Azedu.az

1 ballıq fərqlə həyatını dəyişən "usta müəllim" - "Peşəmin adını deyəndə hamı təəccüblənir" - MÜSAHİBƏ

Müsahibə və reportajlar

Hadisə

16 İyul 2026, 17:39
1 ballıq fərqlə həyatını dəyişən "usta müəllim" - "Peşəmin adını deyəndə hamı təəccüblənir" - MÜSAHİBƏ

Bir ballıq fərqlə itirdiyi müəllim vakansiyası onun həyatında yeni bir yolun başlanğıcı oldu. Bu gün isə Hacıyeva Dürdanə Zakir qızı peşə təhsilində yüzlərlə gəncin gələcəyinə istiqamət verən istehsalat təlim ustası kimi fəaliyyət göstərir.

Texnologiya müəllimliyindən qənnadçılıq sahəsinə uzanan peşə yolu, məcburi köçkün ailəsində keçən uşaqlıq illəri, tələbələrinin uğurları və peşə təhsilinin yaratdığı imkanlar onun həyat hekayəsinin əsas məqamlarını təşkil edir.

Dürdanə Hacıyeva 2008-2012-ci illərdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər istiqaməti üzrə Peşə təlimi ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 2015-ci ildə Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbində texnologiya müəllimi kimi başlayan müsahibimiz, 2020-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlim ustası kimi çalışır.

O, qənnadçı və şirniyyatçı ixtisasları üzrə tələbələrin peşəkar hazırlığında iştirak edir, müxtəlif beynəlxalq təlim proqramlarında və ustad dərslərində əldə etdiyi bilikləri gənclərlə bölüşür. Tələbələrinin kulinariya çempionatlarında qazandığı uğurlar, məzunlarının öz bizneslərini qurması və əmək bazarında uğurla fəaliyyət göstərməsi isə onun pedaqoji fəaliyyətinin ən mühüm nəticələrindəndir.

Müsahibəni təqdim edirik:

AzEdu.az-ın müsahibi olan Dürdanə Hacıyeva peşə təhsilinə gəlməsinin hekayəsindən, "usta xanım" olmağın məsuliyyətindən, Böyük Qayıdış proqramı çərçivəsindəki fəaliyyətindən və gənclərə tövsiyələrindən danışıb.

 -Fizika və texniki fənlər istiqaməti üzrə təhsil alsanız da, sonradan qənnadçılıq sahəsində istehsalat təlim ustası kimi fəaliyyət göstərməyə başladınız. Bu seçim necə yarandı?

- İxtisasım peşə təlimi olub. Bu ixtisas 2011-ci ilə qədər həmin adla mövcud idi, daha sonra "texnologiya" ixtisası adlandırıldı. 2015-2020-ci illərdə orta məktəbdə texnologiya və rəsmxət fənlərini tədris etmişəm. Sonra MİQ imtahanında iştirak etdim və 60 mümkün baldan 51 bal topladım.

Pandemiya dövrü idi və kursların fəaliyyət göstərmədiyi bir vaxtda bu nəticəni əldə etməyimi yaxşı göstərici hesab edirəm. Lakin məndən cəmi 1 bal yüksək nəticə göstərən namizəd işlədiyim məktəbdəki vakansiyanı qazandı. Yaxın ərazilərdə də uyğun vakansiya olmadığından peşə məktəbinə müraciət etdim. Şirniyyat sahəsinə marağım da var idi. Vakansiya mənə uyğun gəldi. İmtahan və müsahibə mərhələlərini uğurla keçərək fəaliyyətə başladım. İndi düşünürəm ki, yaxşı ki bu yolu seçmişəm.

Orta məktəblə peşə təhsili arasında hansı əsas fərqləri görürsünüz?

186793

- Orta məktəbdə tədris əsasən nəzəri biliklər üzərində qurulurdu, praktiki məşğələlər isə məhdud idi. Peşə təhsilində isə nəzəri biliklə yanaşı, praktik bacarıqların formalaşdırılmasına xüsusi önəm verilir. Tələbələr həm təhsil müəssisəsində praktiki məşğələlərdə iştirak edir, həm də müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçirlər. Bu, onlara öyrəndikləri peşəni real iş mühitində mənimsəməyə imkan yaradır. Peşə təhsili əmək bazarının tələblərinə daha çevik uyğunlaşır və bu gün ən sürətlə inkişaf edən təhsil istiqamətlərindən biri hesab olunur.

