Azedu.az

90 bal toplayan müəllim namizədləri: Yüksək nəticənin sirrini AÇIQLADILAR

MİQ

17 İyul 2026, 09:46
90 bal toplayan müəllim namizədləri: Yüksək nəticənin sirrini AÇIQLADILAR

"Sistemli şəkildə hazırlaşan hər bir namizəd yüksək nəticə əldə edə bilər".

Bu sözləri MİQ imtahanında tarix müəllimliyi üzrə 90,5 bal toplayan namizəd Fərid Məhərrəmov AzEdu.az-a açıqlamasında bildirib.

"Tarix müəllimliyi üzrə MİQ imtahanında 90,5 bal topladım. Bu, mənim MİQ müsabiqəsində ilk iştirakım idi və əldə etdiyim nəticədən razıyam. İmtahan ümumilikdə normal keçdi. Suallar nə həddindən artıq çətin, nə də çox asan idi. Hesab edirəm ki, sistemli və planlı şəkildə hazırlaşan hər bir namizəd yüksək nəticə göstərə bilər. İxtisas sualları kurikulumla müqayisədə bir qədər çətin idi. 

Bununla belə, ümumi mənzərədə sualların böyük əksəriyyəti normal səviyyədə hazırlanmışdı.
Lənkəran Dövlət Universitetinin bakalavr məzunuyam. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Tarixin tədrisi" ixtisası üzrə magistratura təhsili alıram. Pedaqoji fəaliyyət təcrübəm olmasa da, müəllimlik peşəsində özümü inkişaf etdirmək və bu sahədə fəaliyyət göstərmək niyyətindəyəm.

MİQ imtahanında uğur qazanmaq istəyən namizədlərə tövsiyəm odur ki, çox oxumağa deyil, sistemli və məqsədyönlü şəkildə hazırlaşmağa üstünlük versinlər. Düzgün planlaşdırılmış hazırlıq yüksək nəticə əldə etmək üçün mühüm amillərdən biridir.

Gələcəkdə Bakı şəhərində müəllim kimi fəaliyyət göstərmək istəyirəm. Hazırda Bakıda təhsil aldığım üçün bu mənim üçün daha uyğun olar. Bununla yanaşı, doğulduğum Neftçala rayonunda da müəllim kimi çalışmağı məmnuniyyətlə qəbul edərəm".

MİQ imtahanında coğrafiya müəllimliyi üzrə 90 bal toplayan namizəd Günay Şükürova qeyd edib ki, imtahan ona üçün asan keçməyib:

"Suallar arasında daha rahat cavablandırılanlar olsa da, çətinlik yaradan tapşırıqlar da var idi. Buna baxmayaraq, imtahanın sonunda bu nəticəni gördükdə çox sevindim və hətta topladığım bala ilk anda inanmaqda çətinlik çəkdim. Bu nəticənin arxasında uzun və zəhmətli hazırlıq prosesi dayanır. İki övladımla yanaşı, gecə-gündüz hazırlaşmışam və məqsədimə çatmaq üçün əlimdən gələni etmişəm.
Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr, Sumqayıt Dövlət Universitetində isə magistratura təhsili almışam.Mənə görə, MİQ imtahanında uğur qazanmağın əsas sirri davamlı çalışmaqdır. 

Namizədlər son iki-üç ayı xüsusilə səmərəli dəyərləndirməli, mütəmadi olaraq test tapşırıqları işləməli və sınaq imtahanlarında buraxdıqları səhvləri təkrar nəzərdən keçirməlidirlər. Qeydlər aparmaq və həmin qeydləri mütəmadi təkrarlamaq da yüksək nəticə əldə etmək baxımından çox önəmlidir.

Hesab edirəm ki, əzm, planlı hazırlıq və davamlı çalışma yüksək nəticənin əsas açarlarından biridir".

Rusiyada azərbaycanlılara hücum başladı- Kreml Bakıya diş qıcayır
Son xəbərlərDaha çox