Harvard Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu Yerdən təxminən 50 işıq ili uzaqlıqda yerləşən LHS 1140 b ekzoplanetində atmosfer aşkar edib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Science jurnalında dərc olunan araşdırmaya görə, bu, başqa bir ulduzun yaşayış üçün əlverişli zonasında yerləşən Yerəbənzər qayalı planetdə atmosferin ilk dəfə müəyyən edilməsi kimi qiymətləndirilir.
Məlumata görə, indiyədək Günəş sistemindən kənardakı planetlərin atmosferi ilə bağlı tədqiqatlar əsasən Yupiter tipli iri və isti qaz nəhəngləri üzərində aparılırdı. Yeni araşdırma isə yaşayış üçün əlverişli zonada yerləşən qayalı planetin atmosferə malik olduğunu göstərib.
Alimlərin bildirdiyinə görə, LHS 1140 b Yerin kütləsindən təxminən beş dəfə böyük, radiusu isə 1,7 dəfə genişdir. Planet maye suyun mövcud ola biləcəyi yaşayış üçün əlverişli zonada yerləşən soyuq qırmızı cırtdan ulduzun ətrafında dövr edir.
Tədqiqat zamanı kompüter modellərindən istifadə olunaraq müəyyən edilib ki, planet zamanla hidrogenini itirsə də, heliumunu qoruyub saxlayıb. Nəticədə onun əsasən heliumdan ibarət atmosferə malik olduğu qənaətinə gəlinib.
Araşdırma müəllifləri bildiriblər ki, qırmızı cırtdan ulduzların güclü rentgen və ultrabənövşəyi şüalanmasına baxmayaraq, LHS 1140 b atmosferini təxminən 3 milyard il ərzində qoruyub saxlaya bilib.
Mütəxəssislərin fikrincə, əldə olunan nəticələr yaşayış üçün əlverişli planetlərin xüsusiyyətlərinin araşdırılması və Yer kürəsindən kənarda həyatın mümkünlüyünün öyrənilməsi istiqamətində yeni imkanlar açır.