Şagirdlərlə görüşlərdə peşə təhsili haqqında hansı mesajları verirsiniz?

- Orta məktəbdə tədris əsasən nəzəri biliklər üzərində qurulurdu, praktiki məşğələlər isə məhdud idi. Peşə təhsilində isə nəzəri biliklə yanaşı, praktik bacarıqların formalaşdırılmasına xüsusi önəm verilir. Tələbələr həm təhsil müəssisəsində praktiki məşğələlərdə iştirak edir, həm də müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçirlər. Bu, onlara öyrəndikləri peşəni real iş mühitində mənimsəməyə imkan yaradır. Peşə təhsili əmək bazarının tələblərinə daha çevik uyğunlaşır və bu gün ən sürətlə inkişaf edən təhsil istiqamətlərindən biri hesab olunur.

- Peşə təhsilinə gəlmək həyatınızı necə dəyişdi?

- Açığı, əvvəllər peşə təhsilinin bu qədər üstünlüklərə malik olduğunu bilmirdim. Orta məktəbdə işləyərkən bir ballıq fərqlə vakansiyanı itirdim və yeni iş imkanları axtarmağa başladım.

Qarşıma peşə təhsili çıxdı. İxtisasım da bu sahəyə uyğun olduğuna görə müraciət etdim. İşlədikcə və təcrübə qazandıqca gördüm ki, düzgün seçim etmişəm. Peşə təhsilində çalışdığıma görə çox məmnunam.

Texnologiya müəllimliyindən peşə təhsilinə keçid sizə hansı yenilikləri və çətinlikləri gətirdi?

- Bu keçid mənə ilk növbədə öz üzərimdə daha çox işləməyi öyrətdi. Tələbələrə daha keyfiyyətli təhsil vermək üçün daim yeni biliklər əldə etməyə çalışdım. Məktəb tərəfindən müxtəlif təlimlərə, festivallara və çempionatlara göndərildim. Bunların hamısı mənim üçün böyük təcrübə oldu.

Çətinliklər də az olmadı. Orta məktəbdə proqram və dərs mövzularını keçmək kifayət edirdi. Peşə təhsilində isə tələbələri peşəyə tam hazırlamaq üçün daha çox məsuliyyət daşıyırsan. Daim özünü inkişaf etdirməli, tədbirlərdə və yarışlarda fəal iştirak etməlisən. Vaxt keçdikcə buna alışdım və indi hər işi mümkün qədər dəqiq, məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirməyə çalışıram.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlimi ustası kimi fəaliyyətinizdə əsas məqsədləriniz nələr idi?

 - Əsas məqsədim tələbələrimin peşələrini yüksək səviyyədə mənimsəməsinə nail olmaqdır. Çalışıram ki, hər bir tələbənin suallarını cavablandıra bilim, onların ehtiyaclarını nəzərə alım. Mənim üçün təkcə müəllim olmaq yox, lazım gəldikdə tələbələrin güvənə biləcəyi bir insan olmaq da önəmlidir.

 - Adətən "usta" sözü daha çox kişilərlə əlaqələndirilir. Siz bu yanaşma ilə tez-tez qarşılaşırsınız?

186791

- Bəli, çox rastlaşıram. Harada işlədiyimi soruşanda "istehsalat təlimi ustasıyam" deyəndə insanlar təəccüblənirlər. Sonra izah edirəm ki, bu vəzifə müəyyən mənada qrup rəhbərliyini də əhatə edir. Belə izah edəndə daha rahat başa düşürlər.

Ailəniz və ətrafınızdakı insanlar buna necə reaksiya veriblər? "Usta xanım" anlayışını necə formalaşdırmağa çalışırsınız?

- İlk vaxtlar onlar üçün də qəribə idi. Amma zaman keçdikcə öyrəşdilər və artıq istehsalat təlimi ustasının nə iş gördüyünü bilirlər. Kənar insanlara isə bəzən daha rahat başa düşmələri üçün "qrup rəhbəri" kimi izah etməyə məcbur oluram. Halbuki peşə təhsilində bu iki vəzifə fərqlidir.

- Sizcə, qadınlar da bu sahədə uğurlu usta ola bilərlər?

