Alimlər Hind okeanının əvvəllər geniş şəkildə araşdırılmamış dərinliklərində 149 yeni dəniz canlısı növü aşkarlayıblar.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki,t ədqiqat Avstraliyanın Milad adası və Kokos (Kiling) adaları yaxınlığındakı sualtı dağlarda aparılıb.
Beynəlxalq tədqiqat qrupu 2021 və 2022-ci illərdə “RV Investigator” tədqiqat gəmisindən istifadə etməklə 22 sualtı dağı araşdırıb. Ekspedisiya zamanı dənizin 94 metrdən 5 431 metrədək dərinliklərində nümunələr toplanıb və 1000-dən çox canlı qrupunun izləri qeydə alınıb.
Aşkarlanan yeni növlər arasında dəniz xiyarları, balıqlar, qurdlar, mərcanlar və parazit xərçəngkimilər var. Tədqiqatçıların diqqətini çəkən canlılardan biri üzərinə başqa dəniz orqanizmlərini “şapka” kimi yerləşdirən süngər xərçəngidir. Alimlər həmçinin çox böyük dərinlikdə yaşayan şəffaf qurd növü aşkarlayıblar.
Ekspedisiya zamanı alimlər daha bir maraqlı kəşflə qarşılaşıblar. “Shark Tooth Graveyard” adlandırılan ərazidə təxminən 1000 köpəkbalığı dişi tapılıb. Dişlərin 22 milyon ildən çox müddəti əhatə edən təkamül tarixinin izlərini daşıdığı müəyyənləşdirilib. Tədqiqatçılar yeni növlərin sayının əslində daha çox ola biləcəyini düşünürlər, çünki dəniz dibinin bəzi yaşayış mühitləri hələ kifayət qədər araşdırılmayıb.