAMA
Son xəbərlərDaha çox