- Əlbəttə. Hətta xarici televiziyalarda inşaat, memarlıq, dülgərlik kimi sahələrdə çalışan qadınları görəndə çox sevinirəm. Qadının da hər bir peşəni uğurla yerinə yetirmək bacarığı var. Sadəcə, bizdə buna münasibət hələ tam formalaşmayıb. Məncə, insan sevdiyi peşə ilə məşğul olmalıdır. Qadın da istədiyi sahədə öz sözünü deyə bilər.

Qeydiyyat zamanı peşə seçimi ilə bağlı valideynlərə və gənclərə hansı tövsiyələri verirsiniz?

- İlk növbədə gəncin hansı peşəyə marağı olduğunu soruşuruq. Bəzən valideyn övladının aşpaz olmasını istəyir, amma uşaq elektrik olmaq arzusundadır. Valideynlər bəzən öz seçimlərini qəbul etdirməyə çalışırlar. Halbuki insan sevdiyi peşə ilə məşğul olsa, həm daha uğurlu olur, həm də işini yarımçıq qoymur. Öz seçimi ilə gələn tələbələr təhsili də uğurla başa vururlar.

Böyük Qayıdış proqramı çərçivəsində təşkil olunan qısamüddətli peşə hazırlığı kurslarında çalışmaq sizə nə qazandırdı?

- Mən özüm Kəlbəcərdənəm. Qəbələdə də çoxlu Kəlbəcər sakinləri yaşayır. Bu layihədə işləmək mənim üçün xüsusi mənəvi dəyər daşıyırdı. İstəyirdim ki, Kəlbəcərə, Şuşaya, Laçına və digər doğma yurdlarına qayıdacaq insanlar bir peşəyə sahib olsunlar. Hər birinin əlində bir sənət olsun ki, qayıtdıqdan sonra işləyə, yeni müəssisələr yarada, ölkənin inkişafına töhfə verə bilsinlər.

Bu məqsədlə çox çalışdıq. Demək olar ki, Qəbələdə yaşayan köçkün ailələrinin peşə təhsilinə cəlb olunması üçün böyük əmək sərf etmişik. Qeydiyyat prosesində, elanların çatdırılmasında və insanların kurslara cəlb edilməsində fəal iştirak etmişəm. Mənim üçün ən böyük sevinc odur ki, insanlar savadsız qalmasın, hər kəs bir peşə sahibi olsun.

Keçmiş məcburi köçkün ailəsində böyüməyiniz müəllim kimi fəaliyyətinizə və tələbələrlə münasibətinizə necə təsir edib? Həmin dövrü xatırlayırsınız?

- Mən Kəlbəcərdən çıxanda təxminən üç yaşım var idi. Əvvəl Bərdədə, sonra isə Sumqayıtda məskunlaşdıq. Uşaqlıq illərimin bir hissəsini artıq Sumqayıtda yaşamışam və o çətinlikləri yaxşı xatırlayıram. Məskunlaşdığımız doqquzmərtəbəli binanın yalnız beton konstruksiyası var idi.

Qapı, pəncərə yox idi, yağış yağanda damırdı. Çox ağır şəraitdə böyümüşük. Atam Kəlbəcərdə imkanlı həyat yaşayırdı, amma köçəndən sonra uzun müddət iş tapa bilmədi, günəmuzd fəhlə işləyirdi. Ailədə dörd uşaq idik. Elə günlər olurdu ki, qazandığı cəmi 5 manatdan iki bacıma yolpulu verir, bir manat da özünə saxlayırdı. Belə çətinliklər içində böyümüşük.

Buna baxmayaraq təhsilinizi davam etdirmisiniz.

- Bəli. Mən də, bacılarım da, qardaşım da təhsil aldıq. Orta məktəbi əla qiymətlərlə bitirdim, sonra ali məktəbə qəbul oldum. Daha sonra müəllim kimi fəaliyyətə başladım və bu seçimimdən heç vaxt peşman olmamışam.

Müəllim kimi fəaliyyətinizdə sizi ən çox sevindirən məqam nədir?

186797

- Artıq peşə təhsilində altıncı qrupumu məzun etmişəm. Tələbələrimə qarşı həm humanist, həm də tələbkar olmağa çalışıram.

Bu yaxınlarda məzun olan tələbələrimdən biri mənə dedi ki, "Hamı deyirdi Dürdanə müəllim çox tələbkardır. Amma sonradan başa düşdük ki, siz tələbkar olmasaydınız, biz nümunəvi qrup və əlaçı tələbələr ola bilməzdik". Bu sözlər mənim üçün ən böyük mükafatdır.

