Koreya (Cənubi) Respublikasının İNHA Universitetinin Statistika kafedrasının professoru Sanqco Li Bakı Mühəndislik Universitetində (BMU) təşkil olunan növbəti yay məktəbi ilə bağlı təəssüratlarını bölüşüb.
AzEdu.az xəbər verir ki, BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı çərçivəsində keçirilən yay məktəbində “Data analitikası” (Data elmləri) ixtisası üzrə təhsil alan tələbələrə “Statistika elminə giriş” mövzusunda mühazirə keçən koreyalı professor bildirib ki, dərslərdə əsasən məlumatların necə ümumiləşdirilməsi, onların qrafiklər və müxtəlif statistik göstəricilər vasitəsilə təsvir olunması metodları öyrədilir.
“Daha sonra həmin ümumiləşdirilmiş məlumatlar əsasında birbaşa müşahidə edə bilmədiyimiz ümumi kütlə (populyasiya) haqqında statistik nəticələr çıxarılır və elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul edilir. Bu mövzular statistika elminin fundamental əsaslarını təşkil edir. Tələbələrə xüsusilə çatdırmaq istədiyim əsas fikir ondan ibarətdir ki, statistika yalnız rəqəmlər toplusundan ibarət deyil. Məlumatlar sadəcə sabit ədədlər deyil; hər bir verilənin arxasında müəyyən hadisə, proses və ya hekayə dayanır. Statistik təhlilin məqsədi də məhz bu məlumatların arxasında gizlənən məna və qanunauyğunluqları üzə çıxarmaqdır”, – deyə Sanqco Li vurğulayıb.
Koreyalı professor ölkəmiz haqqında fikirlərini də bölüşərək Bakıda olmaqdan böyük məmnunluq duyduğunu söyləyib:
“Bakıya ilk dəfədir ki, gəlirəm. Bura ailəmlə birlikdə – həyat yoldaşım və 20 aylıq oğlumla gəlmişəm. Şəhərdə qarşılaşdığım insanlar olduqca mehriban, səmimi və qonaqpərvərdirlər. Onlar ən kiçik məsələlərdə belə mənə kömək etməyə hər zaman hazır olublar. Buna görə də Bakıda olmaqdan böyük məmnunluq duyuram və burada keçirdiyim vaxtdan həqiqətən zövq alıram”.
Qeyd edək ki, BMU-da İNHA Universitetinin professor-müəllim heyətinin iştirakı ilə ikili diplom proqramının tələbələri üçün təşkil olunan növbəti yay məktəbi onların nəzəri biliklərinin dərinləşdirilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq akademik təcrübə qazanmaları məqsədi daşıyır. Tədris prosesinə İNHA Universitetinin 13 nəfərdən ibarət professor-müəllim heyəti cəlb olunub.