Qənnadçılıq sahəsində daim yenilənən trendləri izləmək və özünüzü inkişaf etdirmək üçün nələr edirsiniz?

- Daim sosial şəbəkələri izləyirəm, kulinariya yarışlarına baxıram, televiziya proqramlarını izləyirəm. Hər gün yeni şirniyyat növləri, yeni dekorasiya üsulları ortaya çıxır. Mən də bunları öyrənməyə çalışıram.

Hesab edirəm ki, öyrənmək üçün heç vaxt gec deyil. Şirniyyatın ilk diqqət çəkən tərəfi onun görünüşü və dekorasiyasıdır. Buna görə də bu istiqamətdə özümü daim inkişaf etdirirəm ki, tələbələrimə də yeni biliklər ötürə bilim.

- Tələbələrinizin "CASA" Kulinariya Çempionatında qazandığı uğurun sirri nə idi?

- Biz həmin çempionatda Qəbələnin məşhur "Üçqulaq" paxlavası ilə iştirak etdik və birinci yerə layiq görüldük. Məqsədimiz Qəbələni özünəməxsus məhsulu ilə təmsil etmək idi. Digər komandalar türk paxlavası, sini paxlavası, şəkərbura, qoğal kimi nümunələr təqdim etmişdilər. Amma Qəbələyə məxsus "Üçqulaq" yalnız bizdə idi. Ən vacib məqam həmin paxlavanın dadını və hazırlanmasının incəliklərini düzgün təqdim etmək idi. Bunun üzərində çox çalışdıq və nəticədə birinci yeri qazandıq.

Türkiyəli ekspertlərlə keçirilən təlimlərdə iştirak etmisiniz. Türkiyə ilə Azərbaycanın peşə təhsili sistemləri arasında hansı fərqləri müşahidə etdiniz?

- Əslində, iki sistem arasında böyük fərq yoxdur. Əsas fərq təcrübə mərhələsindədir. Türkiyədə tələbə özü işləyəcəyi müəssisəni tapır, həmin müəssisəni peşə məktəbinə bildirir və həm dərsini, həm də istehsalat təcrübəsini orada keçir. Bizdə isə sistem bir qədər fərqlidir. Əvvəl tələbələrə məktəbdə nəzəri və praktiki biliklər verilir, daha sonra isə təcrübə keçəcəkləri müəssisələr məktəb tərəfindən müəyyənləşdirilir.

Mən iaşə sahəsində çalışdığım üçün hansı müəssisələrin inkişaf üçün daha əlverişli olduğunu bilirəm və çalışıram ki, tələbələrimizi ən yaxşı təcrübə yerlərinə yönləndirək. Məsələn, Qəbələdə fəaliyyət göstərən "Qafqaz" otellərinə göndərilən tələbələrimiz çox yaxşı təcrübə qazanırlar. Onların bir çoxu təcrübə müddətində iş təklifi də alır.

Başqa hansı fərqlər diqqətinizi çəkdi?

- Otelçilik, mehmanxana və iaşə sahələrində tədris demək olar ki, eynidir. Sadəcə Türkiyədə lisey sistemi var və qəbul 8-ci sinifdən başlayır. Bizdə isə peşə təhsilinə qəbul 9 və 11-ci sinif bazasında aparılır. Bunun xaricində ciddi fərqlər yoxdur.

Məzunlarınız arasında öz biznesini quranlar varmı?

- Bəli, demək olar ki, hər il belə məzunlarımız olur. Bu il məzun olan tələbələrimdən biri öz şirniyyat sexini açıb. Bir neçəsi ev şəraitində fərdi sifarişlə şirniyyat hazırlayır. Digərləri isə "Qafqaz" otelində və Tufandağ kompleksində təcrübə zamanı iş təklifi alaraq fəaliyyətə başlayıblar.Bizim üçün bundan böyük sevinc ola bilməz. Müəssisələr də belə tələbələri işə götürməkdə maraqlıdırlar. Çünki onları özləri yetişdirirlər və vakansiya yarananda artıq bacarıqlı tələbəni birbaşa işə qəbul edirlər.

Məzunlarınızı iş yerlərində görəndə hansı hissləri keçirirsiniz?

- Çox qürur duyuruq. Qəbələdə hansı restoran, otel və ya əyləncə mərkəzinə gediriksə, qarşımıza tələbələrimiz çıxır. Onların peşəkar kimi çalışdığını görmək müəllim üçün ən böyük xoşbəxtlikdir.

Qənnadçı peşəsinə hazırda əmək bazarında tələbat necədir?

- Bu sahəyə tələbat çox yüksəkdir. Restoranlarda, otellərdə, əyləncə mərkəzlərində şirniyyat və desert ustalarına hər zaman ehtiyac var. Ümumiyyətlə, peşə təhsilində ən çox tələb olunan ixtisaslar qənnadçılıq, aşpazlıq, turizm və iaşə sahələridir. Bu istiqamətlərə maraq ildən-ilə artır.Bu peşənin üstünlüyü ondadır ki, insan istəsə müəssisədə işləyə bilər, istəsə də evdən fəaliyyət göstərərək öz biznesini qura bilər.

Məzunların məşğulluğunun təmin olunması istiqamətində hansı imkanlar yaradılırdı?

- Məktəbimizin Məşğulluq Agentliyi ilə əməkdaşlığı var idi. Məzunlarımız peşələrini bitirdikdən sonra 6 min manat dəyərində peşə avadanlıqları ilə təmin olunurdular. Bunlar restoran və iri iaşə müəssisələrində istifadə olunan peşəkar avadanlıqlardır.

Bir çox məzunumuz həmin avadanlıqlarla Qəbələdə öz kiçik biznesini qurub. Bəziləri isə evlərinin bir otağını emalatxanaya çevirərək fəaliyyət göstərirlər. Sosial şəbəkələr vasitəsilə sifariş qəbul edir, öz müştəri bazalarını formalaşdırırlar. Bu da peşə təhsilinin məzunlara verdiyi ən böyük üstünlüklərdən biridir.

Sizcə, peşə təhsilinə marağın daha da artırılması üçün hansı addımlar atılmalıdır?

- Son illər bu istiqamətdə çox ciddi işlər görülür. Mən də Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial şəbəkələrini izləyirəm, televiziya proqramlarında peşə təhsili ilə bağlı verilişləri izləyirəm. Görürəm ki, peşə təhsili əvvəlki illərlə müqayisədə daha çox gündəmə gətirilir və geniş təbliğ olunur. Yeni ixtisaslar yaradılır, əmək bazarının tələblərinə uyğun dəyişikliklər edilir. Hesab edirəm ki, bu istiqamətdə işlər davam etsə, peşə təhsilinə maraq daha da artacaq.

Mənim Almaniyada və Polşada yaşayan tanışlarım var. Onlar deyirlər ki, kaş uzun illər ali təhsil almaq əvəzinə əvvəlcə peşə təhsili alardıq. Bu da göstərir ki, peşə sahibi olmaq əmək bazarında çox böyük üstünlük yaradır.

Biz də peşə təhsili müəssisəsinin əməkdaşları olaraq harada imkan yaranırsa, peşə təhsilinin üstünlüklərini insanlara izah etməyə çalışırıq. Məktəblərdə, müxtəlif tədbirlərdə, hətta gündəlik söhbətlərdə belə bu barədə danışırıq. Məqsədimiz insanlara göstərməkdir ki, peşə təhsili bugünkü əmək bazarının tələblərinə cavab verən müasir təhsil istiqamətidir.

Qənnadçılıq ixtisasını seçmək istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Qənnadçılıq çox perspektivli və maraqlı ixtisasdır. Bu sahədə həm fərdi biznes qurmaq, həm də müxtəlif müəssisələrdə işləmək mümkündür. Ən vacibi isə odur ki, bu peşəyə tələbat heç vaxt azalmır. Əgər insanın marağı və həvəsi varsa, bu sahədə mütləq uğur qazana bilər.

- Qarşıdakı illər üçün əsas hədəfləriniz nələrdir?

186790

- Mənim ən böyük məqsədim öyrənməkdən heç vaxt geri qalmamaqdır. İstəyirəm ki, bütün təlimlərdə iştirak edim, yeni biliklər əldə edim və bunları tələbələrimə ötürüm.

Onların uğur qazanması mənim üçün ən böyük motivasiyadır. Çünki tələbə uğur əldə etdikcə özünəinamı artır, daha çox çalışır və peşəsinə daha böyük həvəslə yanaşır. 

Rusiyada azərbaycanlılara hücum başladı- Kreml Bakıya diş qıcayır
Son xəbərlərDaha çox